Vüsalə Mahir qızı Abışova və ya tanınan adı ilə Vüsalə Mahirqızı () — Azərbaycan jurnalisti. O, "APA-Holding" MMC-nin prezidenti və Azərbaycanın əməkdar jurnalistdir.
Həyatı 1979-cu ildə avqustun 5-də Azərbaycanın Ucar rayonunun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur.
Ailəlidir, bir övladı var.
Jurnalist fəaliyyəti 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir. 2001–2003-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. 2004-cü ilin noyabr ayında "Azəri-Press" İnformasiya Agentliyini (APA) təsis etmişdir.
Vüsalə Mahirqızı Azərbaycanda ilk onlayn media resurslarının yaradıcılarından biridir. Onun təsisçiliyi ilə 2007-ci ildə Azərbaycanın ilk idman agentliyi olan "APASport" agentliyi yaranmışdır. 2008-ci ildən etibarən "Lent. Az" İnformasiya Agentliyini, 2009-cu ildən isə "Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən "APA-Ekonomist" jurnalını təsis etmişdir. 2011-ci ildə "kulis.az" ədəbiyyat portalını yaratmışdır. 2012-ci ildə APA TV onlayn televiziyasını yaratmışdır. Beynəlxalq Jurnalistlər Federasiyasının təsis etdiyi beynəlxalq media vəsiqəsinə layiq görülmüşdür.
İctimai-siyasi fəaliyyəti O, Azərbaycan Jurnalistlərinin III (I) qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. Hal-hazırda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.
Əsərləri Onun ideya müəllifi olduğu və rəhbəri olduğu "APA Group"un sponsorluğu ilə dərc olunmuş kitablar bunlardır:
Əsir düşərgəsi Zəfərin izi ilə Kəşfiyyatçının xatirələri 100 ilin əmanəti
Təltifləri 22 iyul 2010-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür. 22 iyul 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülmüşdür. 7 may 2018-ci ildə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Vətən naminə" medalı ilə təltif edilmişdir. 11 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunmuşdur. 14 avqust 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 6 dekabr 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir. 22 iyul 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri