Fəxrəddin Manaf oğlu Manafov (2 avqust 1955, Xankəndi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006).

Həyatı thumb|Fəxrəddin Manafov fanatları ilə görüşdə doğum gününü qeyd edərkən, 2 avqust 2017 Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. 16 yaşı olarkən, 1971-ci ildə A. M. Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975–1980-ci illərdə orada ali təhsil almışdır. Tələbəlik illərində, 1976–1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirmişdir. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F. Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda "Ac həriflər" tamaşasında səhnəyə çıxır. Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır: "İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan "Ac həriflər" tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi"..

Fəxrəddin Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır. Beləliklə, 1989–1993-cü illərdə "Yuğ" Dövlət Teatrında aktyor işləyir. Ona ən çox uğur gətirən teatrda hazırlanan "Şəhriyar" tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olur

Fəxrəddin Manafov 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, "Ölsəm… bağışla" və "Təhminə" filmlərindəki rolları gətirmişdir.

1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2000-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

1 avqust 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

2025-ci ildə TÜRKSOY-un "Türk dünyasının ən yaxşı teatr aktyoru" nominasiyası üzrə mükafatına layiq görülüb.

2 may 2025-ci ildə Fəxrəddin Manafov Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilib

Şəxsi həyatı Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olur. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərir. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qururlar. Onların heç bir zaman övladı olmur. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edir. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edir. Fəxrəddin Manafov xanımı haqqında müsahibələrinin birində deyir: "Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyim bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensiklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi. O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib".

3 mart, 2021-ci ildə aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bu itki Xalq artisti üçün ağır olur. O, müsahibələrinin birində deyir: "Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda… Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur".

Filmoqrafiya 1977 — Arzunu yarat 1981 — Üzeyir ömrü 1982 — Evləri köndələn yar — Şamil 1982 — İşgüzar səfər — Ənvər 1982 — Qaladan tapılan mücrü — Nuriyev 1982 — Qocalar, qocalar… — Eldar 1982 — Ömrün yolları — Natiq 1983 — Gəmi saatının sirri 1983 — Park — Marat 1984 — Köhnə bərə — Eldar 1984 — Tənha narın nağılı 1985 — Əlvida, yaşıl yay 1986 — İşarəni dənizdən gözləyin — Şəfibəyov 1986 — Qəm pəncərəsi — Kefli İsgəndər 1986 — Şəhərli biçinçilər — Mədət 1987 — …Əks-səda doğuracaq 1987 — Şeytan göz qabağında — Teymur 1987 — Özgə ömür — Tahirbəyov 1988 — Alman klinikasına şəxsi səfər 1988 — Meyl 1989 — Doğma sahillər 1989 — Lətifə 1989 — Ölsəm… bağışla — Yusif 1989 — Təxribat 1990 — Gecə qatarında qətl — Rüstəm 1991 — Qətldən yeddi gün sonra — Rauf 1991 — Qəzəlxan 1992 — Dünən, bu gün, sabah 1993 — Təhminə — Zaur 1998 — Nigarançılıq 1998 — Otel otağı — Kərim Əsgəroğlu 2001 — Etimad telefonu — Farik 2002 — Dronqo — Narkobaron Sadıqov 2002 — Ovsunçu 2003 — Bir anın həqiqəti — Mahir Cavadov 2004 — Əkizlər — Ruslan Xocayev 2004 — Qraf Krestovski (teleserial) 2006 — Əlvida, cənub şəhəri — Rza 2006 — Çalış, nəfəs alma 2008 — Hökmdarın taleyi — İbrahim xan 2008 — Silah 2012 — Sübhün səfiri — Abbasqulu ağa Bakıxanov 2013 — Mahmud və Məryəm — Ziyad xan 2013 — Həyat çiçəyi — Aslan Quliyev 2015 — Beş dəqiqə 2015 — Əli və Nino — Hacı Zeynalabdin Tağıyev 2024 — Birlikdə 2024 — Azərbaycan Atabəyləri

İstinadlar

Mənbə Fəxrəddin Manafovun 60 yaşı tamam oldu: [Xalq artistinin yubileyi münasibətilə] //Hürriyyət.- 2015.- 3–6 avqust.- S.14.

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları