Barzənd () — Muğan bölgəsində mövcud olmuş orta əsr şəhəri. Barzənd adına VIII əsrin birinci yarısındakı ərəb–xəzər qarşıdurmaları ilə əlaqədar mənbələrdə rast gəlinir. IX əsrdə Afşin Heydər ibn Kavus şəhərdən Babək və xürrəmilərə qarşı hərbi əməliyyatlar zamanı düşərgə kimi istifadə etmiş, Barzəndi istehkamlandırmış və abadlaşdırmışdır.
X əsr coğrafiyaşünaslarının əsərlərində Barzənd şəhər və ticarət məntəqəsi kimi təsvir olunur. XIII əsrin ortalarına aid Barzənd zərbli gümüş dirhəmlər burada pul zərbinin həyata keçirildiyini göstərir. XIV əsrin birinci yarısında Həmdullah Qəzvini Barzəndin əvvəlki şəhər vəziyyətini itirdiyini və böyük kənd halına gəldiyini bildirirdi.
Coğrafiya və lokalizasiyası
Orta əsr coğrafi mənbələri Barzəndi Ərdəbildən şimalda, Muğan istiqamətində gedən yollar üzərində göstərir. İstəxrinin yol təsvirinə görə, Bərdədən Ərdəbilə gedən marşrut Bərdə — Yunan — Beyləqan — Varsan — Balxab — Barzənd — Ərdəbil xətti ilə davam edirdi. Balxabdan Barzəndə 7, Barzənddən Ərdəbilə isə 15 fərsəx məsafə göstərilir.
İbn Hövqəl də Barzənddən Ərdəbilə 15 fərsəx məsafə göstərir və Barzəndi şəhər () adlandıraraq onun vəziyyətini Beyləqanın vəziyyətinə yaxın hesab edir. Yəqubi isə Ərdəbildən "Azərbaycan kürələrindən olan Barzənd"ə üç günlük yol olduğunu bildirir.
Sonrakı mənbələrdə Barzənd Bəcirəvanla da əlaqəli şəkildə göstərilir. Həmdullah Qəzvininin yol təsvirində Barzəndlə Bəcirəvan arasında 4 fərsəx məsafə qeyd olunur.
Mənbələrdə Barzənd () və Barzənc () toponimləri bir-birindən fərqləndirilir. İstəxri Barzəndi Balxab–Ərdəbil yolunda, Barzənci isə Bərdədən Dərbənd istiqamətində gedən başqa yol üzərində göstərir.
Müasir tədqiqatlarda tarixi Barzənd İranın Ərdəbil ostanının Germi bölgəsində yerləşən arxeoloji komplekslə əlaqələndirilir. Səid Səttarnəjad, Səməd Pərvin və Əli Mehri Ruyandəj 2023-cü ildə yazılı mənbələr və arxeoloji materialları müqayisə edərək həmin abidənin tarixi Barzəndlə identifikasiyasını müdafiə etmişlər.
Tarixi Erkən qeydlər Barzənd adına VIII əsrin birinci yarısındakı ərəb–xəzər müharibələri ilə əlaqədar mənbələrdə rast gəlinir. İbn Əsəm əl-Kufi 112-ci hicri ilin (730–731) hadisələrindən bəhs edərkən ərəb qüvvələrinin "Barzənd torpağına" () çatdığını və həmin vaxt xaqanın oğlunun xəzər qoşunları ilə burada olduğunu bildirir:
İbn əl-Əsir də həmin hadisələri nəql edərkən əl-Hərəşi ilə qarşı tərəfin "Barzənd torpağında" qarşılaşdığını () yazır. Beləliklə, Barzənd adına Afşinin IX əsrdə bölgədəki fəaliyyətindən əvvəlki hadisələri təsvir edən mənbələrdə rast gəlinir.
Afşin və Babək üsyanı
IX əsrdə Barzənd Abbasilər xilafəti ilə xürrəmilər arasında gedən müharibələrlə əlaqədar mənbələrdə tez-tez xatırlanır. Bəlazuri Afşinin Barzəndə gəlməsi ərəfəsində yaşayış məntəqəsini kənd () kimi təsvir edir:
Bəlazurinin məlumatına görə, Afşin Babəklə müharibə zamanı Barzənddə düşərgə salmış və onu istehkamlandırmışdır. İbn Xordadbeh isə Afşin gəlməzdən əvvəl Barzəndin xaraba vəziyyətdə olduğunu bildirir:
İbn Xordadbehin təsvirinə görə, Ərdəbildən Xəşə 8 fərsəx, Xəşdən Barzəndə 6 fərsəx yol vardı. Barzənddən sonra yol Sədərəsb, Zəhrkəş və Dürrud vasitəsilə Babəkin şəhəri kimi göstərilən Bəzzə çatırdı. Beləliklə, Bəlazuri Barzəndi həmin dövrdə kənd kimi xarakterizə etdiyi halda, İbn Xordadbeh Afşinin gəlişindən əvvəl onun xaraba vəziyyətdə olduğunu bildirir.
Təbərinin məlumatında Barzənd Afşinin Babəkə qarşı əməliyyatlar zamanı düşərgə saldığı məntəqə kimi çıxış edir. Müəllif Afşinin Barzənddəki düşərgəsinə qayıtmasını və burada yerləşən qoşunların təminatı ilə əlaqədar hadisələri təsvir edir.
Babək tutulduqdan sonra Barzəndə gətirilmişdir. Təbəri onun şəvval ayının 10-da Barzənddə Afşinin yanına çatdığını bildirir:
Bu hadisə Təbərinin əsərində 222-ci hicri ilin hadisələri daxilində, 223-cü ilin başlanması haqqında başlıqdan əvvəl verilir.
X–XIV əsrlər
X əsrdə Barzənd coğrafi əsərlərdə şəhər kimi təqdim olunur. İbn Hövqəl onu şəhər adlandırır və vəziyyətini Beyləqanın vəziyyətinə yaxın hesab edir. Müqəddəsi isə Barzəndi kiçik şəhər kimi xarakterizə edərək onu "ermənilərin bazarı" () və "bölgənin ticarət məntəqəsi" () adlandırır:
Anonim "Hüdud əl-aləm" əsərində də Barzənd abad şəhər kimi təsvir edilir; onun axar sularının və əkinlərinin olduğu, burada qətifə növlü parçaların istehsal edildiyi bildirilir.
XIII əsrin ortalarına aid numizmatik materiallar Barzənddə pul zərbinin həyata keçirildiyini göstərir. XIV əsrin birinci yarısında isə Həmdullah Qəzvini Barzəndin əvvəl şəhər olduğunu, lakin onun dövründə əvvəlki vəziyyətini itirərək böyük kənd halına gəldiyini bildirir. Mənbə Barzənd ətrafının isti iqlimə malik olduğunu və əkin üçün yararlı torpaqlarının olduğunu da qeyd edir.
İqtisadiyyatı
Barzəndin iqtisadi həyatı haqqında məlumat əsasən X əsr coğrafi mənbələrindən əldə edilir. İstəxrinin yol təsviri şəhərin Bərdə, Beyləqan, Varsan və Ərdəbili birləşdirən marşrut üzərində yerləşdiyini göstərir. İbn Hövqəl də Barzəndi həmin yol sistemində şəhər kimi qeyd edir.
Müqəddəsinin Barzəndi "ermənilərin bazarı" və bölgənin ticarət məntəqəsi adlandırması burada ticarət fəaliyyətinin mövcudluğunu göstərir. Bu ifadə şəhər əhalisinin etnik tərkibi haqqında birbaşa məlumat vermir.
"Hüdud əl-aləm" Barzənddə axar sular və əkinlərin mövcudluğunu qeyd etməklə yanaşı, şəhərdən qətifə növlü parçaların çıxdığını bildirir.
Barzənd zərbxanası
Barzəndin orta əsr tarixinin mühüm maddi mənbələrindən birini şəhərin adı ilə zərb edilmiş gümüş dirhəmlər təşkil edir. Numizmat Aram Vardanyanın 2007-ci ildə dərc etdiyi araşdırmada 640-cı hicri illərə aid Barzənd zərbli üç gümüş dirhəm qeydə alınmışdır.
Sikkələrin reversində — "Barzənddə zərb edilmişdir" — ifadəsi yerləşir. Barzənd zərblərinin tarixi 64x h. şəklində oxunur; son rəqəm müəyyən edilə bilmədiyi üçün onları daha dəqiq bir ilə aid etmək mümkün deyil. Buna görə sikkələr 640-cı hicri illərə, yəni XIII əsrin ortalarına aid edilir.
Vardanyan bu sikkələrin daxil olduğu "Ulugh Mangyl Ulūs (Ulūsh) Bek" seriyasını Baycu noyonun anonim pul buraxılışları ilə əlaqələndirmişdir. Sikkələr Barzənddə XIII əsrin ortalarında pul zərbinin həyata keçirildiyini təsdiqləyir.
Arxeoloji tədqiqatlar
Barzəndlə əlaqələndirilən arxeoloji kompleks Germi bölgəsində tədqiq edilmişdir. 2022-ci ildə Əli Karimikiya və həmmüəlliflərinin dərc etdikləri araşdırmaya görə, Barzənd istehkamının mərkəzi hissəsi və ətrafının sərhədlərini müəyyənləşdirmək məqsədilə divar boyunca 11 yoxlama qazıntısı aparılmışdır. G qazıntısı istisna olmaqla, həmin yoxlama sahələrində əldə edilən arxeoloji materiallar İslam dövrünə aid edilmişdir.
G qazıntısı istehkam divarından üç metrdən az məsafədə yerləşən Yataq təpəsində aparılmışdır. Tədqiqatda Yataq təpəsinin Davud təpə və Sarı təpə adları ilə də tanındığı göstərilir. Burada üst təbəqələr İslam dövrünə, aşağı təbəqələr isə Orta və Son Xalkolit dövrlərinə aid edilmişdir.
Xalkolit təbəqələrindən keramika, obsidian və çaxmaqdaşı materialları, heyvan qalıqları və daş alətlər əldə edilmişdir. Beləliklə, Yataq təpəsində müəyyən edilmiş Xalkolit təbəqələri orta əsr Barzəndi ilə müqayisədə daha erkən arxeoloji mərhələni təmsil edir.
Səttarnəjad, Pərvin və Ruyandəj 2023-cü ildə arxeoloji məlumatları orta əsr yazılı mənbələrindəki coğrafi göstəricilərlə birlikdə təhlil etmiş və Germi bölgəsindəki bu kompleksin tarixi Barzənd şəhəri ilə identifikasiyasını müdafiə etmişlər.
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Xürrəmilər hərəkatı
Kateqoriya:Qədim şəhərlər Kateqoriya:Paytakaran Kateqoriya:Məhv olmuş Azərbaycan şəhərləri Kateqoriya:Azərbaycan arxeologiyası Kateqoriya:Qədim Azərbaycan Kateqoriya:Azərbaycanın keçmiş yaşayış məntəqələri Kateqoriya:Azərbaycanla bağlı ərazilər Kateqoriya:Azərbaycan orta əsrlərdə Kateqoriya:Orta əsr şəhərləri Kateqoriya:Qədim coğrafi bölgələr