Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Səfəvi dövlətində sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı.
Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir. Bəzi mənbələrdə bədənin bu hissəsinə qəlb deyilir. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi "sədrneşin", yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan "sidr" ağası kimi, ya da məclisdə başda oturan mənasını da verməkdədir.
Tarixi I Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra ondan əvvəl bölgədə hökmranlıq edən Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış və onların dövlət quruluşu və divan sisteminə bənzər bir təşkilat yaratmışdı. Azərbaycan Səfəvilər səltənətinin qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar təşkil edirdi.Dini və qəzai mövqelərə isə seyid, müctəhid, şeyxlər, üləmalar arasından seçilən şəxslər təyin edilirdi.Bu barədə İsgəndər bəy Münşi yazır:
"Bu vilayət nişanəli sülaləsində qayda bu cür idi ki, seyidləri və ruhaniləri himayə etmək, onların işlərinə cavabdeh olmaq, vəqflərin idarə olunması və şəriətin yayılması üçün vəsaitlərin xərclənməsi kimi öhdəliklər daşıyan sədarət vəzifəsi yüksək dərəcəli və pəhrizkar seyidlərdən savayı, digər bir kimsəyə tapşırılmazdı."
Belə ki, Şah İsmayıl həm hərbi həm siyasi həm də dini məqamları bir yerdə cəmləmək, onları dövlət məqsədləri çərçivəsində istiqamətləndirmək və Səfəvi dövləti ərazisində şiələşdirmək siyasətini həyata keçirmək üçün sədarət vəzifəsini yaratdı. Bu vəzifəni ilk icra edən şəxs isə Şah İsmayıla səltənət tacını taxan Qadı Şəmsəddin Mövlana Lahıcı Gilani olmuşdur. Bu barədə Həsən bəy Rumlu "Əhsən ət-Təvarix" əsərində yazır:
"İllərlə Ağqoyunlu sultanlarına vəzirlik etmiş Əmir Şəmsəddin Zəkəriyya bu il İsgəndər şanlı xaqanın büsatını öpmək şərəfi ilə iftixar qazanıb başı uca oldu. Şahanə lütfkarlıq onun halına şamil olundu və ali divan vəzirliyi mənsəbi ona verildi. Sədarət isə Mövlana Şəmsəddin Gilaniyə həvalə edildi."Şah Təhmasib dövrünün mühüm təzkirəçilərindən olan Sam Mirzə "Töhfeyi-Sami" təzkirəsində Qadı Şəmsəddin Gilaninin tərcümeyi-halına əsaslanaraq sədr vəzifəsinə təyin edilmək üçün insanlarda tələb olunan xüsusiyyətləri qeyd etmişdir. Mövlana Şəmsəddin indiki İranın şimalında Lahican bölgəsində anadan olmuş, Şah İsmayıl tərəfindən dövlətin sədarət vəzifəsinə təyin olunduqdan sonra şahzadələrin tərbiyəsi ilə məşğul olmuş, 90 yaşında vəfat etmişdir.
Şah İsmayılın hakimiyyəti dövründə sədrlər Şah İsmayılın 24 illik hakimiyyəti müddətində 6 müxtəlif şəxs bu vəzifəni icra etmişdir. Bu şəxslərin adları bir çox Səfəvi dövrü mənbələrində zikr edilmişdir. Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni h.907-ci (1501) ildə Qazi Şəmsəddin Gilani sədr təyin edilmişdi. H.909-cu (1503–1504) ildə dövlət şurasında qəbul edilən qərara əsasən Qazi Məhəmməd Kaşi sədrlik vəzifəsində Mövlana Şəmsəddin Gilani ilə şərik olur. Professor Zabil Bayramlı qeyd edir ki, sədr-i xassə və sədr-i ammə arasında ilk iş bölgüsü bu hadisədən sonra əmələ gəlib.H.915-ci (1509–1510) ildə Qazi Məhəmməd Kaşi əmarət ilə sədrlik vəzifəsini eyni vaxtda apararaq xalqa zülm edir, müxtəlif vasitələrlə müsəlmanların mallarını əllərindən alırdı. Yəzdə, Kaşana, Şiraza isə hakimlik edirdi. O, Kaşan şəhərinin əşrəf əyan və üləmalarından idi. Lakin seyid deyildi. Həmin ilin səfər ayında (may, 1509) Şah İsmayılın fərmanı ilə o, öldürülür və sədrlik vəzifəsi şəriksiz Mir Seyid Şərif Şiraziyə həvalə edilir.Onun bu vəzifəni şəriksiz idarə etməsinin səbəbi Şah İsmayılın bu vəzifəyə nüfuzlu və seçkin bir şəxsi gətirərək sədrlik məqamının əvvəlki etibarını bərpa etmək idi.Qazi Əhməd Qaffari yazır ki, Şah İsmayıl sədrlik vəzifəsini Mir Seyid Şərif ibn Tacəddinə verdiyi vaxtdan indiyə qədər həmin vəzifəyə yalnız seyidlər nəslindən olan şəxslər təyin olunur.Mir Seyid Şərif Şirazi bu vəzifəni iki dəfə icra etmişdir. İlk sədrlliyi 1510–1512-ci illərə təsadüf edir. Mənbələr yazır ki, o nüfuzu gücləndiyi üçün özünə yeni düşmənlər qazanmışdı ki, onlardan biri də etimad-üs-səltənə Mir Nəcməddin Məsudi Sani idi. Lakin Mir Seyid Şərif Şirazi taleyinin Qazi Məhəmməd Kaşi kimi olacağından qorxuya düşüb, Nəcməddin Sani ilə ixtilafa girməmək üçün bu vəzifədən istefa etdi. Onu istefasından sonra bu vəzifəyə kimin təyin edildiyi barədə mənbələrdə müxtəlif fikirlər mövcuddur. Bir çox qaynaq Mir Seyid Şərif Şirazidən sonra Seyid Əmir Zahirəddin Əbdülbaki Yəzdinin təyinatı barədə həmfikir olsa da, İsgəndər bəy Münşi "Tarix-i Aləmara-yi Abbasi" əsərində bu şəxsin Mir Cəmaləddin Astrabadi olduğunu qeyd edir.Seyid Əmir Zahirəddin Əbdülbaki Yəzdi 1512-ci ildə sədr təyin edilmiş, qısa müddətdə şahın etimadını qazanmış sədrliklə yanaşı vəkil vəzifəsinin icrası da ona tapşırılmışdı. 1514-cü ildə Əmir Nəcməddin Saninin ölümündən sonra isə sədrlikdən azad edilib vəzir və əmir əl-üməra vəzifəsinə təyin edilmişdir.Mir Seyid Şərif Şirazi ikinci dəfə 919-cu hicri/1514-cü ildə Seyid Əmir Zəhirəddin Əbdülbaki Yəzdinin vəzir və əmir əl-üməra təyin olunmasından sonra boş qalan sədr vəzifəsinə təyin edildi.Hicri 921/m.1514-cü ildə Çaldıran düzündə Osmanlı İmperiyası ilə Səfəvi imperiyası arasında baş verən döyüşdə Mir Seyid Şərif Şirazi ordu komandanı kimi döyüş meydanında idi. O bu döyüşdə vəfat etmişdir.
Əbdi bəy Şirazi "Təkmilətül-əxbar" əsərində Çaldıran döyüşündən sonra sədarət məqamının Seyid Abdullah Laleyi Təbriziyə, az müddət sonra isə şiəliyinə şübhə olmayan Mir Cəmaləddin Məhəmməd Şirəngi Astrabadiyə verildiyini yazır.Seyid Abdullah Laləyi Azərbaycanın böyük seyidlərindən, alimlərindən biridir. Sünni Zəhəbiyə firqəsinə mənsubdur. Atası Nizaməddin Əhməd Laleyi Ağqoyunlu Uzun Həsən dövründə Azərbaycanda nüfuzlu şəxslərdən biri idi.H.930-cu (1524) ildə sədrlik vəzifəsi yenidən şərikli halda Mir Qəvaməddin Hüseyin Nəqib İsfahani ilə Əmir Cəmaləddin Məhəmməd Astrabadiyə tapşırılır.Cəmaləddin Məhəmməd Astrabadi, H. 931/M.1525-ci ildə vəfat edənə qədər təxminən on bir il sədr kimi xidmət etmişdir. Onun sədrliyi Şah İsmayılın hakimiyyətinin son illəri ilə Şah Təhmasibin hakimiyyətinin ilk illərini əhatə edir.
Şah Təhmasibin hakimiyyəti dövründə sədrlər Təsəvvüf təriqətləri və dərviş lojaları ənənəsi ilə qurulan Səfəvilər dövləti inkişaf və qurumlaşma dövründə də bu xarakterini davam etdirmişdir. Lakin bu dövrdə xüsusilə divan təsisatları inkişaf etmiş və Səfəvilər dövləti köçərilikdən oturaq dövlət sisteminə keçid edərək təşkilatlanmağa çalışmışdır. Yenə bu dövrdə dövlət təşkilatında bir çox qurum və təsisatlarda olduğu kimi, sədr vəzifəsində də mühüm dəyişikliklər baş vermişdir. Bu dövrdə sədr vəzifəsi şeyxülislamlıq vəzifəsinə qarşı gücünü itirsə də, rəsmi kimlik qazanmış, şurada özünə yer tapmış, şəriət-qəzai hakimiyyətləri, həbs və məhkəmə üzərində nüfuzunu davam etdirmişdir. I Şah Təhmasib təxminən 52 il hakimiyyətdə olmuş və bu müddətdə 10 dəfə sədr təyin etmişdir. İsgəndər bəy Münşi bu şəxslərin adlarını və xronoloji ardıcıllığını aşağıdakı kimi verir:
Mir Cəlaləddin Məhəmməd Astrabadi Mir Qıvaməddin Hüseyn İsfahani Mir Nemətullah Hüseyni Hilli Mir Qiyasəddin Mənsur Şirazi Mir Müizəddin İsfahani Şah Təqiəddin Məhəmməd İsfahani Mir Məhəmməd Yusif Astrabadi Mir Əsədulla Şuştəri Mərəşi Mir Miran Qiyasəddin Məhəmməd
Şah Təhmasib dövrünün ilk sədri Mir Cəmaləddin Astrabadi idi. Cəmaləddin Astrabadi Şah Təhmasibin yaşının az olmasından istifadə edib nüfuzunu xeyli gücləndirmiş hətta öz vəzifəsini irsən oğlu Əmir Seyfəddinə ötürmək istəmişdi. Lakin Səfəvi dövlətinin daxili siyasətində baş verən dəyişikliklər buna mane olmuşdu. Hətta Şah Təhmasib onu Qiyasəddin Mənsur Şirazi ilə birgə sədr etmək istəsə də bu fikir həyata keçməmişdi.1525-ci ildə Cəmaləddin Astrabadinin ölümündən sonra Şah Təhmasibin ikinci sədri Əmir Qıvaməddin Hüseyn İsfahani tək sədr oldu. Onun hansı tarixdə sədr seçilməsi ilə bağlı mənbələrdə məlumatlar müxtəlifdir. Həsən bəy Rumlu, Budaq Qəzvini və Əbdi bəy Şirazi onun 1524-cü ildə, Seyid Həsən ibn Murtaza Hüseyni Astrabadi isə 1526-cı ildə sədr seçildiyini yazmışdır.O 1530-cu ilə yəni ölümünə qədər sədr vəzifəsini icra etmişdir. 1529-cu ildə Şah Təhmasibin əmri ilə Əmir Nemətulla Hilli onunla şərikli olaraq sədr təyin edildi. "Aləmara-yi Şah Təhmasib" əsərində bu barədə yazır:
"Bu ildə həzrət-i Şah-ı Din-pənah Əmir Nemətulla hillini sədarət məqamında Əmir Qıvaməddin Hüseyn ilə şərik etdi."
Əmir Nemətullah Hilli Təhmasib dövrünün 3-cü sədri olub İraqın Hillə şəhərindən, böyük seyid nəslindən idi. Çox keçmədən onun şeyxülislam Əli ibn Əbdüləli Kərəki ilə arasında ixtilaf baş verdi. Bu ixitlaf barədə Rumlu yazır
"O, "Həzrəti-Xatəmül-müctəhidin" (müctəhidlərin möhürü) və "Varisi-ülumi-seyyidül-mürsəlin" (peyəmbərlər ağasının elmlərinin varisi) ləqəblərinə malik olan Əli ibn Əbdüləlinin tələbələrindən idi və onun bütün tərəqqisi o həzrətin elmindən istifadə etməsi səbəbindən üz vermişdi. Amma axırda nankorluq edərək o həzrətin haqqını tapdalamışdı. Belə ki, Xatəmül-müctəhidinlə Şeyx İbrahim Qətifi arasında münaqişə vardı və sözügedən Əmir Nemətulla öz müəlliminə məhəl qoymayaraq bəzi fiqhi məsələlərdə onun rəqibinin tərəfini saxlayırdı. Bəzən isə xilafət təyinatlı taxtın ətəyində olduğu vaxt İbrahim Qətifiyə məktub yazırdı və onu Həzrəti-Xatəmül-müctəhidinin ziyanına səbəb ola biləcək işlərə həvəsləndirirdi. Amma haqqında bu cür söz-söhbətlərin yayılmasına baxmayaraq, Xatəmül-müctəhidinin şanına nöqsan yol tapmadı. Əmir Nemətulla isə çeşidli dini və dünyəvi azarlara və zərərlərə düçar oldu."