Əbdülkərim Müsəvi Ərdəbili () — İran siyasətçisi və ayətullah.

Uşaqlıq dövrü Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili hicri-qəməri 1344-cü il (mil.1926) rəcəb ayının 13-ü səhər vaxtı, Əmirəl-mömininin milad günündə Ərdəbil şəhərində yoxsul bir ruhani ailəsində dünyaya göz açdı. Onun babaları Azərbaycanın Ordubad rayonundan Ərdəbilə köçmüşdülər. Atası böyük ruhani mərhum Seyid Əbdürrəhim, anası təqvalı xanım, mərhumə Seyid Xədicə olmuşdur. Onların həmin vaxtadək səkkiz qız övladı vardı. Ailənin son övladı və yeganə oğlu olan ustad hicri qəməri 1346-cı ildə 2 yaşında ikən (qarın yatalağı xəstəliyinə yoluxmuş) anasını itirmiş və bacılarının qayğısı ilə böyümüşdür.

Ustadın uşaqlıq dövrü ilə bağlı xatirələrindən biri onun həmin yaşlarda gördüyü bir yuxudur. Özü bu barədə belə buyurur: "Uşaq vaxtlarımda İmam Mehdinin ziyarətinə çox müştaq idim. İmamla görüş üçün kitablarda tövsiyə olunan bütün əməlləri yerinə yetirirdim. Çalışırdım ki, hətta müstəhəb əməlləri də tərk etməyim. Nəhayət, bir gecə həzrəti yuxuda gördüm. Uşaq atasının ağuşuna sığındığı kimi həzrətin ətəyindən tutdum. Özümü onun mübarək qədəmlərinə yıxdım. Ondan mənə bir şey əta etməsini istədim. O da barmağındakı firuzə üzüyü çıxarıb mənim barmağıma taxtı. Bu yuxunu atama danışanda o mənə belə söylədi: "Bundan sonra sənin üçün heç bir nigarançılığım qalmadı. Çünki İmam Mehdinin lütfü sayəsindəsən."

Ailənin iqtisadi, dini və siyasi durumu

Ustadın təəssübkeş, çox dindar və mö`min ruhani olan atası ailənin hər bir üzvünü imanlı, arif, məzhəbə xidmətçi tərbiyə etmək istəyir, bu yönümdə çox çalışırdı. Həmin dövr İranda Rza Pəhləvinin səltənət günlərinə təsadüf edirdi. Rza Pəhləvi öz ingilis ağalarının istəyi ilə hər gün zorla da olsa, yeni bir siyasət izləyirdi. Bir gün görkəm birliyi adı altında insanların libaslarını, baş geyimlərini dəyişdirdi. Başqa bir gün hicabın aradan qaldırılması ilə bağlı göstəriş verdi. Bir gün gəldi ki, əzadarlıq, rövzə, moizə və xütbə məclislərinə qadağa qoydu. Başqa bir vaxt ruhani libasını qadağan etməklə alimləri və ruhaniləri sıxıntıya saldı.

Azğın şahın bu əməlləri müqabilində bəzi ruhanilər xanənişin olub, gözləmə mövqeyi tutmuş, bəzi ruhanilər libasını çıxarıb başqa bir peşə dalınca getmişdi. O qədər də az olmayan başqa bir qrup müqavimət göstərir, ağır çətinliklərə qatlaşaraq aşkar və gizli mübarizə aparırdı. Mərhum Mirəbdürrəhim bu qəbil şəxslərdən idi.

O, Pəhləvi rejimini azğın, şəriətə zidd, qeyri-qanuni sayırdı. Alimin bu düşüncə tərzi həmin dövrün ictimai-siyasi ab-havası ilə bağlı onun üçün çətinliklər yaratmışdı. Mübariz ruhani ikiqat artıq təzyiqə mə`ruz qalırdı. Bəzən aylarla mənzildə qalır, yalnız gecələr zəruri ehtiyaclar səbəbindən evdən çıxıb, tez də geri qayıdırdı. Həmin dövr o qədər dəhşətli və sıxıntılı idi ki, az bir qisim tanışlar və dostlar istisna olmaqla, kimsə mərhum Mirəbdürrəhimin mənzilinə get-gəl etmirdi. Bu hadisələrin acı nəticələrindən biri də ailənin günbəgün ağırlaşan maddi durumu, yoxsulluğu idi. Belə ki, ailənin bütün üzvləri ardıcıl günləri aclıq içərisində keçirirdilər. Hicri-şəmsi 1320-ci (mil. 1941) ilin şəhrivər ayında müttəfiqlərin İrana hücumu, rusların Azərbaycana daxil olması, Rza Pəhləvinin İrandan qaçması ilə sadə xalq hökumətin sıxıntılarından bir qədər nəfəs dərdi. Əlbəttə ki, İranın ictimai-siyasi durumu ağır vəziyyətdə qalmaqda davam edirdi. Amma ruhanilərə qoyulmuş məhdudiyyətlər yüngülləşmiş, nəticədə bu ailə üçün də gediş-gəliş şəraiti yaranmışdı.

Təhsil və tələbəliyin başlanğıcı

Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili altı yaşında uşaq ikən məktəbxanada təhsilə başlamış, Qur`ani-kərimi öyrənmişdi. Ustad həmin vaxt şər`i hökmlər risaləsi, "Gülüstan", "Tənbihul-ğafilin", "Nisabus-sibyan", "Qolzari-bihar", "Əbvabul-cinan", "Məcalisul- muttəqin", "Tarixi-mu`cəm", "Dürreyi-Nadiri", "Tarixi-Vəssaf", "Hesabi-farsi" və başqa bu kimi kitablar oxuyurdu. Ustad hicri şəmsi 1318-ci (mil. 1939) ildə ərəb dərslərinə başladı. Hicri-şəmsi 1319-cu ildə hövzə dərslərini davam etdirmək üçün Ərdəbildə Molla İbrahim elmi mədrəsəsinə daxil oldu.

Həmin vaxt Ərdəbildə dini elmlər tədris edən üç mədrəsə vardı: Mirzə Əli Əkbər mədrəsəsi, Salehiyyə mədrəsəsi, Molla İbrahim mədrəsəsi. Birinci mədrəsə məktəbə çevrilmiş, ikinci mədrəsə iranlı mühacirlərə sığınacaq üçün verilmişdi. Yalnız Molla İbrahim mədrəsəsində dərslər davam edirdi. Həmin vaxtlar hövzə dərsləri oxumağa maraq yox idi. Bu mədrəsənin cəmi dörd tələbəsi vardı. Bəli, ustad belə bir çətin şəraitdə tələbəliyə başlamış, "Cameül-müqəddimat", "Süyuti", "Cami", "Mutəvvəl", "Haşiyeyi-Molla Abdullah", "Şəmsiyyə", "Məalim", "Şəraye" dərsləri oxumuş, hicri şəmsi 1322-ci ildə həmin mədrəsədə keçirilən dərsləri başa çatdırmışdır.

Müttəfiqlər İrana daxil olduqdan sonra insanlar zalım hökumətin sıxıntılarından azad oldular. Həmin vaxt gənclərin hövzə dərslərinə marağı artdı. Bir çox gənc tələbələr təhsillərini davam etdirmək üçün Molla İbrahim mədrəsəsinə daxil oldular. Bu gənc tələbələrin gəlişi, onların ciddi səyləri ustadın hövzə elmlərinin müqəddimə dərslərini, yə`ni sərf-nəhv, məntiq dərslərini başlamasına səbəb oldu. Ustad təhsillə kifayətlənməyib, Rza xanın 20 illik diktaturasından miras qalmış mə`nəvi boşluğu aradan qaldırmaq üçün moizə məclisləri təşkil edir, xütbələr oxuyur, Ərdəbil əyaləti və ətraf məntəqələrində çıxışlar edirdi.

Quma hicrət

Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili hicri-şəmsi 1322-ci (mil. 1943) il mübarək ramazan ayında müqəddəs Qum şəhərinə hicrət edib, ali təhsilini orada davam etdirmək qərarına gəlir. Ayın axırlarında Ərdəbildən çıxıb, şəban ayının 9-da müqəddəs Qum şəhərinə daxil olur. O, feyziyyənin hücrələrinin birində yerləşir. Qum şəhərində qaldığı üç ildən artıq müddətdə "Lüməteyn", "Rəsail", "Məkasib", "Kifayəteyn", üsul xaric dərsləri, Qur`an təfsiri və fəlsəfə oxuyur. O eyni zamanda "Məalim", "Lüməteyn", "Qəvanin" tədris etməklə məşğul olur. Cənab ustad həmin dövrdə böyük şəxsiyyətlərin hüzurundan faydalanıb elm öyrənir. "Məkasib"in bir miqdarını və "Kifayə"nin 1-ci cildini Ayətullah əl-üzma Seyid Məhəmməd Rza Gülpayiqanidən, "Məkasib"in" bir hissəsini, "Kifayə"nin II cildini, "Meybodinin hidayətinin şərhi"ni Ayətullah əl-üzma Hacı Seyid Əhməd Xansaridən, "Rəsail"i Ayətullah Hacı Şeyx Mürtəza Hairi və Ayətullah Sultanidən, "Mənzumə"ni Ayətullah Hacı Mirza Mehdi Mazandaranidən, "Əsfar"ı Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbaidən öyrənir. Ustad təhsil almaqla yanaşı dini maarifin yayılması ilə məşğul olur, təbliğ günləri İranın müxtəlif məntəqələrində moizə və xütbə məclisləri təşkil edir, öz dini söhbətləri ilə cəmiyyətin mə`nəviyyatını təravətləndirir.

Həmin vaxtlar Qum elmi hövzəsinin işləri mərhum Ayətullah Höccət Kuhkəməri, Seyid Məhəmməd Təqi Xansari, Sədrəddin İsfahaninin öhdəsində idi. Şəhər ruhaniləri ilə bağlı işlərlə Ayətullah Feyz, Ayətullah Kəbir, Ayətullah Ruhani məşğul olurdu. Ayətullah İmam Xomeyni (r), Seyid Məhəmməd Rza Gulpayiqani, Hacı Şeyx Məhəmməd Əli İraqi (Əraki), Seyid Məhəmməd Damad hövzənin 2-ci təbəqə tanınmış ruhanilərindən sayılır, hövzənin ali tədris proqramını tədris edirdilər. Həmin vaxtlar elmi hözənin bə`zi alimləri qərara gəlmişdilər ki, hövzəni canlandırmaq üçün Ayətullah əl-üzma Bürucerdini Quma də`vət etsinlər. Bu alimlərin səyi sayəsində Ayətullah əl-üzma Bürucerdi Quma gəlib tədrisə başladı, onun gəlişi ilə əlaqədar elmi hövzədə əhəmiyyətli bir canlanma yarandı.

Həmin illər yadellilərin İrana hücumu ilə ölkədə, eləcə də müqəddəs Qum şəhərində siyasi vəziyyətdə çaxnaşma yarandı. Digər bir tərəfdən ruslar Azərbaycana daxil olduğu üçün azəri ailələrindən gələn köməklər kəsildi. Azəri tələbələr ciddi maddi çətinliklərlə üzləşdilər. Həmin günlərdə həzrət Ayətullah əl-üzma Seyid Əbülhəsən İsfahani Nəcəf şəhərində dünyasını dəyişdi. Onun ölümü şiə dünyasına, xüsusi ilə İrana ciddi tə`sir göstərdi. İranın həmin dövrdəki hökuməti böyük alimin ölümündən istifadə edərək bir tərəfdən öz müxaliflərini əzmək, digər tərəfdən elmi hövzəni Nəcəfdən Quma köçürməklə ruhanilərin nüfuzu sayəsində siyasi böhrandan çıxmaq məqsədi izləyirdi. Məhəmməd Rza Pəhləvi belə bir istəklə Ayətullah əl-üzma İsfahninin dünyasını dəyişməsi münasibətilə Ayətullah əl- üzma Bürucerdiyə başsağlığı teleqramı göndərdi. Şahın bu işi elmi hövzənin günbəgün artan qüdrətindən danışırdı. Sonralar Pəhləvi rejimi belə bir addımın yanlış olduğunu anlayıb, var gücü ilə ruhaniyyəti nüfuzdan salmağa çalışdı. Amma ruhanilərin və elmi hövzənin məhəbbətini qəlblərdən çıxarmaq mümkün deyildi.

Bir tərəfdən mərhum Ayətullah əl-üzma Bürucerdinin bariz elmi şəxsiyyəti, digər bir tərəfdən həmin dövrdəki hakimiyyətin bitərəflik siyasəti hövzə alimlərinin fəaliyyətlərini daha da gücləndirdi. Hər yerdən alimlər və ruhanilər Quma gəlirdilər. Hövzədə misilsiz bir canlanma vardı. Həmin vaxtlar Nəcəf elmi hövzəsində əvvəlki sakitlik yaranmışdı və həmin hövzə elmlə məşğul olmaq üçün daha münasib sayılırdı. Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili həmin vaxtlar təhsil eşqi ilə aram və münasib mühit axtarışında idi. Bu səbəbdən də Nəcəf elmi hövzəsini münasib sayıb oraya üz tutdu.

Şərif Nəcəf şəhərinə mühacirət

Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili Qum elmi hövzəsindən olan üç alimlə şərif Nəcəf şəhərinə mühacirət etmək qərarına gəlir. Sonradan həmin iki şəxs fikrindən daşınır və böyük ustad mərhum Şeyx Əbülfəzl Halalzadə Ərdəbili ilə hicri-şəmsi 1324-cü (mil. 1945) il aban ayının 16-da, hicri-qəməri 1364-cü il zilhiccə ayının əvvəlində Qumdan Nəcəfə yola düşür. Həmin vaxtlar İraqa qanuni mühacirət imkanları yox idi. Bu qəbil səfərlər çox çətin həyata keçirdi. Müsafirlər naçar qalıb məxfi şəkildə Xurrəmşəhr istiqamətindən avarlı qayıqla Bəsrə ərazisinə daxil ola bilirdilər. Bu yolun çətinlikləri uzun-uzadı, eyni zamanda eşidiləsidir. Onlar Bəsrə, Abbasiyyə və Divaniyyədən keçir, Allahın lütfü ilə çətinliklərə sinə gərib, həmin il zilhiccənin 7-si günortadan sonra şərif Nəcəf şəhərinin Seyid mədrəsəsinə çatırlar. Onların Nəcəfə gəlişi Ərəfə gecəsinə düşür. Hər iki yoldaş müstəhəb müqəddimələri yerinə yetirdikdən sonra Nəcəf elmi hövzəsinin qədim ən`ənələrinə uyğun olaraq gecə vaxtı Kərbəlaya yola düşürlər. İki gün sonra Nəcəfə qayıdır və hövzə təhsilinə başlayırlar. Böyük ustad Nəcəfdə olduğu günləri öz təhsil dövrünün ən üstün günləri sayır. Həmin vaxt Nəcəfdə tələbələr üçün çox sakit bir mühit yaranmışdı. Tələbələrin təhsil, tədris və araşdırmadan əlavə bir işi yox idi. Onlar böyük ustadların dərsində həvəslə iştirak edir, onların elm dəryasından bəhrələnirdilər. Elmi məsələlərin araşdırılmasına olan maraq ustadı bu sahədə çalışmalara sövq etmiş, o, böyük alimlərin dərslərindən bir hissəsini qələmə almışdı.

Nəcəfdə elmi fəaliyyət

Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili şərif Nəcəf şəhərində qaldığı müddətdə fiqh üsulundan "qət və zənn", "bəraət və iştiğal" və bir sıra başqa mövzuları, namaz və onun vaxtı, qiblə və namaz libası, namaz qılınan yer, namazın şərtləri kimi bəhsləri "Məkasibin" sonunadək mərhum Ayətullah əl-üzma Xoyinin hüzurunda təhsil almışdır. Təharət mövzusunu dəstəmazın sonunadək mərhum Ayətullah əl-üzma Həkimdən, ictihad və təqlid mövzusunu mərhum Ayətullah əl-üzma Seyid Əbdülhadi Şirazidən, "Müamilə" kitabının əvvəlini mərhum Ayətullah əl-üzma Milanidən, bu mövzuda başqa bir bölməni mərhum Ayətullah əl-üzma Şeyx Məhəmməd Kazim Şirazidən, "Ürvə"nin bir hissəsini mərhum Ayətullah əl-üzma Şeyx Məhəmməd Kazim Ali-Yasindən, "Mənzumə"nin sonunadək fəlsəfəni mərhum Şeyx Sədra Badkubeyidən öyrənmiş, eyni zamanda Ayətullah əl-üzma Xoyi, Milani və Həkimin dərslərindən bəhrələnmişdir.