Vaqif Süleyman oğlu Rəsulov (22 oktyabr 1959, Kamensk-Şaxtinsk, Rostov vilayəti, Rusiya Federasiyası): general-mayor, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu.
Həyatı Vaqif Rəsulov 1959-cu il oktyabrın 22-də Rusiya Federasiyası Rostov vilayətinin Kamensk-Şaxtinsk şəhərində anadan olmuşdur. 1966-cı ildə Çeçeno-İnquş ASSR-in Nodtereçnıy rayonunun Nodtereçnıy kənd orta məktəbinə daxil olmuşdur. 1976-cı ildə Sverdlovsk Ali Hərbi-Siyasi Tank-Artilleriya Məktəbinə daxil olmuş və 1980-ci ildə həmin məktəbi bitirmişdir.
Məktəbi bitirdikdən sonra xidmətini davam etdirmək üçün Şimali Qafqaz Hərbi Dairəsinin N saylı hərbi hissəsinə göndərilmişdir. 1980-ci ildən həmin hərbi hissədə tank bölüyü komandirinin müavini vəzifəsində çalışmışdır. 1986-cı ildən Çeçeno-İnquş ASSR Mülki Müdafiə Qərargahındakı Səfərbərlik qrupu rəisinin baş köməkçisi olmuşdur. 1988-ci ildə V.V. Kuybışev adına Hərbi-Mühəndislik Akademiyasında dinləyici olmuşdur.
1990-cı ildən Bakı şəhəri Xətayi rayonunun Mülki Müdafiə Qərargahının qərargah rəisi vəzifəsində çalışmışdır. 1991-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin quruluşunda iştirak etmiş, həmin ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ordu Qərargahının Təşkilat Səfərbərlik Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
1992-ci ildən Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsində, daha sonra Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin normativ sənədlərin hazırlama bölməsinin rəisi, İdarə rəisinin müavini vəzifəsində fəaliyyət göstərmişdir.
1994-cü ildən Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissənin qərargah rəisi vəzifəsinə, daha sonra MDB Hərbi Əməkdaşlıq Koordinasiyası Qərargahındakı Əməliyyat İdarəsində, 1995-ci ildən isə MDB Hərbi Əməkdaşlıq Koordinasiya Qərargahında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nümayəndəsinin müavini vəzifəsində xidmət etmişdir. 1997-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nümayəndəsi, MDB Hərbi Əməkdaşlıq Koordinasiya Qərargahı rəisinin müavini olmuşdur.
2001-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasının axşam (qiyabi) şöbəsinin "Dövlət və bələdiyyə idarəçiliyi" ixtisası üzrə təhsil almişdir. 2003-cü ildən Müdafiə Nazirliyinin İnformasiya İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 2005-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyası nəzdindəki Strateji kurslarda təhsil almışdır.
2006-cı ildən Almaniya Federativ Respublikasındakı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Attaşesi, 2012-ci ildən isə İspaniya Krallığındakı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Attaşesi vəzifəsində xidmət etmişdir.
Ailəlidir, 4 övladı var.
Hərbi rütbələri 12.06.1980: leytenant 13.06.1982: baş leytenant 13.07.1985: kapitan 13.07.1988: mayor 13.07.1992: polkovnik-leytenant 21.01.1996: polkovnik 28.05.1998: general-mayor
İstinadlar Müdafiə Nazirliyinin məlumatı e-qanun.az Azərbaycan generallarının siyahısı