Elçin İsmayıl oğlu Şıxlı () — "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri.

Həyatı Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir. 1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir.Elçin Şıxlının bioqrafiyası — www.adam.az

1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir.

Fəaliyyəti 1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur. 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V. İ. Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur. 1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azərbaycan Kommunisti" — "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışmıdır. 1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışmışdır. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olmuşdur. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edib.

Şəxsi həyatı Evlidir. İki övladı var. Yazıçı İsmayıl Şıxlının oğludur.

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. O, açıqlamasında qeyd etmişdir ki, səs vermək üçün "İlham Əliyevdən başqa adam yoxdur".

Filmoqrafiya Dəli Kür (1969) Mənə inanın! (2007) Cavabsız sual (2017)

İstinadlar

Xarici keçidlər "Məğlub olsam da, səhv etməmişdim" — 60 yaşlı Elçin Şıxlı

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Dillər Universitetinin məzunları Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin sədrləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycan yazıçıları