Əbül-Abbas Məhəmməd ibn Yezid ibn Əbdiləkbər ibn Umeyr əl-Mübərrəd əl-Əzdi əs-Süməli (; ) — Ərəb dili və ədəbiyyatı alimi, Bəsrə dilçilik məktəbinin nümayəndəsi.

Həyatı Rəvayətə görə, Mübərrəd hicri 210-cu (mart 826) ildə Bəsrədə anadan olmuşdur. O, Əzd qəbiləsinin Sümələ qoluna mənsub idi. Atası Bəsrədə torpaq məmuru işləmişdir. "Soyudulmuş" mənasını verən "Mübərrid" ləqəbinin onun müəllimi Əbu Osman əl-Məziniyə verdiyi cavablarla bağlı yarandığı qeyd edilir. Belə ki, Mübərrəd müəlliminin suallarına qəlbə rahatlıq verən, düzgün və yerində cavablar verdiyi üçün əl-Məzini ona "Sən mübərridsən" demişdir. Lakin bu sözün ona paxıllıq edənlər və Kufə dilçilik məktəbinin nümayəndələri tərəfindən istehza məqsədilə "mübərrəd" formasına çevrildiyi bildirilir. Bu məsələ ilə bağlı başqa rəvayətlər də vardır. Onun özünə "Mübərrəd" deyilməsindən narahat olduğu bildirilir.

İlk təhsilini Bəsrədə aldı. On beş yaşında ikən Əbu Ömər əl-Cərmidən "əl-Kitab"ı (Sibəveyhinin əsəri) oxumağa başladı; müəlliminin vəfatından sonra əsəri əl-Məzininin rəhbərliyi ilə tamamladı. "Əl-Kitab"ın tənqidinə həsr etdiyi "Məsailül-qələt" əsərini də bu dövrdə qələmə aldı. Əl-Məzinidən dərs aldığı vaxtlarda Əbu Hətim əs-Sicistaninin dərslərində də iştirak edirdi. Ubeydullah ibn Məhəmməd ibn Aişənin elmindən hədis, nəsəb və əxbər, Məhəmməd ibn Ubeydullah əl-Utbinin elmindən isə şeir və tarix sahələrində bəhrələndi. Əl-Cahizlə əlaqəsini onun vəfatına qədər davam etdirdi; ondan şeir, hikmətli sözlər, bədəvilər və tarixi şəxsiyyətlərlə bağlı əxbar rəvayətləri öyrəndi. Əbül-Fəzl ər-Riyaşidən isə əl-Əsmaidən dil, tarix və şeirlə bağlı rəvayətləri topladı.

Güclü zəkası, yaddaşı, anlama və mühakimə qabiliyyəti sayəsində hələ kiçik yaşlarından dilçilik sahəsindəki geniş biliyini ətrafındakılara qəbul etdirdi və şöhrəti qısa müddətdə Bəsrədən kənara yayıldı. Xəlifə Vasiqin hakimiyyəti dövründə Samərra şəhərinə dəvət edildi. Burada bir tərəfdən vəzir Fazil ibn Mərvanın mühasibat işlərini aparır, digər tərəfdən isə Abdullah ibn Məhəmməd ət-Təvvazidən, İbrahim ibn Süfyan əz-Ziyadidən, Ümarə ibn Əqildən, Əbdüssəməd ibn Müəzzildən və Məhəmməd ibn Hişam əs-Sədidən dilçilik, şeir, əxbər və ədəbiyyat öyrənirdi.

Hicri 244-cü (858) və 246-cı (860) illərdə xəlifə Mütəvəkkil-Əlallah və onun vəziri Fəth ibn Xaqanın dəvəti ilə yenidən Samərraya getdi. Burada sarayda təşkil edilən elmi və ədəbi debatlarda iştirak etdi və mükafatlara layiq görüldü. Dibil, Bühturi və Əbül-Ənbəs Məhəmməd ibn İshaq əs-Sayməri kimi şairlərlə tanışlığı da bu dövrə təsadüf edir.

Hicri 247-ci (861) ildə Mütəvəkkil və vəziri Fəth ibn Xaqanın öldürülməsi nəticəsində ona göstərilən yardım və bəxşişlərin kəsilməsi səbəbindən Samərraya tərk edib Bağdada getdi. Kufə məktəbinin lideri olan rəqibi Əbül-Abbas Sələb ən-Nəhvi ilə qarşılaşması və onunla ilk münazirəsi də bu zaman baş verdi.

Qısa müddət ərzində Mübərrədin ətrafında böyük tələbə və dinləyici kütləsinin toplandığını görən Sələb, tələbələri Zəccac və İbn əl-Xəyyatı göndərərək onun dərs halqasını dağıtmalarını istədi. Zəccac Mübərrədin ona verdiyi suallara inandırıcı cavablar aldıqdan sonra bir daha Sələbin yanına qayıtmadı və Mübərrədin dərslərində iştirak etməyə davam etdi. Sələbin digər tələbələrinin bir çoxu da müəllimlərini tərk edərək Mübərrədin yanına keçdi.

Beləliklə, Mübərrəd "əl-Kitab"ı tədris etmək və onun çətin məsələlərini həll etmək sahəsində yeganə nüfuz sahibi oldu. O, müxtəlif elm sahələrində çoxsaylı tələbələr yetişdirdi. Vəşşa, Əbu Əli Əhməd ibn Cəfər əd-Dinəvəri (Sələbin kürəkəni), İbn əl-Mötəz, İbn Vəllad, İbn Keysan, Zəccac, Əxfəş əl-Əsğər, İbn əs-Sərrac, İbn Şüqeyr, İbn əl-Xəyyat, Əbu Bəkr ibn Əbil-Əzhəri, Niftəveyh, Əbu Bəkr əs-Suli, Əbu Əli əs-Səffar, İbn Dürüstəveyh və öz kürəkəni Məhəmməd ibn Cəfər əs-Səydəlani onun tələbələrindən bəziləridir.

Mübərrəd Bağdadda əmir və vəzirlər, xüsusilə Bağdad valisi Məhəmməd ibn Abdullah ibn Tahir və onun qardaşı Ubeydullah tərəfindən hörmət görür, onların bəxşişlərinə layiq görülürdü. Sələblə apardığı mübahisələrdə gözəl nitqi, hazırcavablığı, yumor hissi və şairanə təbiəti sayəsində öz xeyrinə əlverişli mühit yaratdığı qeyd edilir.

Bu mübahisələr bəzən məscidlərdə və meydanlarda hamının gözü qarşısında, bəzən də əmir və vəzirlərin iqamətgahlarında keçirilirdi. Vali bu məclislərdən sonra Sələbi oğluna, Mübərrədi isə özünə müəllim təyin etdi.

Mübərrəd Sələb ilə debat etməyi sevirdi. Lakin Sələbin bundan xoşu gəlmir, Mübərrədin elmi üstünlüyünü bildiyi üçün ondan çəkinir və onunla görüşməkdən qaçırdı. Aralarındakı mübahisələrə baxmayaraq, iki alim arasında düşmənçilik yox idi. Mübərrəd Kufəlilər arasında ən bilikli şəxsin Sələb olduğunu deyərək ona hörmət göstərirdi. Mübərrəd vəfat etdikdə isə Sələb onun üçün mərsiyə yazmışdır.

Zəccac və İbn Dürüstəveyh Mübərrədi, İbn əl-Ənbari və İbn Faris isə Sələbi müdafiə etmiş və onların hər biri bu mövzuda ayrıca əsər yazmışdır.

28 Zilhiccə hicri 286-cı ildə (4 yanvar 900) Bağdadda vəfat edən Mübərrəd Bəbül-kufə məhəlləsindəki qəbiristanlıqda dəfn edilmişdir. Onun ölüm tarixi hicri 285-ci (899) il kimi də qeyd olunur.

Əsərləri Mübərrəd altımışdan çox kitab və risələ qələmə almışdır. Onlardan bəziləri aşağıdakılardır: Ət-Təazi vəl-mərasi. Əl-Kamil fil-lüğəti vəl-ədəb. Əl-Muktədəb.

İstinadlar

Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:Əzd qəbilələri