Osmanlı Evi Muzeyi () — Türkiyənin Bursa ilində Muradiyə külliyəsinin qarşısında yerləşən və XVII əsr Osmanlı dövlətinin həyat tərzinin nümayiş olunduğu muzey.
Günümüzdə muzey kimi istifadə edilən XVII əsrə aid üçmərtəbəli taxta ev Bursada hal-hazırda qalan ən qədim evlərdən biridir. Bu evin yerində əvvəllər Sultan II Muradın köşklərindən birinin olduğu güman edilir. Bu səbəbdən ev, eyni zamanda, Fateh Sultan Mehmedin anadan olduğu ev kimi də tanınır. Muzeydə Osmanlı dövlətinin həyat tərzi ilə bərabər həmin dövrə aid geyim və libaslarda nümayiş etdirilir.
Binanın XVII əsrdə bir paşanın yaşayış evi kimi inşa edildiyi ehtimal olunur. 1946-cı ildə Milli Təhsil Nazirliyinin Qədim Əsərlər və Muzeylər Baş İdarəsi tərəfindən milliləşdirilərək bərpa edilib. 1958-ci ildə muzey kimi ziyarətə açıldıqdan sonra 1973-cü ildə yenidən təmir olunub. 1992-ci ildə ziyarətə bağlanan muzey, 2005-ci ildə isə üçüncü tərtibatdan sonra Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsi tərəfindən yenidən ziyarətçilərin üzünə açılıb.
Memarlıq xüsusiyyətləri Bünövrəsi daşdan olan evin şərq fasadı birinci mərtəbəyə qədər suvanıb; yüngülcə çölə çıxıntılı olan birinci mərtəbədə isə ağac tir-qurşaqlar arasında ziqzaq şəkildə hörülmüş kərpicdən istifadə olunub. Zəmin və birinci mərtəbələrdəki otaqların pəncərələri xarici dəhlizlə əlaqəlidir. İlk tikildiyi vaxt küçəyə tamamilə qapalı olan birinci mərtəbənin Muradiyə külliyəsinə baxan şərq fasadında sonradan dörd pəncərə açılıb. Yaşayış evinin ikinci mərtəbəsində isə doqquz, bunların üzərində isə beş ədəd pəncərə var. Pəncərələr ahşap örtüklüdür.
Zəmin və birinci mərtəbəyə giriş evin qərb fasadındadır. Zəmin mərtəbə taxta məhəccərli eyvanla, üst mərtəbə isə Bursa tağı üslubunda pəncərələrlə çölə açılır. Tikilinin şimal hissəsi suvanılıb. Cənub fasadı isə pəncərəsizdir. Eyvanın hər iki tərəfində bir otaq var. Bu plan üst mərtəbədə də təkrar olunur. Taxta pilləkənlə qalxılan birinci mərtəbənin mərkəzində qonaq zalı, yemək və hərəm otaqları yerləşir.
Həyətində yonma daşdan tikilmiş və mərmər novu olan bulaq vardır.
Oğurlanan əsərləri 22 iyun 1989-cu ildə Osmanlı Evi Muzeyindən iki ədəd tombaq şamdan oğurlanmışdı. Londondakı "Sotheby's" hərrac evi tərəfindən 24 aprel 1991-ci ildə təşkil edilən hərracda satışa çıxarıldıqları müəyyən edildikdən sonra şamdanlar ikitərəfli danışıqlar yolu ilə 1991-ci ildə Türkiyəyə qaytarılaraq Bursa Muzeyində mühafizəyə götürülmüşdür. İstinadlar
Xarici keçidlər Osmanlı Evi 3D gezinti Müze broşürü
Kateqoriya:Türkiyədəki tarix muzeyləri Kateqoriya:1989-cu ildə yaradılmış muzeylər