Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əmlak məsələləri Əkinçilik və Dövlət Əmlakı Nazirliyinin fəaliyyəti çərçivəsində tənzimlənirdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 13 avqust 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi yaradılmışdır.

24 dekabr 1999-cu ildə Dövlət Əmlak Komitəsi ləğv edilmiş, onun bazasında Dövlət Əmlakı Nazirliyi yaradılmışdır.

30 aprel 2001-ci ildə Dövlət Əmlakı Nazirliyi ləğv edilmiş, onun bazası da daxil olmaqla İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır.

16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmışdır.

19 may 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır.

5 fevral 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, onun müvafiq səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.

23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yaradılmışdır.

Fəaliyyət istiqamətləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə aşağıdakı vəzifələri həyata keçirir:

Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək; Müvafiq sahənin inkişafı üçün tədbirlər görmək; Müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək; Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsini təmin etmək; Dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək; Daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək; Ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; Daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək; Daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq.

Vəzifələri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsasnaməsinə uyğun olaraq, Xidmət aşağıdakı vəzifələri həyata keçirir:

Müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək; Müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək; Dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; Dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək; Dövlət Əmlakının Registrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək və s.

Hüquqları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsasnaməsinə uyğun olaraq, öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

Müvafiq sahədə islahatların aparılmasına dair Nazirliyə təkliflər vermək; Müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək; Nazirliklə razılaşdırmaqla, beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının ölkədə və ya xaricdə keçirilməsini təşkil etmək; Nazirliklə razılaşdırmaqla, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; Müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq; Fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək; Fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq; Fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə apardığı monitorinqlər zamanı qanun pozuntuları aşkar edildikdə hüquq mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək; Strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək və s.

Struktur

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı:

Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsi Torpaqlardan istifadəyə dövlət nəzarəti şöbəsi Əmlakın qiymətləndirilməsi və qiymətləndirmə fəaliyyətinə nəzarət sektoru Hüquq şöbəsi Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsi Ərazi və tabeli qurumlarla iş şöbəsi Daxili nəzarət şöbəsi İnsan resurslarının idarə edilməsi şöbəsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Maliyyə və təminat şöbəsi

Xidmətin strukturuna daxil olan ərazi şöbələri:

Bakı ərazi şöbəsi Sumqayıt ərazi şöbəsi (Xızı, Siyəzən) Abşeron ərazi şöbəsi Gəncə ərazi şöbəsi (Samux, Daşkəsən, Göygöl) Şirvan ərazi şöbəsi ( Saatlı, Sabirabad, Neftçala, Salyan, Hacıqabul) Mingəçevir ərazi şöbəsi (Yevlax, Ağdaş) Lənkəran ərazi şöbəsi (Lerik, Astara) Ucar ərazi şöbəsi (Kürdəmir, Göyçay, Zərdab Bərdə ərazi şöbəsi (Naftalan, Tərtər, Goranboy, Ağdam) Qazax ərazi şöbəsi (Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy) Xaçmaz ərazi şöbəsi (Quba, Qusar, Şabran) Beyləqan ərazi şöbəsi (Ağcabədi, Füzuli, İmişli) Cəlilabad ərazi şöbəsi (Biləsuvar, Masallı, Yardımlı) Şamaxı ərazi şöbəsi (Ağsu, Qobustan) Şəki ərazi şöbəsi (Qax, Zaqatala, Balakən) Qəbələ ərazi şöbəsi (İsmayıllı, Oğuz) Şərqi Zəngəzur ərazi şöbəsi (Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Qubadlı) Qarabağ ərazi şöbəsi (Xankəndi, Şuşa, Xocavənd, Ağdərə, Xocalı)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi. Qurumun tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC və 19 ərazi idarəsi fəaliyyət göstərir. "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsi "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələri

1 saylı Bakı Ərazi İdarəsi (Bakı şəhəri üzrə) 2 saylı Sumqayıt Ərazi İdarəsi (Xızı, Siyəzən) 3 saylı Gəncə Ərazi İdarəsi (Göygöl, Samux, Daşkəsən) 4 saylı Abşeron Ərazi İdarəsi 5 saylı Xaçmaz Ərazi İdarəsi (Quba, Qusar, Şabran) 6 saylı Beyləqan Ərazi İdarəsi (Ağcabədi, İmişli, Füzuli) 7 saylı Bərdə Ərazi İdarəsi (Naftalan, Goranboy, Tərtər, Ağdam) 8 saylı Cəlilabad Ərazi İdarəsi (Masallı, Biləsuvar, Yardımlı) 9 saylı Qəbələ Ərazi İdarəsi (Oğuz, İsmayıllı) 10 saylı Lənkəran Ərazi İdarəsi (Astara, Lerik) 11 saylı Şəmkir Ərazi İdarəsi (Gədəbəy) 12 saylı Şəki Ərazi İdarəsi (Qax) 13 saylı Şirvan Ərazi İdarəsi (Salyan, Sabirabad, Neftçala, Saatlı, Hacıqabul) 14 saylı Şamaxı Ərazi İdarəsi (Ağsu, Qobustan) 15 saylı Tovuz Ərazi İdarəsi (Ağstafa, Qazax) 16 saylı Ucar Ərazi İdarəsi (Göyçay, Kürdəmir, Zərdab) 17 saylı Yevlax Ərazi İdarəsi (Mingəçevir, Ağdaş) 18 saylı  Zaqatala Ərazi İdarəsi (Balakən) 19 saylı Xankəndi Ərazi İdarəsi (Laçın, Şuşa, Xocalı, Ağdərə, Xocavənd)

İslahatlar Daşınmaz əmlak hüquqlarının qeydiyyatı və dövlət əmlakının özəlləşdirilməsi sahələrində hüquqi prosedurların təkmilləşdirilməsi məqsədilə müxtəlif illərdə dövlət proqramları və normativ hüquqi aktlar qəbul edilmişdir.

29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq edilmişdir.

10 avqust 2000-ci il tarixli, 383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram çərçivəsində dövlət müəssisələrinin, qeyri-yaşayış sahələrinin və digər dövlət əmlakının özəlləşdirilməsi davam etdirilmişdir.

13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Bu sənədlərin siyahıya daxil edilməsi əvvəlki illərdə, o cümlədən sovet dövründə verilmiş sənədlər əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqi əsasların müəyyənləşdirilməsinə xidmət etmişdir.