Aşıq Bəylər Qədirov (tam adı:Qədirov Bəylər Hacı Rəşid oğlu; d. 25 may 1914, Çuxanlı, Salyan rayonu, Azərbaycan – v. 1991, Çuxanlı, Salyan rayonu, Azərbaycan) — Azərbaycan aşığı, aşıq sənətinin "Bülbülü" kimi tanınmış, Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olmuşdur.
Həyatı Aşıq Bəylər Qədirov 25 may 1914-cü ildə Salyan rayonunun Çuxanlı kəndində doğulub. O uşaq yaşlarından aşıqlıq sənətinə maraq göstərmiş, yüksək bacarıq və istedadı sayəsində bu sənətin bilicisinə çevirilmişdir.
1938-ci ildən el məclislərdə çıxış edib. Azərbaycan Aşıqlarının II və III Qurultaylarında iştirak edib. Bir sənətkar kimi xidmətləri yüksək qiymətləndirilib, diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb.
1970-ci illərdə Moskvada "Azərbaycan mədəniyyəti günləri ongünlüyü"ndə iştirak etmişdir.
XX əsrdə Şirvan bölgəsində, eləcə də Azərbaycan səviyyəsində tanınan Aşıq Bəylər Qədirov Şirvan aşıq mühitinin ən layiqli nümayəndəsi olmuşdur. Aşığın sənətkar kimi formalaşmasında ərazinin toyları, el şənlikləri mühüm rol oynamışdır. Beləki, yaşayıb-yaratdığı illərdə bölgədə keçirilən bütün ictimai tədbirlərdə, el şənliklərində fəal iştirak etmişdir.
Görkəmli sənətkar Aşıq Bəylər 1991-ci ilin 3 iyununda Salyan rayonunun Çuxanlı kəndində vəfat edib.
Nəsli Aşıq Bəylər Qədirli nəslinin nümayəndəsidir. Bu nəsil ruhani bir nəsil idi. Onlar əslən Şamaxının Çuxanlı kəndindəndirlər. Şamaxı zəlzələsindən sonra onlar bütün qohumları ilə birlikdə Salyanda Çuxanlı kəndinin əsasını qoyurlar. Aşıq Bəylərin mahnısı heç də təsadüfi yaranmayıb. Köç zamanı Aşıq Bəylərin atası Hacı Rəşid gənc oğlan imiş. Daha sonralar bu ailə şura hökumətinin musadirələrilə üzləşmiş, evləri kənd sovetinin binasına çevrilmişdir.
Aşıq Bəylər Gülüstan Zahidova ilə ailə qurmuşdur. Adilə, Elmira, Əliyar, Zivər, İxtiyar, Yaqut, Bəsti, Rəşid və Xudayar adlı övladları var. Aşıq Bəylərin anasının adı Səlminaz, atasının adı isə Rəşiddir.
Ustad-şəyird münasibətləri Aşıq Bəylər aşıqlıq sənətinin sirlərini Şamaxı rayonunun Cəyirli kəndindən olan atasının yaxın dostu Aşıq Abbasdan öyrənib.
Aşıq Bəylər Rza Məmmədovun (Aşıq Rza QobustanlıAŞIQ RZA QOBUSTANLI — Şamaxı ensiklopediyası), Mirzəlinin, Ağababa Bədəlovun, Aslan İsmayılovun, oğlu İxtiyar Qədirovun və onlarla başqalarının ustadı və müəllimi olub.Sayılov Q. XX əsr Şirvan aşıqları. Bakı, 2007
Yaradıcılığı 1966-cı ildə Aşıq Abbas Tufarqanlının "Abbas və Gülgəz" dastanının ifası üçün Azərbaycan radio komitəsinin səs yazma studiyasına dövrünün tanınmış bir neçə aşıqları dəvət olunmusdur. Heç biri bu məsuliyyətli işi öz öhdəsinə götürməmişdir. Aşıq Bəylər bir neçə gün möhlət istəmiş və səs yazmaya gəlmişdir. Bədii şura Aşıq Bəylər Qədirovu qəbul etmişdir. Dastanda musiqili hissəni Aşıq Bəylər Qədirov, bədii hissəni Məhluqə Sadıqova və Lütfi Məmmədbəyli icra etmişdir. Həmin səsyazma Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
Yarım əsrdən çox telli sazı ilə xalqa xidmət edən Aşıq Bəylər "Peyvənd şıkəstə", "Kərəmi", "Peşron"un əvəz olunmaz ifaçısı olub. Hətta, o vaxtlar Aşıq Bəylər aşıq sənətinin "Bülbülü" adlandırılmışdır.
Qiymətli gözəlləmələr, ustadnamələr, dastanlar müəllifi və ifaçısı olan Aşıq Bəylər təkcə Şirvan-Muğan məktəbi ilə yox, eyni zamanda Gəncə-Tovuz və Göyçə-Borçalı məktəblərinə məxsus olan klassik aşıq havalarını özünəməxsus ustalıqla ifa edib.
Onun ifa etdiyi bir çox musiqi nömrələri və aşıq mahnıları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır. Bu musiqilər bu gündə sevə-sevə dinlənilir. Belə musiqilərdən biri də müəllifi olduğu "Kəndimiz" aşıq mahnısı indi də sevilir və mütəmadi olaraq televiziya verilişlərində, konsert salonlarında, toy məclislərində ifa edilir.
Musiqi albomları Aşığın ilk musiqi albomu 1999-cu ildə çıxmışdır. Daha sonra "Səbuhi studiyası" aşığın musiqi albomunu buraxmışdır.
2006-cı ildə Azərbaycan Folklor İnciləri seriyasından olmaqla 14 musiqisindən (Telli sazım, Dolanır, Səhərlər, Pərimin, Qadan alım, Bizim qızlar, Vətən, Bizimdir, Pərim, Oynayır, Səs verir, Keçdi, Gözlərin, Bəxtəvər) ibarət musiqi albomu buraxılmışdır.
Biblioqrafiyası Oktyabr günəşi. "Kommunist" qəzeti, 1951. Basdı sinəsinə görək nə dedi. "Azərbaycan kənd təsərrüfatı" qəzeti, 1959. Muğan. "Azərbaycan kənd təsərrüfatı" qəzeti, 1960. Vətən. "Sovet kəndi" qəzeti, 1961.
İstinadlar
Ədəbiyyat Vaqif Yusifli. "Yolun düşsə Şirvana", Bakı, 1993. İbrahim Hüseynov. "Unutsaq unudularıq", XX əsrin xatirə kitabı, 2007. Seyfəddin Qəniyev. Şirvan aşıqları. Bakı, 2007
Dadaşov F. Aşıq sənətinin korifeyləri sırasında Salyan triosu: Aşıq Pənah, Aşıq Qurbanxan və Aşıq Bəylər. “Aysberq və həyat” qəzeti. 15 may, 2013 Aynurə Səfərova. "Neftçala - Salyan aşıq mühiti: tarixi və nümayəndələri", "Ozan dünyası" jurnalı. - 2014. - №6(21). - S.72-80.
Xarici keçidlər Aşıq Bəylər Qədirov. Döymə Kərəmi — MP3 Aşıq Bəylər Qədirov - Pərim — YouTube saytı. Aşıq Bəylər Qədirov - Gözlərin — YouTube saytı.
Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Salyan rayonunda doğulanlar Kateqoriya:Salyan rayonunda vəfat edənlər Kateqoriya:Salyan rayonunda dəfn olunanlar