İsa bəy Əbdülsalam bəy oğlu Hacınski () — Azərbaycan sahibkarı, neft sənayeçisi, xeyriyyəçi. Müsəlman Xeyriyyə Cəmiyyəti və Bakı Şəhər Dumasının (1896–1919) üzvü olmuşdur.

Həyatı İ. Hacınski 1860-cı ildə Bakıda anadan olub. O, Bakının digər tanınmış milyonçulardan fərqli olaraq adlı-sanlı zadəgan nəslinin nümayəndəsi olub. Ona atasından miras olaraq bir neçə mülk və böyük torpaq sahələri qalır. Məhz bu sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy 1903-cü ildə şəxsi neft kompaniyasını yaradır. Artıq bir neçə ildən sonra Hacinskiyə məxsus quyulardan çıxan neftin ümumi həcmi yarım milyon puda çatır. 1910-cu ilin rəsmi rəqəmlərinə görə, onun Balaxanıda fəaliyyət göstərən müəssisəsində sutka ərzində işləyən iki neft quyusu var idi ki, onlar da öz növbəsində 145 at gücündə olan 6 qazanxana ilə təchiz olunmuşdur. Bu quyularda yüksək ixtisaslı fəhlələr işləyirdi, onlara verilən əmək haqqı isə Nobelin, Rotşildin, Montaşovun işçilərinin aldığı puldan qat-qat çox idi. Yuxarıda qeyd etdiyimiz kimi İsabəy Hacinski neftxuda idi və onun Bibiheybətdə zəngin neft mədənləri var idi. Xəzər dənizindəki Çələkən yarımadası onun və qardaşı Kazım bəyin ixtiyarında idi. İsa bəyin həmçinin, Qara şəhərdə kerosin zavodu var idi. Zəngin Hacinskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, A. Cavad küçəsi, 12, Bül-Bül prospekti, 63, Füzuli küçəsi, 39 ünvanında və s. Bunlardan ən əzəmətlisi "Hacinskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır.

İsa bəy Hacınskiy uzun illər ərzində "Neft sənayesi və ticarət" cəmiyyətinin sədri olub, şəhər dumasının deputatı və Bakı Şəhər rəisi yanında neft işləri üzrə şirkətin üzvü olub. 240px|thumb|Bakı memarlığının incisi Hacinskinin evi Bakı bulvarının salınmasında İsa bəy Hacinski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara alır. Yeri gəlmişkən qeyd edim ki, ilk bulvarımız indiki Kukla teatrının binasından Azneftin binasına qədər olan sahəni əhatə edirmiş. Neftçilər prospekti, 103 ünvanında yərləşən binanın memarı erməni Misak Ter-Qriqoryans olmuşdur. İsa bəyin kontorası bu binanın birinci mərtəbəsində yerləşmişdir. Bina 1914-cü ildə hazır olub, burada bir sıra üslublara rast gəlmək olur: qotik, barokko, modern və s. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri olub. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu heykəllər məhv edilib. İsa bəy Hacınski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən daha artıq pul verib, çünki bina onun çox xoşuna gəlib. Məbləğ o qədər böyük olub ki, Misak Ter-Qriqoryans Bakıda özü üçün daha bir bina inşa edib. Hazırda həmin binada ABŞ səfirliyi yerləşir.

İsa bəy Hacinski 4 uşaq atası olub. O, özü ev təhsili almasına baxmayaraq, yazılanlara görə çox savadlı insan olub. Bir neçə xarici dil bilib: ərəb, fars, ingilis, fransız və alman. Övladlarına da yaxşı təhsil verib. Uzun müddət Bakı Kişi gimnaziyasının fəxri himayədarı olub. O, gimnaziyanın hesabına hər il 800 rubl əvəzinə, 1000 rubl vəsait köçürərmiş. Bir sözlə, təhsil sahəsində çoxlu xeyriyyəçi işlər görmüşdür. Gimnaziyanın azərbaycanlı məzunlarından 25 nəfəri İsa bəyin şəxsi hesabına Rusiyanın müxtəlif şəhərlərinə təhsil almağa göndərilmişdir. Qeyd etmək lazımdır ki, Hacinskilərin ilk yaşadıqları ev (indiki Füzuli, 39 ünvanında yerləşən bina) bu məktəbə yaxın yerdə yerləşirdi. İsa bəy Hacinski məktəbin bütün xərcini öz üzərinə götürmüdü, hətta şagirdlərin yay fəslində dincəlməsi üçün Pyatiqorsk yaxınlığında, Vladiqafqaz dəmir yolunun Karras stansiyası ərazisində boş torpaq sahəsi alıb orada gözəl bir mülk də tikdirmişdi… Gimnaziya pullu idi, amma kasıb uşaqları burada pulsuz təhsil alırdılar. Gimnaziyada hümanitar elmlərə – tarix, latın, yunan və fransız dilləri dərslərinə xüsusi fikir verilərdi. Buranı qurtaran tələbələr universitetlərə daxil olmağa hazırlaşardılar. Sonralar gimnaziyanın binasında Bakının 4 saylı şəhər xəstəxanası yerləşmişdir. Hazırda bina boşdur.

İsa bəy Hacinski 1918-ci il mart qırğınlarından sonra çox sarsılıbmış, evinə və biznesinə deyən zərər onun ölümünü tezləşdirir. 22 yanvar 1919-cu ildə Bakıda vəfat etmişdir.

Ailəsi İsa bəy Xeyrənnisə xanım Məhəmməd bəy qızı Xanlarova ilə ailə qurmuşdu. Sadıq bəy (1887–1929), Əhməd bəy (1890–1963), Əli bəy (1895–1956) adlı oğlanları, Zibeydə xanım (1907–1973) adlı qızı vardı.

Sadıq bəy İsa bəy oğlu Hacınski 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakıda İmperator III Aleksandr kişi gimnaziyasını bitirərək 1907-ci ildə Sankt-Peterburq İmperator Universitetinə ərizə yazıb və hüquq fakültəsinə qəbul olunmasını xahiş edib. Lakin daha sonra Qazan Universitetini ərizə yazıb burada oxuyub. 1916-cı ildə Qazan universitetinin hüquq fakültəsini bitirmişdir. Hüquqşünas Hacınski Bakının ictimai həyatında fəal iştirak edib. "Kaspi" qəzeti 7 sentyabr 1917-ci il tarixli sayında Bakı Müsəlman İctimai Təşkilatları Şurasında başlıqlı yazıda göstərib ki, Şuranın 5 sentyabrda keçirilən iclasında Əlimərdan bəy Topçubaşov onun sədri seçilib. Elə həmin yığıncaqda seçilən Şura üzvləri arasında Sadıq bəy Hacınskinin də adı var. "Kaspi" qəzeti 26 sentyabr 1917-ci il tarixli sayında isə Sadıq bəyin 7 nəfərlə birgə Müsəlman Komitəsi maliyyə bölümünə üzv seçildiyini yazıb. 1920-ci ildə Fransaya mühacirət etmişdir. O, 20 aprel 1929-cu ildə Parisdə vəfat etmişdir.

Əhməd bəy İsa bəy oğlu Hacınski 1890-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakıda İmperator III Aleksandr kişi gimnaziyasını bitirərək 1908-ci ildə Sankt-Peterburq İmperator Universitetinin rektoruna Bakıdan ərizə yazaraq fizikariyaziyyat fakültəsi tələbələri sırasına götürülməsini xahiş edib və həmin ildən orada oxumağa başlayıb. 1912-ci ildə fakültə dekanına ünvanladığı ərizəsində Universitetdə elmlərin tam kursunu bitirdiyini qeyd edib. 1920-ci ildə Fransaya mühacirət etmişdi. O, 1 aprel 1963-cü ildə Parisdə vəfat etmişdir. Sent-Ouen qəbiristanlığında dəfn edilmişdir.

Əli bəy İsa bəy oğlu Hacınski 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1915-ci ildə Bakıda İmperator III Aleksandr kişi gimnaziyasını bitirib. 15 iyun 1915-ci ildə Petroqrad İmperator Universitetinin rektoruna ərizə yazaraq hüquq fakültəsi tələbələri sırasına götürülməsini xahiş edib. Universitetdə təhsilini davam etdirməsi haqqında hər hansı bir məlumat yoxdur. 1920-ci ildə Fransaya mühacirət etmişdi. O, 1956-ci ildə Parisdə vəfat etmişdir.

Bolşevik hökuməti Azərbaycanı işğal etdikdən sonra oğlanları Sadıq, Əhməd və Əli bəy Fransaya qaçmış, qızı Zibeydə ilə həyat yoldaşı Xeyransa xanım isə heç yerə getməyib Bakıda qalıblar. Təmtəraqlı imarətlərindən 24 saat ərzində qovulan qadınlar Mərdəkandakı bağ evlərində də rahat yaşaya bilməyiblər. Bir həftədən sonra həmin evdən də qovulan ana-balaya qohumlarından heç kəs yardım etmək istəməyib. Yalnız Xeyransa xanımın yaxın qohumlarından biri onları küçədə qalmaqdan xilas edib və 1 otaqlı mənzildə milyonçu Hacinskinin qızına və həyat yoldaşına sığınacaq verib.

İstinadlar

Mənbə

Xarici keçidlər Архитектурные памятники Баку: дом Исабека Гаджинского Kateqoriya:Hacınskilər Kateqoriya:Bakı Şəhər Dumasının üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının I çağırış üzvləri Kateqoriya:Azərbaycan xeyriyyəçiləri Kateqoriya:Azərbaycanlı xeyriyyəçilər Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan mesenatları Kateqoriya:Azərbaycanlı mesenatlar Kateqoriya:Azərbaycan milyonçuları Kateqoriya:Azərbaycan neftçiləri