Məryəm Axundova () Rusiyada Azərbaycan diasporunun fəal üzvlərindən biri, tarixçi və araşdırmaçı jurnalist. Uşaqlıqda tarixə olan marağı onu Rusiya Dövlət Humanitar Elmlər Universitetinə gətirib çıxardı və 1997-ci ildə tarix üzrə magistr dərəcəsi aldı. Universitetdə ingilis və yapon dillərini öyrənib. Tarixçi olmağa hazırlaşarkən, hələ məktəbli ikən Kilsə Slavyan Kiril əlifbasını öyrənib və qədim rus əlyazmalarını və çap kitablarını sərbəst oxuyub. 18 yaşında könüllü və seçim yolu ilə pravoslavlığı qəbul edib. Həm tələbə ikən, həm də məzun olduqdan sonra Krımda qazıntılarda, arxeoloji ekspedisiyalarda iştirak edib. Xalq musiqisinə, xüsusən də müqəddəs musiqiyə - əvvəlcə rus, sonra Şərq və nəhayət Qərb musiqisinə dərin maraq və sevgisi britaniyalı Queen qrupunun yaradıcılığını dərindən araşdırmağına səbəb olmuşdu. Axundova 5 may 2012-ci ildə qəfil ürək çatışmazlığından vəfat etmişdir.
Həyatı Məryəm Axundova 9 sentyabr, 1974-cü ildə Moskvada anadan olmuşdur. Uşaqlıq illərindən tarixə, incəsənətə və musiqiyə maraq göstərirdi. Hətta bəzi mənbələr onu musiqi tarixçisi deyə adlandırırlar. Onun anası, Azərbaycan SSR əməkdar incəsənət xadimi, şairə və tərcüməçi Alla Axundova Məryəmin musiqiyə marağının muğam ifaçısı Alim Qasımovdan başladığını bildirmişdir. O, Alim Qasımovun muğam ifalarını kiçik yaşlarından dinləyirdi.
Orta məktəbi bitirdikdən sonra Rusiya Dövlət Humanitar Universitetinin tarix fakultəsinə qəbul olunmuşdur. Universiteti 1997-ci ildə magistr olaraq bitirmişdi. O, həm tarixçi, həm də musiqi tarixi üzrə araşdırmaçı jurnalist olaraq fəaliyyət göstərirdi. Onu ictimaiyyətə məşhur edən araşdırması isə məşhur "Queen" qrupunun əsas solisti Freddi Merkyuri haqqında apardığı tədqiqatlar olmuşdur. Axundova Merkyuri haqqında tamamilə alternativ fikirlər formalaşdıran geniş araşdırma işini 2 kitab şəklində cəmləmişdi. Birinci kitabı Axundovanın sağlığında çap edilmiş, ikinci kitabı isə ölümündən sonra anası tərəfindən nəşrə təqdim edilmişdi. Belə ki, Məryəm Axundova 5 may, 2012-ci ildə qəfil ürək çatmamazlığından vəfat etmişdi.
Fəaliyyəti Rusiyada Azərbaycan diasporunun üzvlərindən biri kimi Məryəm Axundova “Azerbaydjanskiy konqres” qəzetində işləmişdir. O, eləcə də pravda.ru saytının ştatdankənar müxbiri idi. Ölümündən sonra onun haqqında nəşr olunan kitaba () həyatının son illərində yazdığı məqalələr daxil edilmişdir. Nəşrin müqəddiməsində qeyd olunduğu kimi kitab müxtəlif illərin jurnalist mətnlərinə —reportajlara, esselərə, müsahibələrə və məqalələrə əsaslanır. Lakin Axundovanı daha çox məşhur edən və böyük mübahisələr yaradan işi Freddi Merkyuri haqqında yazmış olduğu kitablar olmuşdu. Axundovanın rok ulduzu haqqında formalaşdırdığı fikirlər tamamilə fərqli və unikal olduğundan bu fikirləri bəzən "Axundizm" nəzəriyyəsi olaraq da qeyd edirlər.
"Freddi Merkyuri Hekayəsi" () adlı kitabında Axundova Merkyuri ətrafında sui-qəsd təklif edən ilk şəxslərdən biri olub və onun sui-qəsdinin mümkün səbəblərini açıq şəkildə göstərib. Axundovanın kitabı Queen pərəstişkarlarını iki qrupa bölüb: nəzəriyyəni gülüş hədəfinə çevirib rədd edənlər və Axundovanın qrupun solisti haqqında həqiqəti üzə çıxardığına səmimi qəlbdən inananlar. Bu kitabda Freddi Merkyurinin yaradıcılığı ilk dəfə olaraq sənətçinin mənəvi dünyasına dərin təsir göstərmiş Zərdüştçülük və Xristianlıq dinləri baxımından araşdırılır. Zərdüştlük mühitinin müğənninin şəxsiyyətinə təsirinə xüsusi diqqət yetirilir. Axundova özü kitabın ön sözündə əsər haqqında ətraflı məlumat vermiş və istifadə etdiyi ədəbiyyat siyahısını təqdim etmişdi.
Axundovanın Freddi Merkyuri haqqında yazmış olduğu ikinci kitabı "Freddi Merkuri. Oğurlanmış ömür" () onun ölümündən bir il sonra 2013-cü ildə nəşr olundu. İkinci kitabda da birincidə olduğu kimi Britaniya rokunun parlaq ulduzunun şərəf və ləyaqəti müdafiə edildi. Məryəm Axundovanı bu ikinci kitabı yazmağa sövq edən səbəblər yenə də onun ön sözündə təsvir edilmişdir. O, Freddi Merkyurinin mənşəyi, həyatı, işi və ölümünün niyə hələ də sirr olaraq qaldığının səbəblərini bu kitabda açıqlamağa çalışmışdı.
Moskvada, 2013-cü ilin sonlarında Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) ofisində Məryəm Axundovanın həyatının son illər fəaliyyətini özündə cəmləmiş “Yalnız həqiqət...” və “Freddi Merkuri. Oğurlanmış ömür” kitablarının təqdimatı olmuşdur. Kitabların təqdimatında iştirak etmiş Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova Məryəmin şəxsiyyət kimi Azərbaycan və Rusiya mədəniyyətlərinin kəsişməsində formalaşdığını qeyd etmişdir. ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Məryəm Axundovanın fəaliyyətini yaradıcılıq adlandıraraq onun xarici ölkələrdəki Azərbaycan jurnalistikasında dərin iz qoyduğunu vurğulamışdır. “Azerbaydjanskiy konqres” qəzetinin baş redaktoru Rüstəm Arifcanov Məryəmin kitabını şərh edərək bildirmişdir ki, "bu kitab gənc nəsli, bəlkə də özümüzü başa düşmək üçün çox vacibdir”.
Axundizm Axundizm Məryəm Axundovanın Freddi Merkyuri haqqında irəli sürdüyü və əslində rəsmi məlumatlara zidd olduğu üçün daha çox sui-qəsd və ya konspirasiya nəzəriyyəsi kimi qəbul edilir.
Axundovanın Freddi Merkyuri nəzəriyyəsi artistin rəsmi tərcümeyi-halının inkarına əsaslanır və əsasən aşağıdakı istiqamətlərdə cərəyan edir:
Cinsi oriyentasiya və xəstəliyin inkarı: Merkyurinin gey və ya biseksual olmadığı, heç vaxt əxlaqsız həyat tərzi sürmədiyi və QİÇS xəstəliyinə tutulmadığı iddia edilir. Sui-qəsd və qətl nəzəriyyəsi: Axundovanın sözlərinə görə, tabloidlər və şou-biznes musiqiçiyə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparıb və onun erkən ölümü qəsdən törədilmiş siyasi və ya ritual qətl olub. Gizli Mənşə: Axundova ikinci kitabında daha da irəli gedərək iddia edir ki, Farux Bulsara, yəni F.Merkyuri Zənzibardan olan bir parsi ailəsindən deyil, dərin dindar xristian olan Britaniya lordunun (Mauntbettenlər nəslinə aid edir) guya qanunsuz oğludur. Gizli mənaların axtarışı: "Queen"-nin mahnı sözləri və videoları yalnız dini vəhylər, kütlələrin beyin yuyulmasına qarşı mübarizə və qlobal şərlə gizli qarşıdurma prizmasından şərh olunur.
Cəmiyyətdə qavrayış Axundovanın kitabları böyük bir ajiotaj yaratdı və Queen fanat icmasını parçaladı:
Tənqid: Musiqi jurnalistləri, tarixçilər və Queen qrupunun əksər pərəstişkarları "Axundizm"ə şübhə ilə və ya açıq şəkildə istehza ilə yanaşırlar. Nəzəriyyə faktların kobud şəkildə manipulyasiyası, daxili məntiqi uyğunsuzluqlarına görə tənqid olunur. Tərəfdarlar ("Axundçular"): Məryəmin dünya hökuməti və prodüserlər tərəfindən gizlədilən "əsl həqiqəti" aşkar etdiyinə inananlar da var. Onlar Axundizm nəzəriyyəsinin sadiq davamçıları hesab olunurlar. Hətta Məryəm Axundovanın 2012-ci ildə ürək çatışmazlığından vəfat etməsini belə izləyicilər təhlükəli araşdırmaları ilə əlaqələndirirlər.
İstinadlar
Kateqoriya:Azərbaycan diasporu Kateqoriya:Jurnalistlər Kateqoriya:Araşdırmaçı jurnalistika Kateqoriya:Tarixçilər Kateqoriya:1974-cü ildə doğulanlar Kateqoriya:2012-ci ildə vəfat edənlər