Mil düzü — Kür-Araz ovalığının cənub-qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.
Hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir.
Hidrogeoloji şərait Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, strukturasından asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroirriqasiya landşaftlarının formalaşmasında və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləşmə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər. Belə ki, intensiv suvarma dövründə Mil düzündə gilli torpaqlarda qrunt sularının səviyyəsinin 1,2-1-1,3 dərinlikdə olması kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaradır. Gillicəli torpaqlarda isə təhlükəli səviyyə 1,3-1,5 m-dir (N.K.Mikayılov, 2000). Qrunt sularının minerallaşma dərəcəsinin çox olması səthə yaxın yerləşən suların təhlükəliliyini bir qədər də artırır. Çox minerallaşmış qrunt suları hətta 1,5-1,8 dərinlikdə yerləşdikdə belə torpaqlarda duzların toplanmasına səbəb ola bilər. Ona görə də, qrunt sularının səviyyəsinin cüzi qalxması aqroirriqasiya landşaftlarında mənfi hallara gətirib çıxara bilər. İbrahimov T.O., Yunusov M.İ., Yusifov D.E. Mil düzü landşaftlarının mühafizəsi. Bakı 2012.
Mil düzündə irriqasiya-meliorasiya tədbirlərinin başlamadığı dövrlə müasir dövrün landşaftlarının torpaqlarının şorlaşma xəritələrinin müqayisəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir. Kürboyu zolaqda, Kür və Arazın birləşdiyi az ərazidəki (3%-ə qədər) landşaftlarda şorlaşmamış, zəif və orta şorlaşmış torpaqlar çox şorlaşmış torpaqlara çevrilmişdir. 20%-ə qədər landşaftlarda torpaqların şorlaşma dərəcəsi dəyişməmiş, lakin şorlaşma artmışdır. 8%-ə qədər ərazidəki landşaftlarda çox şoran torpaqlar orta və zəif şorlaşmış torpaqlara çevrilmişdir. Bir qrup landşaftlarda torpaqların şorlaşması azalmış, lakin şorlaşma dərəcəsi dəyişməmişdir (15%). Torpaqların şorlaşmasının əsaslı dəyişikliyə uğramadığı landşaftlar da təxminən bu qədər ərazi tutur. Meliorativ tədbirlərin aparılmadığı və ya az aparıldığı ərazilərin landşaftları barədə məlumat azdır.
Süni parçalanma Mil düzündə intensiv əkinçiliyin başlanması ilə relyefdə dəyişiklik xətti qalxma və enmə istiqamətdə gedir ki, bu da aqrolandşaftların morfoloji differerensasiyasına kifayət qədər təsir göstərir. Ərazi təbii cəhətdən zəif parçalandığından, son zamanlar burada aparılan irriqasiya-meliorasiya tədbirləri süni parçalanmanı artırmışdır. Bunu Mil düzünün süni parçalanma xəritə-sxemini təhlil etdikdə aydın görmək olar. Tədqiqatlar göstərir ki, relyefin süni parçalanması ərazinin meliorativ cəhətdən mənimsənilməsinin intensivliyindən asılıdır. Ərazinin meliorativ vəziyyətindən asılı olaraq orada müxtəlif sağlamlaşdırıcı tədbirlər, suvarma üsulları həyata keçirilir.
Mil düzündə süni parçalanma izoxətləri Araz çayı, Yuxarı Qarabağ kanalı və Orcenekigze adına kanalları boyunca daha sıxdır və həm də ən yüksək qiymət alırlar. Araz çayının sol sahilində olan məhsuldar torpaqlar daha intensiv suvarılır ki, bunun da nəticəsində süni parçalanmanın sıxlığı 5–6 km/km-2ə çatır. Orcenikidze adına kanal boyunca izoxətlər kanal istiqamətində uzanır və sıxlıq 3,5-4,0 km/km2 _i keçmir. Burada parçalanmanın qiymətinin çox da yüksək olmaması ərazinin meliorativ vəziyyətinin nisbətən əlverişli olması ilə əlaqədardır və əsasən suvarma kanalları hesabına artır. Kollektor-drenaj şəbəkəsinin zəif inkişaf etməsi süni parçalanmanın qiymətini aşağı salır.
Yuxarı Qarabağ kanalından suvarılan ərazilərdə süni parçalanmanın qiyməti 4,0-5,0 km/km2-ə qədər artır. Bu ərazilərdə meliorativ şərait əlverişsizdir. Ona görə də parçalanma həm suvarma kanalları, həm də kollektor-drenaj şəbəkəsi hesabındadır.
Mil düzündə müasir relyefin irriqasiya-meliorasiya tədbirləri nəticəsində dəyişməsi həm də hamarlanma (planirovka), irriqasiya gətirmələrinin qeyri-bərabər paylanması və tikinti fəaliyyəti nəticəsində baş verir. Ərazinin suvarılan torpaqlarında bu və ya digər suvarma üsullarını tətbiq etmək üçün mikrorelyef formaları hamarlanır, dağıdılır. Relyefin dəyişməsinin dərəcəsi hamarlanmanın miqyasından asılıdır.
Yuxarı Qarabağ kanalı çəkilərkən aparılan hamarlanma işləri zamanı relyef xeyli dəyişmişdir. Müəyyən edilmişdir ki, torpaq işləri zamanı aqroirroqasiya landşaftları daxilində mikrotexnogen qalxmalar və enmələr formasında səthlər yaranır. Əgər əvvəllər hamarlanma zamanı suvarılan torpaqlarda işlərin həcmi 600m3/ha təşkil edirdisə, hazırda bu rəqəm 2,0-2,5 min m3/ha-dan çoxdur. Bu onunla əlaqədardır ki, yaxşı məhsuldar ərazilər artıq mənimsənilmişdir. İndi mənimsənilən ərazilərin relyefi isə daha mürəkkəbdir. Hamarlanma suvarma və yuma zamanı rütubətin bərabər paylanmasını təmin edir. Orta mürəkkəblikdə hamarlanma zamanı mikroçökəkliklərdə torpaq qatı 60-80% pozulur (40 sm-lik qat kəsilir) ki, bu da aqrolandşaftların məhsuldarlığında özünü göstərir.
Mil düzündə relyefin dəyişməsi həm də irriqasiya-meliorasiya tikintisi işlərində, yəni kanal, kollektor, bəndlərin tikilməsi və yenidən qurulması üçün torpaqların götürülməsi zamanı baş verir. Ona görə də ərazinin aqroirriqasiya landşaftlarında özünəməxsus antropogen mənşəli relyef formalaşmışdır. Burada 3–5 m (bəzən 6 m) hündürlüyündə kollektorboyu və kanalboyu yüksəkliklər, kanallararası və drenlərarası çökəkliklər növbələşir. Relyefdə yaranan nahamarlıqlar irriqasiya gətirmələrini həm mexaniki tərkibinə, həm də həcminə görə sahəvi paylanmaya səbəb olur.
Aqroirriqasiya landşaftlarının rekonstruksiyası Təbiətin optimallaşdırılması təbiətdən düzgün istifadənin ayrılmaz hissəsi olmaqla, landşaftların səmərəli istifadəsi, bərpası, qorunması və dəyişdirilməsini əhatə edir.
Meliorativ tədbirləri həyata keçirərkən aqroirriqasiya komplekslərinin meliorativ vəziyyətini dəqiq analiz etmək lazımdır. Bu da, özündə çoxlu müxtəlif xarakterli təbii və təsərrüfat amillərini birləşdirir. Onların içərisində vacibləri relyef, torpaq–qrunt, hidrogeoloji şərait, torpağın su–duz rejimi, komplekslərdə baş verən fiziki-coğrafi, geokimyəvi və biokimyəvi proseslərdir. Bütün bu amillərin birlikdə öyrənilməsi aqroirriqasiya komplekslərinin məhsuldarlığını müəyyən etməyə və ayrı-ayrı landşaftların torpaq–meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər hazırlamağa imkan verir.
Yuxarıda deyilənləri nəzərə alaraq “Mil düzünün aqroirriqasiya landşaftlarının rekonstruksiyası” xəritə-sxemi tərtib edilmişdir. Həmin xəritənin və legendanın tərtibi zamanı ərazinin meliorativ mürəkkəblik dərəcəsi nəzərə alınmışdır. Bu zaman səthin meylliyi, ərazinin şaquli və üfüqi parçalanma dərəcəsi, relyefin forması və hipsometriyası, torpaq – qruntun mexaniki tərkibi, şoranlaşması, su – fiziki xüsusiyyətləri, qrunt sularının minerallaşması, səviyyəsi və s. əsas götürülmüşdür. Aparıcı təbii komponentlər və meliorativ cəhətdən mürəkkəblik dərəcəsi əsasında ayrı-ayrı landşaft qrupları ayrılmışdır.
Onların vəziyyəti, formalaşma mərhələsi və insanların təsərrüfat fəaliyyətinin istiqaməti nəzərə alınaraq təbiəti mühafizə və meliorativ tədbirlər sistemi işlənib hazırlanmışdır.
Xəritənin analizi göstərir ki, ayrılmış müxtəlif aqroirriqasiya kompleksləri aparılacaq meliorasiya tədbirləri və görüləcək rekonstruksiya işlərinə görə bir – birindən fərqlənir:
Təbii cəhətdən zəif drenlənmiş məcra düzənliklərində nisbətən az məhsuldar aqroirriqasiya kompleksləri formalaşmışdır. Onlar meliorativ şəraitinin əlverişsiz olması ilə xarakterizə olunur. Ona görə də hər yerdə su-duz rejiminin tənzimlənməsinə, hamarlanmaya və bataqlıqlaşmaya qarşı mübarizə aparmaq lazımdır. Bu kompleks tədqiq olunan ərazinin az bir hissəsini əhatə edir.
Allüvial – prolüvial düzənliklərin zəif drenlənmiş aqroirriqasiya landşaftlarında kompleks meliorativ tədbirlərə, yəni irriqasiya eroziyası, təkrar şoranlaşma və bataqlıqlaşmaya qarşı tədbirlərə ehtiyac var. Ərazi təbii cəhətdən zəif drenləndiyindən uzun illər ərzində qədimdən suvarılan komplekslərdə əlverişsiz su – duz rejimi yaranmışdır. Ona görə də, burada ekoloji tarazılığı gözləmək üçün üfüqi (600 – 800 ; 3,0 – 3,5 m ), ayrı – ayrı hallarda şaquli drenajlar (600 – 700; 20 – 30 l/san) çəkmək lazımdır. İnfiltrasiya tədbirlərinin də əhəmiyyəti böyükdür. Yeni suvarılan komplekslərdə qrunt suları çox da dərində olmadığından, üfüqi drenajların sıxlığı daha çox olmalıdır (300–400 m; bəzən 200 m). Torpaq–qruntun filtrasiya xüsusiyyətləri zəif olduğundan burada şaquli drenajların çəkilməsi məsləhət deyil.
Allüvial düzənliklərin aqroirriqasiya landşaftları meliorativ cəhətdən daha çox dəyişdirilmişdir. Tələb olunan meliorativ tədbirlərdən asılı olaraq onlar üç qrupa bölünür və təqribən ərazinin üçdə bir hissəsini.
Bunlardan birincisi təbii cəhətdən zəif drenlənmiş allüvial düzənliklərin relyefi dəyişdirilmiş, keyfiyyətcə yeni torpaq – bitki qruplarına malik olan, suvarma eroziyasına, təkrar şoranlaşmaya, bataqlıqlaşmaya qarşı işləri nəzərə almaqla meliorativ tədbirlərin aparılmasına ehtiyac olan aqroirriqasiya landşaftlarıdır. Bu komplekslər Mil düzünün mərkəzi hissəsində və cənubunda yayılmışdır. Qədimdən suvarılan komplekslərdə su – duz rejimini tənzimləmək üçün üfüqi drenajları 500 – 600 metrdən və hətta bəzən 300 – 400 metrdən keçirmək lazımdır.
Yeni suvarılan komplekslər kənd təsərrüfatı istifadəsinə nisbətən yuxarılarda daxil olduğundan, onlar yüksək məhsuldarlıq almaq üçün meliorativ cəhətdən əlverişsizdir və köklü (əsaslı) meliorasiya işlərinə ehtiyac var (hamarlama, yuma, drenləmə və s.). Ona görə də üfüqi drenlər arasındakı məsafə 300 – 400 m və 200 m, dərinliyi isə 3,0 – 3,5 olmalıdır. Qrunt suları yer səthinə yaxın yerləşdiyindən (1,3 – 1,8 m) və kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaratmağından filtrasiyaya qarşı tədbirlər görülməli, suvarma normasına əməl edilməlidir.
Təbii drenlənməmiş və zəif drenlənmiş allüvial düzənliklərin mürəkkəb meliorativ tədbirlərə, xüsusilə təkrar şoranlaşmaya və bataqlıqlaşmaya qarşı tədbirlərin həyata keçirilməsinə ehtiyac olan kompleksləri (IV) Mil düzünün şimal hissəsində və az miqdarda Araz çayı sahilində yerləşir. Qədimdən suvarılan komplekslərdə mövcud olan üfüqi drenlər (keçən əsrin 50-60-cı illərində çəkilmişlər) ərazinin duz – su rejimini kifayət qədər tənzimləyə bilmir. Əvvəllər çəkilmiş drenlərin aralıq məsafəsi 300 – 400 m, dərinliyi 2,5 - 3,0 olmuşdur. Hazırda onların bir hissəsinin fəaliyyət göstərməməsi geokomplekslərin vəziyyətinə mənfi təsir edir. Gələcəkdə aqroirriqasiya komplekslərinin su – duz rejimini tənzimləmək üçün drenlərarası məsafəni 200 – 300 metrə, dərinliyini 3,0 – 3,5 metrə çatdırmaq lazımdır. Ancaq bu halda onlar qrunt sularının səviyyəsini kritik səviyyədən aşağı saxlaya bilər. Bu qrup komplekslərin 50% - də dərinliyi 1,0 – 1,2 m, intervalı 40 – 50 m olan kiçik drenlər çəkilməlidir ki, bunlar da torpağın şoranlığının azalmasına səbəb ola bilər. Belə tədbirlərin görülməsi pambığın məhsuldarlığını yüksəltməyə xeyli imkan verər.