Çapand — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Horovlu kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Coğrafiyası Çapand kəndi rayon mərkəzindən — Cəbrayıl şəhərindən 14 km cənub-şərqdə, düzənlikdə, təqribən 315 m hündürlükdə yerləşir.

Tarixi 1933-cü il üçün olan vəziyyətə görə, Horovlu, Çapand və Papı məskun yerləri ASŞC-nin Cəbrayıl rayonunun Horovlu kənd şurasının tərkibində idi.

Azərbaycan SSR 1961-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə Cəbrayıl rayonunun tərkibində Çapand adında yaşayış məntəqəsi qeyd olunmur. Azərbaycan SSR 1977-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə də Cəbrayıl rayonunun tərkibində Çapand adında yaşayış məntəqəsi qeyd olunmur.

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Çapand kəndi 1993-cü ilin avqust ayında işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsi zamanı, 2 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.

Əhalisi A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az.XTUİ) tərəfindən 1933-cü ildə hazırlanmış "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il üçün vəziyyətə görə, Cəbrayıl rayonunun Horovlu kənd şurasının Çapand məskun yerində 32 təsərrüfat və 116 sakin var idi. Kənd şurasının əhalisinin 99,8%-i türklərdən (azərbaycanlılardan) ibarət idi.

Azərbaycan Milli Ensiklopediyasına əsasən, Çapand kəndində 2011-ci ildə 178 nəfər əhali qeydiyyatda idi.

İqtisadiyyatı Keçmişdə kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edirdi. İşğal vaxtı kənd dağıntılığa məruz qalmışdı.

2023-cü ildə xəbər verilmişdi ki, Baş planına əsasən, köhnə Horovlunun ərazisini əhatə edən Horovlu kəndi bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Horovlu kəndinin təməli 4 may 2023-cü ildə qoyulmuş, 28 oktyabr 2025-ci ildə kəndin birinci mərhələsinin açılışı baş tutmuşdu.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri