İsgəndər Vəliyev və ya İsgəndər Vəlizadə () — azərbaycanlı seleksiyaçı alim, Cümhuriyyət tələbəsi, Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı.
İsgəndər bəy Bakı Orta Texniki Məktəbində orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Peruca Ali Kənd Təsərrüfatı Eksperimental Institutunda kənd təsərrüfatı elmləri üzrə təhsil alıb.
Təhsilini bitirdikdən sonra Azərbaycan SSR-yə gəlib. 45 il Pambıqçılıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Fəaliyyəti dövrü ərzində müxtəlif pambıq növləri yetişdirib. Kirovabad şəhər Zəhmətkeş Deputatları Sovetinə və Azərbaycan SSR Ali Sovetinin IV çağırışına deputat seçilib.
Fəaliyyətinə görə "Stalin" mükafatı, "Lenin" ordeni, 2 dəfə "Şərəf nişanı", 2 dəfə "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif olunub.
Həyatı
İlk illəri 150px|thumb|left|Əhməd Rəcəbli və İsgəndər Vəliyev, İtaliya, 1920-ci illər İsgəndər Mahmud oğlu Vəliyev 1896-cı il aprelin 15-də Bakıda anadan olub. Əvvəlcə şəhər məktəbində daha sonra isə 1910-cu ildən 1916-cı ilə qədər Bakı Orta Mexanika-Tikinti-Texniki Məktəbində təhsil alıb. Peşə məktəbini tikinti elmləri üzrə bitirib. Təhsilini bitirdikdən sonra Bakı Şəhər İdarəsində çalışıb. Daha sonra Bakı-Culfa dəmir yolu tikintisində Ələt stansiyasında tikinti texniki kimi işləyib.
1918-ci il 28 may tarixində Azərbaycan Cümhuriyyəti qurulub. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.
İsgəndər bəy də ali təhsil almaq üçün xaricə göndərilmək üçün seçilmiş tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir neçə müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. İsgəndər bəy İtaliyaya köçüb və orada Peruca Ali Kənd Təsərrüfatı Eksperimental Institutunda təhsil almağa başlayıb. 1923-cü ildə 100 baldan 90 bal toplamaqla institutu kənd təsərrüfatı elmləri üzrə doktor dərəcəsi ilə bitirib.
SSRİ-də 150px|thumb|right|İsgəndər Vəliyev tədqiqat apararkən. İsgəndər bəy təhsilini bitirdikdən sonra 1923-cü ildə Azərbaycan SSR-yə gəlib. Burada Gəncə Kənd Təsərrüfatı Texnikumuna müəllim təyin olunub. 1925-ci ildə yeni yaradılmış Pambıqçılıq Elmi-Tədqiqat İnstitutunda işləməyə başlayıb. 1926-cı ildə Nuxa Kənd Təsərrüfatı Texnikumuna direktor təyin olunub. 1931-ci ildə öz istəyi ilə yenidən Pambıqçılıq Elmi-Tədqiqat İnstitutundakı işinə bərpa olunub. Burada əvvəlcə seleksiyaçı alim kimi, 1948-ci ildən isə pambıqçılıq seleksiyası şöbəsinin müdiri kimi işləyib. Burada bir çox pambıq növlərinin yaradılmasına nail olub. Yetişdirdiyi "1363", "2306", "2018", "2580", "2421", yaxşılaşdırılmış "2421", "2833" pambıq növləri Azərbaycanda əkilib. 1945-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub.
1949-cu ildə yeni pambıq növü yaratdığına görə "Stalin" mükafatına layiq görülüb. Kirovabad şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilib. 1955-ci il martın 6-da keçirilmiş Azərbaycan SSR Ali Sovetinin IV çağırışında isə Kirovabad-Sabir seçki dairəsindən deputat seçilib. Müxtəlif illərdə Lenin ordeni, 2 dəfə "Şərəf nişanı", 2 dəfə "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif olunub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü seçilib.
1974-cü il mayın 11-də Bakıda də vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Həmçinin bax Cümhuriyyət tələbələri Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatlarının siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Pambıqçılar Kateqoriya:Pambıq yetişdiriciləri