Adolf Ketle (Lambert Adolph Jacques Quetelet) (22.02.1796, Gent – 17.02.1874, Brüssel) – fransız əsilli Belçika riyaziyyatçısı, astronomu, meteoroloqu, sosioloqu, elmi statistikanın banilərindən biri. 1820-ci ildən Belçika Elmlər Akademiyasının üzvü, 1834-cü ildən isə daimi katibi; Sankt-Peterburq (1847) və Paris (1872) Elmlər Akademiyalarının xarici müxbir üzvü, Berlin Elmlər Akademiyasının üzvü (1872).
1819-cu ildə Gent Universitetində dissertasiya müdafiə etdikdən sonra Brüssel Atenaeumunda (qədim Romada məktəb; bədii, elmi, incəsənət mərkəzi) riyaziyyat professoru olmuşdur. 1825-ci ildə Jozef Garnier ilə birgə “Correspondance mathématique et physique” elmi jurnalını təsis etmişdi. 1828-ci ildən Brüsseldə yaratdığı Kral Rəsədxanasının direktoru olmuşdur. 1841-1874-cü illərdə onun təşəbbüsü ilə yaradılmış Belçika Mərkəzi Statistika Komissiyasının sədri; Birinci Beynəlxalq Statistika Konqresinin (Brüssel, 1853) təşkilatçısı, İngiltərə və Fransada milli statistika cəmiyyətlərinin yaradılmasının təşəbbüskarı və eləcədə ilk Beynəlxalq meteoroloji toplantının – Dəniz Meteorologiyası Konfransının (1855), sədri olmuşdur.
Ketle astronomiya üzrə bir sıra əsərlərin (ən məşhuru “Qadağan olunmuş Kitablar İndeksi”nə daxil edilmiş “Astronomiyanın populyar izahı” (“Traite populaire d’astronomie”, 1827) müəllifidir. O, həmçinin, fizika, meteorologiya və riyaziyyat sahəsində də bir sıra əsərlər yazmışdır. Ketle Ketle halqaları adlandırılan optik fenomeni kəşf etmişdir. Bu hadisə narın hissəciklərlə örtülmüş optik əksetdirmə qabiliyyətinə malik səthə (məsələn, üstü tozlu güzgüyə) düşən şüaların interferensiyası nəticəsində alınan zolaqlar şəklində özünü biruzə verir. Statistikaya dair çoxsaylı yazılarında (sayı altmışdan çox) Ketle statistik məlumatların təhlili üçün riyazi metodlardan sistematik şəkildə istifadə edən və sosial məlumatların təhlilində ehtimal-nəzəri metodlardan, yəni normal paylanmadan istifadə edən ilk şəxs olmuşdur. Ketlenın demoqrafiya və tibbi statistika sahəsində əldə etdiyi əsas nəticələrə insanın "fiziki xüsusiyyətlərinin" statistik təhlilinə (məsələn, bir insanın çəkisi və boyunun nisbətini xarakterizə edən Ketle indeksi – Bədən kütlə indeksi (BKİ)) yönəlmiş tədqiqatları aid etmək olar.
Ketle cəmiyyət haqqında elmin – “sosial fizikanın” yaranmasında böyük rol oynamışdır. Ketleyə görə, təbiətin bir hissəsi olan cəmiyyət də qanunlarla idarə olunur, lakin onun öyrənilməsi statistik metodlar tələb edir. Müasir əxlaq statistikasının yaranmasında Adolf Ketlenin böyük xidmətləri olmuşdur. Ketlenin elmi işləri sosial tədqiqatlarda kəmiyyət metodlarının inkişafına mühüm təsir göstərmiş və sonrakı empirik sosiologiya üçün metodoloji bazis rolunu oynamışdır. Ketle 1839-cu ildə Kral Cəmiyyətinin Xarici üzvü seçilmişdir. "1239 Queteleta" asteroidi onun adını daşıyır.
Kateqoriya:Astronomlar