Möcüzəli: Parabüzən və Qara Pişiyin macəraları (ing. Miraculous: Tales of Ladybug and Cat Noir) Tomas Astruk tərəfindən yaradılan və Ceremi Zaq tərəfindən inkişaf etdirilən fransız cizgi superqəhrəmanı televiziya serialıdır. Serial Fransanın Miraculous Corp. şirkəti (Mediawan və ZAG Entertainment şirkətlərinin müştərək müəssisəsi) tərəfindən istehsal olunur. Serialın istehsalında həmçinin Yaponiyanın Toei Animation studiyasının Avropa bölməsi eləcə də bir neçə beynəlxalq şirkətlər birlikdə iştirak edir.
Serial Parisdə yaşayan iki yeniyetmədən, yəni Marinet Düpen-Çenq və Edriyn Aqrestdən bəhs edir. Onlar müvafiq olaraq Parabüzən və Qara Pişik adlı superqəhrəmanlara çevrilərək şəhəri əsas düşmənləri olan Şahin Güvə tərəfindən yaradılan superbədxahlardan qoruyurlar.
Serial 2015-ci il oktyabrın 19-da Fransada TF1 / TFX kanalının TFOU yayım blokunda efirə verilməyə başlamazdan əvvəl ilk dəfə 2015-ci il sentyabrın 1-də Cənubi Koreyada EBS1 kanalında efirə verilib. Beynəlxalq miqyasda serial əsasən Disney şirkətinə məxsus kanallarda və ya Disney+ platformasında yayımlanır. Bununla belə, bəzi ölkələrdə istisnalar mövcuddur.
Serial əsasında müxtəlif komikslər, romanlar və video oyunlar da daxil olmaqla bir sıra məhsulları əhatə edən media franşizası yaradılıb. Serialın film adaptasiyası olan "Parabüzən və Qara Pişik: Güclərin oyanışı filmi 2023-cü ildə kinoteatrlarda nümayiş etdirilib və filmin premyerası Fransada baş tutub.
Xülasə
Serial müasir dövrdə Parisdə cərəyan edir və iki yeniyetmənin, yəni Marinet Düpen-Çenq və Edriyn Aqrestin macəralarından bəhs edir. Şər qüvvələr ortaya çıxanda onlar müvafiq olaraq Parabüzən və Qara Pişik adlı superqəhrəmanlara çevrilirlər. Bunun üçün «Möcüzələr» adlanan sehrli zinət əşyalarından istifadə edirlər: yaradılış gücünə malik Parabüzən Möcüzəsi və məhvetmə gücünə malik Qara Pişik Möcüzəsi. Marinet və Edriyn bir-birlərinə qarşı olan hissləri ilə mübarizə aparırlar, lakin heç biri digərinin gizli kimliyindən xəbərdar deyil. Marinet Edriynı sevir, amma Qara Pişiyi sevmir; Edriyn isə Parabüzənə aşiqdir, lakin Marinetə qarşı eyni hissləri keçirmir.
1–3-cü sezonlarda onların əsas düşməni Şahin Güvə, 4-cü sezonda Kölgə Güvə, 5-ci sezonda isə Monarx adlı superbədxahdır. Qəhrəmanların bilmədiyi həqiqətə görə, onun əsl kimliyi Edriyniı atası Qabriel Aqrestdir. Güvə Möcüzəsindən istifadə edərək o, mənfi enerji ilə yüklənmiş kəpənəklər olan akumalar yaradır. Bu akumalar mənfi emosiyalar yaşayan adi parisliləri akumalayır. Beləliklə, Şahin Güvə həmin insanları idarə edə və onları superbədxahlara çevirə bilir. Onun məqsədi Parabüzən və Qara Pişiyin Möcüzələrini ələ keçirmək və onların birləşmiş gücündən istifadə edərək həyat yoldaşı Emilini yenidən həyata qaytarmaqdır. Emili serialdakı hadisələrdən əvvəl zədələnmiş Tovuzquşu Möcüzəsindən istifadə etdiyi üçün komaya düşüb. Şahin Güvəyə bəzən köməkçisi Natali Sənkör də kömək edir. Natali Tovuzquşu Möcüzəsindən istifadə edərək müxtəlif forma və qabiliyyətlərə malik sehrli canlılar olan hiss bədheybətləri yarada bilir.
Şahin Güvənin bədxahları getdikcə gücləndikcə Möcüzələrin qoruyucusu Usta Fu Marinetə əlavə Möcüzələrdən müvəqqəti istifadə etməyə və sinif yoldaşları ilə dostlarını superqəhrəman kimi komandaya cəlb etməyə icazə verir. Nəhayət, Şahin Güvə Usta Funun kimliyini ifşa edir və bu, Usta Funu Marineti yeni qoruyucu təyin etməyə məcbur edir. Natali zədələnmiş Tovuzquşu Möcüzəsindən istifadə etdiyi üçün xəstələnir. Lakin Şahin Güvə onu təmir edir və Kəpənək Möcüzəsi ilə birlikdə istifadə edərək «Kölgə Güvə»yə çevrilir. Beləliklə, o, eyni anda həm akumalar, həm də hiss bədheybətləri yarada bilir.
Dördüncü sezonun sonunda Qabriel «Monarx» adlı yeni superbədxah kimliyini qəbul edərək, demək olar ki, bütün Möcüzələrə nəzarəti ələ keçirir. Nəticədə Parabüzən və Qara Pişik yenidən yeganə superqəhrəmanlar olaraq qalırlar. Qəhrəmanlarla döyüş zamanı Qabriel sehrli zədələr alır və bu zədələr tədricən bütün bədəninə yayılmağa başlayır.
Nəhayət, Edriyn Parabüzənə olan vurğunluğundan əl çəkir və Marinetə aşiq olur. Beləliklə, onlar romantik münasibətə başlayırlar, lakin yenə də bir-birlərinin gizli kimliklərindən xəbərsiz qalırlar. Beşinci sezonun sonunda Marinetlə son döyüşündən sonra Qabriel Parabüzən və Qara Pişiyin Möcüzələrini ələ keçirərək arzusunu diləyir. Fikri dəyişdiyindən öz həyatının əvəzində Natalini həyata qaytarmağı arzulayır və Marinetdən Edriynın atasının superbədxah olduğunu öyrənməsinə imkan verməməsini xahiş edir. Marinet Möcüzələrin əksəriyyətini geri alır və onları dostlarının himayəsinə verir. Lakin o, keçmiş sinif yoldaşı və düşməninə çevrilmiş Layla Rossinin Kəpənək Möcüzəsini ələ keçirdiyindən xəbərsizdir.
Altıncı sezonda Marinet Qabrielin bədxah olduğunu Edriyndan və bütün dünyadan gizlətməyin nə dərəcədə düzgün olması ilə bağlı mənəvi tərəddüdlər yaşayır. «Krizalis» adlı yeni superbədxah kimliyini qəbul edən Layla isə Parabüzənin əsl kimliyini öyrənməyə çalışır. O, akumaların gücü ilə yaradılmış öz bədxahlarını Parabüzənə, Qara Pişiyə və onların «Möcüzə qəhrəmanları» adlanan superqəhrəman komandasına qarşı yönəldir. Möcüzə qəhrəmanları birlikdə Krizalisin əsl kimliyini tapmağa çalışırlar.
Seriyalar
İstinadlar
Kateqoriya:2010-cu illərin Fransa teleserialları Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:2015-ci ilin teleserialları Kateqoriya:2021-ci ilin komiks debütləri Kateqoriya:Animasiyalı superqəhrəman teleserialları Kateqoriya:Braziliya cizgi serialları Kateqoriya:Cənubi Koreya teleserialları Kateqoriya:Disney Channel orijinal proqramları Kateqoriya:Doramalar Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Fantastika teleserialları Kateqoriya:Fentezi animasiyaları Kateqoriya:Fransa teleserialları Kateqoriya:İstehsalda olan teleseriallar Kateqoriya:Komediya animasiyaları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Magiya televiziyada Kateqoriya:Maho-şoco Kateqoriya:Romantik animasiyalar Kateqoriya:Sevgi teleserialları Kateqoriya:Toei Animation televiziyası