Elmi-texniki inqilab — elm və texnikanın sürətli inkişafı nəticəsində istehsal gücünün köklü və keyfiyyətli şəkildə, birdən-birə artması prosesi.
Elmi-texniki inqilab — ictimai istehsalın inkişafında elmin mühüm amilə çevrilməsi əsasında məhsuldar qüvvələrdə baş verən köklü keyfiyyət dəyişikliyi, bilavasitə məhsuldar qüvvə kimi ictimai inkişafın həlledici amilinə çevrilməsi ilə əlaqədar elmin, texnikanın, istehsal texnologiyasının, eləcə də insanların bütün həyat tərzinin əsaslı dəyişməsi (transformasiyası). Elmi-texniki inqilab elmi-texniki tərəqqinin ən yeni mərhələsi sayılır, başlanğıcı, adətən, 20 əsrin ortalarına aid edilir. Elmi-texniki inqilab, həmçinin elm və texnikanın inkişafında əsaslı keyfiyyət dəyişikliyi, dərin sıçrayışdır.
Elmi-texniki inqilabın ilkin elmi-texniki və sosial şərtləri var. Onun hazırlanmasında ilk növbədə 19-cu əsrin sonu — 20-ci əsrin əvvəllərində dəqiq və təbiyyat elmləri üzrə nailiyyətlərin (elektronun, radioaktivlik hadisəsinin, kimyəvi elementlərin çevrilməsinin kəşfi, nisbilik və kvant nəzəriyyəsinin meydana gəlməsi) mühüm rolu olmuşdur. Elmlə texnikanın qarşılıqlı əlaqə formaları üç dövrə ayrılır:
a) birinci dövrdə (təqr. 18-ci əsrə qədər) elm və texnika insan fəaliyyətinin iki fərqli və müstəqil sahəsi kimi təzahür etmiş, aralarındakı əlaqəsi zəif olmuş, elmin istehsala tətbiqi təsadüfi və qeyri-müntəzəm xarakter daşımışdır. Bu dövrdə elm texnikadan geri qalır və nailiyyətləri izah etməkdə ləngiyirdi. Texniki ixtiralar alimlərə deyil, istehsalçılara məxsus idi;
b) ikinci dövrdə (təqr. 20-ci əsrin 40-cı illərinə qədər) elmin və texnikanın inkişaf səviyyələri bərabərləşir, elm texnikanın tələbatı ilə daha çox hesablaşır və onun "sifarişi" əsasında çalışmağa başlayır, bu zaman onlar bir-birinə daha çox ehtiyac hiss edir;
c) üçüncü dövrdə, 20-ci əsrin 40-cı illərindən başlayaraq texniki tərəqqi elmin inkişafından geridə qalır, "elm-texnika" sistemi yüksələrək "elm-texnika-istehsal-insan" sisteminə çevrilir. 1940-cı illərdə elm atom nüvəsinin parçalanması problemini həll etmiş, bəşəriyyət atom enerjisinə malik olmuşdur. Kibernetikanın və avtomatlaşdırılmış hesablama vasitələrinin (kompüterlərin) yaradılması superkompüterlər vasitəsilə iri həcmdə informasiya massivlərinin avtomatik saxlanılması və emalına imkan verən mikroelektronikanın sürətli inkişafına təkan vermişdir. İstehsalın, idarəetmənin və informasiya proseslərinin kompleks avtomatlaşdırılması, yeni növ enerjilərin kəşfi və istifadə olunması, lazımi xassəli materialların (nanotexnologiya, nanomateriallar, nanoelektronika) yaradılması, biotexnologiyalar Elmi-texniki inqilabın həyata keçirilməsində mühüm rol oynamışdır. Atom enerjisinin tədqiqi, sonrakı dövrlərdə kosmosun fəthi elm və istehsalı qovuşduran iri dövlət layihələrinin icrası, nəhəng elmi-istehsalat komplekslərinin yaradılması ilə nəticələndi.
Elmi-texniki inqilab fasiləsiz davam edən, təkmilləşən, bəşər sivilizasiyasını daim müşayiət edən bir prosesdir. Elmi-texniki inqilab (ETİ) elmi-texniki tərəqqinin (ETT) xüsusi mərhələsidir. Bu dövrdə elm və texnikanın inkişafında keyfiyyət cəhətdən sıçrayış baş verir və cəmiyyətin məhsuldar qüvvələrində əsaslı dəyişikliklər yaranır. ETİ-nin başlıca və həlledici əlaməti elmin son dərəcə yüksək inkişafı və onun bilavasitə məhsuldar qüvvəyə çevrilməsidir.
ETİ-nin səciyyəvi əlamətləri bunlardır: universallıq və əhatəlik, sürətlilik, istehsal prosesində insanın rolunun dəyişməsi, elmin istehsal prosesinin tərkib hissəsinə çevrilməsi.
ETT-nin və onun nailiyyətlərinin istehsalatda tətbiq olunmasının, inkişafının sürətlənməsini həvəsləndirən çox mühüm səbəblərindən biri müharibədən sonrakı yeni beynəlxalq və daxili rəqabət şəraitində istehsalın mənfəətinin dönməz yüksəlişini təmin etmək olmuşdur. "Soyuq müharibə" dövründə ABŞ və SSRİ-nin imperiya ambisiyalarının və hərbi blokların uzunmüddətli qarşıdurmasının da böyük rolu olmuşdur. Onlar yeni növ kütləvi qırğın silahları yaratmağa və onları təkmilləşdirməyə diqqəti artırmışdılar. Rəqabət və yarış kosmosa keçirilmişdi. Kapitalist ölkələrindən fərqli olaraq SSRİ ETİ-nin nailiyyətlərini daha çox hərbi sahədə tətbiq etmişdi.
ETİ nəticəsində təbiətşünaslıq elmləri sırasında biologiyanın yeri yüksəlmişdir. Biotexnologiyanın yüksəlişi sayəsində gen mühəndisliyi inkişaf etmişdir. ETİ kosmosun fəth edilməsinin gerçəkləşməsinə imkan vermişdir. Bu da ölkələrarası əlaqələr üçün geniş imkanlar yaratmışdır. ETİ kapitalizm cəmiyyətinin sosial strukturunda köklü dəyişiklər yaratdı. Siniflər və sosial təbəqələr arasında sədlər demək olar ki, silindi.
ETİ-nin müsbət keyfiyyətləri ilə yanaşı, çox mənfi nəticələri də vardır. Amerika futuroloqları D. Neysbit və R. Eburden göstərirlər ki, "texnologiyalar inkişaf etdikcə biz ümid edirik ki, bütün problemlərimizi həll edirik. Lakin bununla biz özümüzü tələyə salırıq".
ETİ bəşəriyyəti məhv olmaq təhlükəsi qarşısında qoyan dəhşətli kütləvi qırğın silahlarının yaradılmasına, psixoloji, əsəb və digər infeksion xəstəliklərin yayılmasına səbəb olmuşdur. ETİ-nin nəticəsində şəhər əhalisi ilə kənd əhalisi arasında nisbət kəskin surətdə dəyişmiş, urbanizasiya (şəhərləşmə) artmışdır. O, bir sıra qlobal problemlər (müharibə təhlükəsi, ekoloji terror, ərzaq çatışmazlığı və b.) yaratmışdır.
ETİ kapitalizm cəmiyyətinin sosial məzmun və mahiyyətində, sosial strukturunda, ideya və nəzəriyyələrində dəyişikliklər yaratdı. Qərb alimləri "dövlət kapitalizmi", "ümumi xeyirxah dövlət", "postsənaye cəmiyyəti" nəzəriyyələrini irəli sürdülər.
Dəyişmiş kapitalizmin ən mühüm cəhətlərindən biri liberalizm, sosial-demokratiya və mühafizəkarlıq ideyaları arasında çuğlaşmanın baş verməsidir. Postsənaye cəmiyyətləri bərqərar olmuş ölkələrdə ideyaca müxtəlif istiqamətli cərəyanlar arasında geniş razılıq əldə olunmuşdu. Bu keyfiyyətlər tam şəkildə sosializmin Skandinaviya modelinin həyata keçirildiyi Danimarka, Norveç və İsveçdə özünü göstərməkdədir.
Avropa sosial-demokratiyası Qərb və Şərq arasında gərginliyin aradan götürülməsinə nail olunmasında, Helsinki prosesinin genişləndirilməsində mühüm rol oynamışdır. Əksinə, sosializm ideyalarına əsaslanan iqtisadiyyat yeni şəraitə uyğunlaşmadığına görə XX əsrin 80-ci illərində böhran qarşısında qalaraq vəziyyətdən çıxış yolu tapa bilməmişdir. Bu da SSRİ-nin və dünya sosializm sisteminin dağılması ilə nəticələnmişdi.
Müasir fəlsəfədə və sosiologiyada Elmi-texniki inqilab iki baxımdan qiymətləndirilir — nikbin (Elmi-texniki inqilab insan sivilizasiyasının inkişafını təmin edən qanunauyğun mərhələ kimi təsvir edilir) və bədbin (diqqət texniki inkişafın mənfi nəticələrinə — ekoloji fəlakətlərə, nüvə təhlükəsinə, texnikanın insan orqanizminə və psixikasına mənfi təsirinə və s. cəlb edilir).
Sonradan əsaslandırılan sosioloji nəzəriyyələrində Elmi-texniki inqilab sənaye cəmiyyətindən informasiya və xidmət sferasının üstünlük təşkil etdiyi, kütləvi siyasətdə və idarəçilikdə elmi elitanın aparıcı rol oynadığı postindustrial cəmiyyətə keçidlə əlaqələndirilmişdir.
İstinadlar
Mənbə Научный коммунизм: Словарь (1983) — Научно-техническая революция
Kateqoriya:İstehsalat Kateqoriya:Təkamül Kateqoriya:Elm Kateqoriya:Postsənaye cəmiyyəti