Huqo Haase (; ) — Almaniya hüquqşünas, vəkil, pasifist və solçu siyasi xadimi. O, Almaniya Sosial-Demokrat Partiyasının (SPD) həmsədri (1911–1916), daha sonra müharibə əleyhinə olan Almaniya Müstəqil Sosial Demokrat Partiyasının (USPD) təsisçisi və ilk rəhbəri olmuşdur. Haase 1918-ci il Noyabr inqilabı nəticəsində qurulan müvəqqəti hökumətdə — Xalq Müvəkkilləri Şurasında Fridrix Ebert ilə bərabər həmsədr kimi fəaliyyət göstərmişdir.
Erkən illəri və vəkillik fəaliyyəti
Huqo Haase 1863-cü ildə Şərqi Prussiyanın Allensştayn (hazırda Polşanın Olştın şəhəri) yaşayış məntəqəsində yəhudi ayaqqabı ustası və tacir ailəsində anadan olmuşdur. Köniqsberq Universitetində hüquq təhsili almış, 1889-cu ildə vəkillik fəaliyyətinə başlamışdır.
Haase vəkil kimi tezliklə böyük şöhrət qazanmışdır. O, məhkəmələrdə kəndlilərin, fəhlələrin, sosial-demokratların və siyasi təqiblərə məruz qalan fəalların hüquqlarını pulsuz və ya təmənnasız müdafiə edirdi. 1904-cü ildə keçirilən məşhur "Köniqsberq məxfi cəmiyyət prosesi"ndə Rusiya imperiyasına qanunsuz olaraq inqilabi ədəbiyyat keçirməkdə ittiham olunan sosial-demokratların müdafiəçisi kimi çıxış edərək böyük nüfuz qazanmışdır.
Siyasi fəaliyyəti
SPD cərgələrində yüksəlişi
1887-ci ildə SPD cərgələrinı daxil olan Haase, 1897-ci ildə Köniqsberqdən Reyxstaqın deputatı seçilmişdir. 1911-ci ildə Avqust Bebelin təklifi ilə Bebel ilə bərabər, 1913-cü ildə Bebelinin ölümündən sonra isə Fridrix Ebert ilə bərabər SPD-nin həmsədri olmuşdur. Haase partiyanın mərkəzçi-sol qanadını təmsil edirdi
Birinci Dünya müharibəsi və USPD-nin təsisi
1914-cü ildə Birinci Dünya müharibəsi başlandıqda, Haase pasifist baxışlarına görə hökumətin müharibə kreditlərinə qarşı çıxırdı. Lakin partiya intizamına tabe olaraq 4 avqust 1914-cü ildə SPD fraksiyası adından hərbi kreditlərin lehinə bəyanatı oxumağa məcbur olmuşdur. Müharibə uzandıqca o, pasifist mövqeyini açıq şəkildə müdafiə etməyə başlamışdır.
1916-cı ilin martında Haase və onun tərəfdarları Reyxstaqda yeni hərbi kreditlərin əleyhinə səs vermişdilər. Buna cavab olaraq onlar SPD fraksiyasından qovuldular. 1917-ci ilin aprelində Qota şəhərində Haase müharibə əleyhinə olan sosial-demokratları bir araya gətirərək Almaniyanın Müstəqil Sosial-Demokrat Partiyasını (USPD) təsis etmiş və partiyanın həmsədri seçilmişdir.
Noyabr inqilabı və Xalq Müvəkkilləri Şurası
1918-ci il Noyabr inqilabı nəticəsində monarxiya devrildikdən sonra 10 noyabr 1918-ci ildə SPD və USPD bərabər müvəqqəti hökumət — Xalq Müvəkkilləri Şurasını () təşkil etmişdir. Huqo Haase Fridrix Ebert ilə bərabər hökumətin həmsədri olmuş, həmçinin xarici işlər və ədliyyə məsələlərinə cavabdeh idi.
Lakin SPD rəhbərliyinin köhnə imperialist ordu rəhbərliyi ilə məxfi razılaşması və dekabr ayında dənizçilərin çıxışlarının qanla yatırılmasına etiraz olaraq Haase və digər USPD nümayəndələri 29 dekabr 1918-ci ildə hökumətdən istefa vermişdilər.
Qəsdi və vəfatı
İstefadan sonra Haase USPD-nin Reyxstaqdakı fraksiyasına rəhbərlik etməyə davam edirdi. O, həm sağçı militaristlərin, həm də ifrat solçu radikalların hücumlarına hədəf olurdı.
8 oktyabr 1919-cu ildə Reyxstaq binasına daxil olarkən psixoloji problemləri olduğu iddia edilən Yohann Voss adlı şəxs tərəfindən güllələnmişdi. Ağır yaralanan Huqo Haase bir ay sonra — 7 noyabr 1919-cu ildə Berlində vəfat etmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Hugo Haase Imperialism and Arbitration Courts, 1914
Kateqoriya:Almaniya hüquqşünasları Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniya sosial-demokratları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Pasifistlər Kateqoriya:Şərqi Prussiya şəxsləri