Paramaqnit rezonans (əksərən EPR – elektron paramaqnit rezonansı) sabit maqnit sahəsində yerləşdirilmiş (cütləşməmiş elektronlara malik) paramaqnit maddələrin elektromaqnit dalğalarını rezonans udması hadisəsidir. Bu, elektronların enerji səviyyələri arasında kvant keçidləri səbəbindən baş verir və materialların, bioloji obyektlərin strukturunu və radiasiya dozimetriyasını öyrənmək üçün istifadə olunan, güclü spektroskopik metodun əsasını təşkil edir.
Fenomenin (EPR) mexanizmi aşağıdakı kimidir: güclü xarici maqnit sahəsinə yerləşdirilmiş paramaqnit zərrəciklərin, yəni cütləşməmiş elektronlara malik atom, ion, molekulların (sərbəst radikallar, keçid metal ionları, sərbəst elektronlar) maqnit momentləri sahə boyu istiqamətlənməyə meyl edirlər və bunun nəticəsində elektronların enerji səviyyələri parçalanır (Zeeman effekti). Əgər sistemin üzərinə yönəlmiş mikrodalğalı şüalanmanın tezliyi parçalanmış enerji səviyyələri fərqinə uyğundursa (Larmor tezliyi), elektronlar dalğa enerjisini udaraq daha yüksək energetik səviyyəyə keçirlər (yəni, rezonans hadisəsi baş verir). Mikrodalğaların udulmasını qeyd etməklə, tədqiq edilən maddənin strukturunu, spinlərin qarşılıqlı təsirini və paramaqnit mərkəzlərin varlığını öyrənmək olur.
Paramaqnit rezonansın əsas növləri bunlardır: 1. Elektron paramaqnit rezonansı (EPR). Elektron spin səviyyələri arasındakı keçidləri öyrənir (ona görə buna, həm də ESR – Elektron Spin Rezonansı da deyilir). 1944-cü ildə E.K. Zavoisky tərəfindən kəşf edilmişdir; 2. Nüvə maqnit rezonansı (NMR). Burada rezonans hadisəsi atom nüvələrinin maqnit momentləri ilə bağlıdır; 3. Akustik paramaqnit rezonansı (APR). Paramaqnetiklərdə səsin rezonans udulması hadisəsi. Spin-qəfəs qarşılıqlı təsirini öyrənmək üçün istifadə olunur.
Paramaqnit rezonansdan kimya və biologiyada sərbəst radikalların, metallofermentlərin və zülalların öyrənilməsində; tibb sahəsində şüalanma dozasının təyin edilməsində və toxuma zədələnmələrnin diaqnostikasında; materialşünaslıqda kristallarda defektlərin tədqiqində və yarımkeçiricilərin xassələrinin öyrənilməsində, eləcə də qida sənayesində keyfiyyətə nəzarət, qida maddələrinin radioaktivliyinin təyinində istifadə olunur.
İstinadlar
Kateqoriya:Maqnetizm Kateqoriya:SSRİ ixtiraları