Hafiz Ələmdar oğlu Hacıyev () — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993).

Həyatı Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir.

1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir.

1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır.

Ailəsi Ailəlidir, 3 övladı var. İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur. İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur. Sabiq deputat Arzu Səmədbəyli və siyasətçi Aqil Səmədbəylinin uzaq qohumudur.

Siyasi fəaliyyəti 1992–1993-cü illərdə Azərbaycan Respublikasının "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışmışdır.

1999-cu ildə həbsdən azad olunduqdan sonra "Elçibəy Xalq Hərəkatı"nın yaradılmasının təşkilatçısı və hərəkatın rəhbəri olmuşdur. Həmin dövrdə üzvü olduğu Müsavat Partiyasından uzaqlaşdırılmışdır.

2001-ci ildən Müasir Müsavat Partiyasının sədri, "Müasir Müsavat" qəzetinin təsisçisi və baş redaktorudur.

Həbsi 1993-cü ildə Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunmuş, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilmişdir.

Seçkilərdə iştirakı 2003-cü ildə Azərbaycanda Prezident seçkilərində namizədliyi irəli sürmüşdü. Bu seçkilərdə Hafiz Hacıyev 8 namizəd arasında 0,3% (9.990 səs) toplamaqla sonuncu yeri tutdu.

2008-ci ildə Azərbaycanda Prezident seçkilərində yenidən iştirak edib və 7 namizəd arasında yenidən sonuncu yeri tutub. Bu seçkilərdə Hafiz Hacıyev səslərin 0,64% -ni (23.771 səs) toplayıb.

Şəxsi həyatı 2018-ci ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamış, Əliyevin onu baş nazir təyin edəcəyinə inandığını qeyd etmişdir. 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

Mənbə Biografiya

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan prezidentliyinə namizədlər Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri