Otto Landsberq (; ) — Almaniya hüquqşünas, siyasətçi və diplomatı, Almaniya Sosial-Demokrat Partiyasının (SPD) rəhbər xadimlərindən biri. O, 1918-ci il Noyabr inqilabı nəticəsində təşkil olunan müvəqqəti inqilabi hökumətdə — Xalq Müvəkkilləri Şurasında məsələlər üzrə xalq müvəkkili kimi fəaliyyət göstərmişdir.
Landsberq 1919-cu ildə Şeydemann kabinetində Veymar Respublikasının ilk Reyxsədliyyə naziri () vəzifəsini icra etmiş, həmçinin Paris sülh konfransında Almaniya nümayəndə heyətinin tərkibində yer almışdır.
Erkən illəri və hüquq fəaliyyəti Otto Landsberq 1869-cu ildə Yuxarı Sileziyanın Ribnik şəhərində (indiki Polşa) yəhudi mənşəli həkim ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini bitirdikdən sonra Breslau Universitetində hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır.
1895-ci ildən Maqdeburq şəhərində vəkil kimi fəaliyyətə başlayan Landsberq qısa müddətdə tanınmış hüquqşünasa çevrilmişdir. O, xüsusilə fəhlələrin, həmkarlar ittifaqı üzvlərinin və siyasi təqiblərə məruz qalan sosial-demokratların məhkəmə proseslərində müdafiəçi kimi çıxış etmişdir.
1890-cı ildə sosial-demokratik mətbuatla əməkdaşlıq etməyə başlayan Landsberq 1903–1909-cu illərdə Maqdeburq Şəhər Məclisinin üzvü seçilmişdir. 1912-ci ildə Maqdeburq seçki dairəsindən Reyxstaqın deputatı seçilmişdir.
Siyasi fəaliyyəti
Birinci Dünya müharibəsi və Noyabr inqilabı Birinci Dünya müharibəsi dövründə Landsberq SPD-nin sağ-mərkəzçi cinahında yer alaraq Fridrix Ebert və Filipp Şeydemannın siyasi xəttini dəstəkləmişdir. O, reyxin hərbi kreditlərinin lehinə səs vermiş və partiyanın pasifist cinahına (gələcək USPD) kəskin müxalifətdə durmuşdur.
1918-ci il Noyabr inqilabı zamanı monarxiya devrildikdən sonra, 10 noyabr 1918-ci ildə təşkil olunan Xalq Müvəkkilləri Şurasına () SPD adından üzv seçilmişdir. Landsberq hökumətdə ədliyyə, mətbuat və mərkəzi icra aparatı məsələlərinə rəhbərlik edirdi. 29 dekabr 1918-ci ildə USPD nümayəndələri hökumətdən istefa verdikdən sonra Landsberq Maliyyə Nazirliyinə də cavabdehlik daşımağa başlamışdır.
Ədliyyə naziri və Versal müqaviləsi 13 fevral 1919-cu ildə Veymar Respublikasının ilk rəsmi hökuməti olan Şeydemann kabinetində Otto Landsberq Reyxsədliyyə naziri təyin olunmuşdir. O, yeni yaradılan respublikanın hüquq sisteminin unifikasiyası və konstitusiya islahatlarının hazırlanmasında mühüm rol oynamışdır.
1919-cu ilin mayında Landsberq Versal sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün Parisə göndərilən Almaniya nümayəndə heyətinin tərkibinə daxil edilmişdir. Müttəfiq dövlətlərin təqdim etdiyi ağır sülh şərtlərini "milli alçaldılma" kimi qiymətləndirən Landsberq sənədi imzalamaqdan qətiyyətlə imtina etmiş və 20 iyun 1919-cu ildə bütün kabinetlə bərabər istefa vermişdir.
Diplomatik və parlament fəaliyyəti İstefadan sonra Landsberq diplomatik xidmətə keçərək 1920–1923-cü illərdə Almaniyanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərmişdir.
1924-cü ildə diplomatik missiyasını başa vuraraq Berlində vəkillik fəaliyyətinə qayıtmışdır. 1924–1933-cü illərdə Reyxstaqın deputatı olan Landsberq sosial-demokratların hüquq siyasəti üzrə əsas spikeri kimi çıxış etmiş, respublika formasını və konstitusiyanı radikal sağçı və solçu təhlükələrdən müdafiə etmişdir.
Mühacirət və vəfatı 1933-cü ildə Adolf Hitlerin hakimiyyətə gəlməsi və Reyxstaq yanğınından sonra yəhudi mənşəli və sosial-demokrat olan Landsberq üçün həyati təhlükə yaranmışdır. O, əvvəlcə Çexoslovakiyaya, daha sonra isə Niderlanda mühacirət etmişdir.
1940-cı ildə Niderland Nasist Almaniyası tərəfindən işğal edildikdən sonra Landsberq saxta sənədlərlə gizlənməyə məcbur olmuşdur. O, yerli müqavimət şəbəkəsinin və dostlarının köməyi ilə Holokostdan sağ çıxmağı bacarmışdır.
Müharibədən sonra səhhəti imkan vermədiyindən Almaniyaya qayıtmamış və Niderlandın Baarn şəhərində yaşamağa davam etmişdir. Otto Landsberq 9 dekabr 1957-ci ildə 88 yaşında Baarn şəhərində vəfat etmişdir.
Əsərləri Die Entstehung der Reichsverfassung (1923) Die Morde in der Chausseestraße (1919)
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Biography/Deutsches Historisches Museum (German) Otto Landsberg Collection at the International Institute of Social History