Azərbaycan–Rusiya münasibətləri — Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli əlaqələr. right|thumb|200px|Vladimir Putin və Heydər Əliyev Azərbaycan poçt markasında

2006-2024 illərdə Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlu, 2024-cü ilin 4 oktyabrından Rəhman MustafayevdirAzərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri.

2018-ci ildən etibarən Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov olub.

Tarixi Hər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində əlverişli zəmin təkcə milli maraqlardan və praqmatik düşüncədən irəli gəlmir. Münasibətlərimizin yaxınlaşmasına imkan verən başlıca amillərdən biri xalqlarımızın çoxəsrlik birgəyaşayış tərzi, ortaq tarixi dəyərlər, mədəni və iqtisadi əlaqələrdirAzərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016). Bakı: “Poliart” MMC, 2017, 904 s. s.165..

Azərbaycan və Rusiya arasında əlaqələr qədim tarixi köklərə malikdir. Lakin bu münasibətlər dövlətlərarası deyil, xalqlararası əlaqələrin təməli üzərində qurulmuşdur. Azərbaycan ərazisində qədim dövlətlərin, dövlətçilik ənənələrinin mövcud olduğu dövrlərdə Rusiya XVI əsrə kimi bir-biri ilə mənafe mübarizəsi aparan vassal knyazlıqlardan ibarət idi. Bununla belə, mədəni və ticari əlaqələr davamlı şəkildə inkişaf etdirilirdi. Məsələn, həmin əlaqələr haqqında məlumatlara Nizami Gəncəvinin, Seyid Əzim Şirvaninin, Afanasi Nikitinin, Mixail Lermontovun, Bestujev-Marlinskinin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Kazımbəyin əsərlərində, Səfəvilər dövləti və Rusiya imperatorluğu başçılarının rəsmi yazışmalarında, səyyahların yol qeydlərində, folklor nümunələrində və s. rast gəlirik. Onu da xatırladaq ki, Nizami Gəncəvi “Yeddi gözəl” əsərində slavyan gözəlini vəsf etmiş, Mixail Lermontov isə bütövlükdə Qafqaz ərazisində Azərbaycan dilinin yerli xalqlar arasında əsas ünsiyyət vasitəsi olduğunu bildirmişdir. Bu gün Rusiyanın Ermitaj, Silah Palatası kimi dünya şöhrətli muzeylərini XIX əsrdə Azərbaycandan qənimət kimi aparılan xalq tətbiqi sənəti nümunələri bəzəməkdədir. Rusiyalı tədqiqatçı Mariya Myankina ölkələrimiz arasında tarixi əlaqələrdən bəhs edərkən belə bir faktı misal çəkir: “Tarixi mənbələrə əsasən, hələ VII-XII əsrlərdə Rusiya və Azərbaycan tacirləri arasında sıx əlaqələr olmuş, qarşılıqlı mal mübadiləsi edilmişdir. 1563-cü ildə Çar İvan Qroznı azərbaycanlı tacirlərin Moskvada, Həştərxanda, Kazanda və Rusiyanın digər şəhərlərində yaşaması və ticarət etməsinə icazə verilməsi barədə fərman vermişdir. Sonrakı dövrlərdə Azərbaycan tacirləri Rusiyanın, demək olar ki, bütün ərazilərində ticarət fəaliyyəti ilə məşğul olmuş və bu da dövlətlərarası münasibətlərdə mühüm rol oynamışdır”Мнякина М. Эволюция российско-азербайджанских отношений: успехи и проблемы. //Вестник Челябинского государственного университета, № 40 / 2009. Səfəvi və Rusiya xanədanları arasında iqtisadi və siyasi münasibətlərin genişlənməsi əsasən XVI əsrə təsadüf edir. Əgər bu əlaqələri şərtləndirən əsas amillər sırasında həmin dövrlərdə Səfəvi dövlətinin Yaxın və Orta Şərqin böyük hissəsini əhatə etmiş regiona hakim olmasını, getdikcə güclənən Rusiyanın isə cənubda yerləşən dənizlərə və Hindistana doğru uzanan ticarət yollarına maneəsiz çıxmaq səylərini vurğulayırıqsa, digər tərəfdən bu əlaqələrə hakim Səfəvilər və Rürixlər sülalələri arasında yaranan şəxsi münasibətlər də müsbət təsir göstərmişdir

XVIII əsrin sonu və XIX əsrin əvvəllərində getdikcə güclənən Rusiya imperiyası öz ərazilərini hərbi güc tətbiq etməklə genişləndirmək və bununla da Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan ərazilərinə iddialı olan rəqiblərini zəiflətmək məqsədilə genişmiqyaslı işğalçılıq planlarının gerçəkləşdirilməsinə başlamışdı. Hələ XVIII əsrdən etibarən Cənubi Qafqazın qəsb olunması planı Rusiya üçün həm siyasi, həm hərbi-strateji, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətli idi və dəfələrlə buna hərbi cəhdlər edilmişdi. Xatırladaq ki, XVIII əsrin əvvəlindən etibarən Şimali Azərbaycan ərazilərinin daxil olduğu Səfəvi dövlətində yaranmış siyasi və iqtisadi böhran təkcə onun beynəlxalq əlaqələrinə deyil, hərbi gücünə və daxili vəziyyətinə də mənfi təsir göstərmişdi. Sonralar – 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra bu böhran daha da dərinləşmiş, aramsız daxili çəkişmələr və saray çevrilişləri nəticəsində mərkəzi hakimiyyət zəifləmiş və dövlətdə mərkəzdənqaçma meyli yaranmışdı. Bu proseslər böyük bir dövlətin parçalanması və müstəqil və ya nominal müstəqilliyə malik xanlıqların yaranması ilə nəticələnsə də, bütövlükdə Azərbaycan ərazilərinin genişmiqyaslı işğal aktı üçün əlverişli şərait formalaşdırmışdı.

1801-ci il sentyabrın 1-də Rusiya imperatoru I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalamışdı. Manifestə əsasən, Gürcüstanın şərq hissəsi ilə birlikdə Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil və Pəmbək əraziləri də imperiyanın tərkibinə qatılmışdı. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən sürətlə işğal edilməsinə əlverişli zəmin yaranmışdı. Bir il sonra, yəni 1802-ci il dekabrın 26-da isə Rusiya imperiyası ilə Quba, Dərbənd, Lənkəran xanları, Tarku şamxalı və Qaraqaytaq usmisi arasında Georgiyevsk müqaviləsi imzalandı. Həmin sənədin şərtlərinə görə, müqaviləyə qoşulan tərəflər Rusiyanın himayəsinə daxil olmaqla İrana qarşı hərbi ittifaqa qoşulmalı, Rusiyanın Cənubi Qafqazda ticarət fəaliyyətinin genişlənməsində, Xəzər dənizində gəmilər vasitəsilə yükdaşımaların inkişafında iştirak etməli idilər. Rusiyanın növbəti hədəfi strateji cəhətdən qoşunların Azərbaycanın içərilərinə doğru irəliləməsinə əngəl olan Car-Balakən əraziləri idi. 1803-cü ilin martında general Qulyakovun başçılığı ilə rus ordusu Car-Balakənə hücum etdi. Qanıx çayı sahilində baş vermiş ağır döyüşdən sonra Balakəni ələ keçirmiş ruslar həmin il aprel ayının 12-də Tiflisdə Car-Balakən camaatlığı ilə “Andlı öhdəlik” adlı saziş imzaladılar. Sazişə əsasən, əhali Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, imperiyaya sədaqət əlaməti olaraq girov verməli və Car-Balakən ərazisində rus qoşunları yerləşdirilməli idi. 1804-cü il yanvarın 3-də isə qeyri-bərabər qanlı döyüşlər nəticəsində Gəncə işğal edilmiş, Cavad xan və oğlu Hüseynqulu xan qətlə yetirilmiş, şəhərə “Yelizavetpol” adı verilmişdi.

1805-ci il mayın 21-də Şəki xanlığı Kürəkçay müqaviləsi ilə, dekabrın 27-də Şamaxı xanlığı Rusiya hakimiyyətini qəbul etmiş və bununla da Bakıya yol açılmışdı. Şimal istiqamətindən irəliləyən rus ordusu 1806-cı ilin iyununda Dərbəndi, oktyabr ayında Bakını, az sonra isə Quba xanlığını işğal etmişdi. 1813-cü ildə Birinci Rusiya–İran müharibəsi başa çatdıqdan sonra Qarabağın Gülüstan kəndində iki dövlət arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanın tarixi torpaqları parçalanmış, Quba, Bakı, Gəncə, Qarabağ, Lənkəran, Şirvan və Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edildi. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi isə İrəvan və Naxçıvan xanlıqlarının işğalı faktını qanuniləşdirdi. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, onların ərazisində qondarma “Erməni vilayəti” yaradıldı. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra imperiya bölgənin siyasi, iqtisadi və mədəni həyatını tamamilə nəzarət altına almaq məqsədilə bütün potensialını səfərbər etmişdi. Bütövlükdə Cənubi Qafqazın Rusiya tərəfindən işğalı regionun etnik mənzərəsini də əsaslı şəkildə dəyişmiş, İran və Türkiyə ərazisindən köçürülən yüz minlərlə erməni Cənubi Qafqazda, eləcə də tarixi Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda məskunlaşdırılmışdı. Bununla yanaşı, Rusiya imperiyasının tərkibinə daxil edilən Azərbaycan torpaqlarında yeni inzibati-ərazi vahidləri – quberniya və qəzalar yaradılmış, aparılan sosial və iqtisadi islahatlar nəticəsində kənd təsərrüfatı inkişaf etdirilmiş, şəhərlər böyümüş, urbanizasiya prosesi sürətlənmiş, neft sənayesinin təməli qoyulmuş, dəmir yolu şəbəkəsi fəaliyyətə başlamışdı. Şimali Azərbaycan Rusiyanın tərkibində olduğu müddətdə – XIX əsrin 50-60- cı illərindən etibarən ölkə kapitalizmin coşqun inkişaf yoluna qədəm qoydu. Xammal istehsal edən sahələrdə və dağ-mədən sənayesində, neft, ipək, mis emalı sahələrində fabrik-zavod istehsalı meydana gəldi. 1859-cu ildə Suraxanıda rus kapitalistləri Kokorev və Quboninin ilk ağ neft emalı zavodu, 1861-ci ildə Pirallahıda Vittenin parafin zavodu, Nuxada (Şəkidə) Avropanın ən böyük ipək fabriki, 1863-cü ildə Cavad Məlikovun ağ neft zavodu, 1865-ci ildə Simens qardaşlarının Gədəbəydə misəritmə zavodu, Daşkəsəndə isə kobalt zavodu fəaliyyətə başladıСумбатзаде А. Промышленность Азербайджана в XIX в. Баку, 1964. XIX əsrin II yarısında kapitalizmin sürətli inkişafı ümumi bazarın yaranması, iqtisadi və mədəni mərkəzlərin meydana gəlməsi, cəmiyyətin strukturunun dəyişməsinə şərait yaratdı. Rus mədəniyyəti vasitəsilə qabaqcıl Avropa mədəniyyətinin, təhsil, elm və incəsənətinin, maarifçilik ideyalarının nüfuz etməsi sayəsində Azərbaycan müsəlman Şərqində intellektual mərkəzlərdən birinə çevrilmiş, burada ilk dəfə olaraq milli dramaturgiya yaradılmış, teatr və opera sənətinin təməli qoyulmuşdu.

1917-ci ildə baş vermiş bolşevik inqilabı nəticəsində Rusiyada çarizm rejiminin süqutu və imperiyanın parçalanmasından sonra Azərbaycanda da milli azadlıq hərəkatı geniş vüsət aldı. O dövrün aparıcı ziyalıları və milli burjuaziya içərisindən çıxmış liderlər milli dövlətçilik uğrunda ümumxalq hərəkatının önündə gedərək 1918- ci il mayın 28-də Şimali Azərbaycan ərazisində Şərqin ilk dünyəvi və demokratik dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına nail oldular. Minillik tarixə malik milli dövlət quruculuğunun yenidən bərqərar olması Azərbaycan xalqının tarixi yaddaş salnaməsinin parlaq səhifələrindən biri oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması həmin mürəkkəb ictimai-siyasi hadisələr fonunda Azərbaycan xalqının, eləcə də bu xalqın tərkib hissəsi olan bütün etnik qrupların vahid vətən naminə milli oyanışının məntiqi yekunu idi. Milli oyanış hissi dünyanın, eləcə də Rusiyanın aparıcı universitetlərində təhsil almış, demokratik dəyərlərə yiyələnmiş milli ruhlu Azərbaycan əsilli ziyalılar nəslinin yetişməsinə şərait yaratdı. Beləliklə, müsəlman Şərqində ilk parlament respublikası qədim dövlətçilik ənənələrindən, Azərbaycanda yaşayan xalqların tarixən formalaşmış birgəyaşayış normalarından, ortaq mənəvi-mədəni dəyərlərindən qaynaqlanaraq çoxmillətli və çoxmədəniyyətli dövlətin təməlini qoymuşdu. Məsələn, Azərbaycan parlamentinə seçilən deputatlar arasında Slavyan-Rus İttifaqı fraksiyasının nümayəndələri Viktor Klanevski, Vasili Kravçenko, Sergey Remizov və Fyodor Kotılevski də vardı. Bundan başqa, İ.Protasov maliyyə naziri, K.Lizqar ərzaq naziri, V.Klanevski isə sosial təminat naziri təyin olunmuşdular. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Bəyannaməsində elan olunmuş “bütün dövlətlər, xüsusilə həmsərhəd dövlətlərlə dostluq əlaqələrinin qurulması” prinsipi milli hökumətin xarici siyasət strategiyasının prioritet istiqamətini təşkil edirdi. Bu prinsipdə qonşu dövlətlərlə sülh, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində yaşamaq, onların suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaq təsbit olunurdu. Lakin o da təəssüflə qeyd olunmalıdır ki, gənc respublikanın bütün səylərinə baxmayaraq, bolşevik Rusiyası Azərbaycanı müstəqil dövlət olaraq tanımamış, onun suverenliyi və milli maraqlarına zidd və rəsmi Bakı üçün qeyri-məqbul tələblər irəli sürməkdə, ərazilərini Rusiya dövlətinin tərkib hissəsi kimi görməkdə davam etmişdir. Halbuki 1919- cu il dekabrın 26-da keçirilmiş parlament iclasında Baş nazir Fətəli xan Xoyski respublikanın əsas vəzifəsinin məhz dövlət müstəqilliyinin möhkəmləndirilməsi olduğunu birmənalı şəkildə vurğulayaraq demişdir: “Azad Azərbaycan Rusiya ərazisində yaranmış dövlətlərlə, eləcə də Mərkəzi Rusiyanın özü ilə sıx əlaqələr qurmalıdır və yəqin ki, belə də olacaqdır”Мамедзаде Н. Взаимоотношение Азербайджанской Республики со славянскими странами СНГ и восточной Европы. Баку, 2006.