Laura Veççiya Valyeri (; ) — italyan şərqşünas. Onun tədqiqatları qədim və müasir dövrdə islam tarixinə, həmçinin ərəb dilinin qrammatikasına və ədəbiyyatına yönəlmişdir.

Həyatı 1893-cü ildə anadan olub.

Gənc yaşlarında islam sivilizasiyası ilə bağlı tədqiqatlara qoşulub. Xüsusilə Şərq dillərinə maraq göstərib və atasının işlədiyi Roma Universitetində ərəb dili ilə yanaşı, qədim sami dillərini də öyrənib.

Tarix boyu müsəlman dövlətlərinin İtaliya və Avropa dövlətləri ilə münasibətlərinə böyük əhəmiyyət verib. Bununla yanaşı, yeni siyasi dəyişikliklər və meydana çıxan cərəyanlar üzərində dayanaraq müasir Yaxın Şərqin siyasi tarixini də araşdırıb. Daha çox İraq, Fələstin, Suriya və Yəmən kimi siyasi baxımdan hərəkətli ərazilərdə baş verən hadisələrlə və neftdən qaynaqlanan siyasi cərəyanlarla maraqlanıb.

Onun ən mühüm nailiyyəti gənc yaşlarında yazmağa başladığı və I cildini 1937-ci ildə, II cildini isə 1961-ci ildə nəşr etdirdiyi, praktik dərs vəsaiti xarakterli ərəb dili qrammatikası kitabıdır. Bundan əlavə, islam tarixi üzərində də çalışıb. Gənclik illərində yazdığı "Apologia dell’islamismo" adlı əsəri rəğbətlə qarşılanıb. Davam etdirdiyi digər bir fəaliyyət isə islam mütəfəkkirlərinin əsərlərini şərhlərlə birlikdə tərcümə etmək idi.

İkinci Dünya müharibəsi ərəfəsində müstəmləkə imperiyasının ərazilərində yaranan yeni iş imkanlarından yararlanmaq məqsədilə ərəb dili öyrənmək istəyən gənclər üçün təşkil olunan fəaliyyətlərdə iştirak etib və onların bu dili öyrənməsinə kömək edib.

1921-ci ildə Romada yaradılan "Istituto per l’Oriente" institutunda fəaliyyət göstərib. Onun nəşr orqanı olan "Oriente Moderno" jurnalında çalışaraq elmi nəşrlərlə yanaşı, aktual hadisələri və siyasi inkişafları izləyib, bunlar haqqında məqalələr yazıb.

Bu fəaliyyətləri nəticəsində Neapol Universitetinin Şərqşünaslıq İnstitutuna dəvət edilib və elmi fəaliyyətini orada davam etdirib. Bu arada "The Encyclopaedia of Islam"ın ikinci nəşrində, eləcə də Şərif əl-İdrisinin coğrafiya kitabının "Opus Geographicum" başlığı altında nəşrini planlaşdıran komissiyada fəaliyyət göstərib.

Mənsub olduğu Neapoldakı "Istituto Universitario Orientale"nin nəşr orqanı olan "Annali" jurnalının XIV buraxlışı (1964) onun şərəfinə aparılmış tədqiqatlara həsr edilib.

O, 1989-cu ildə vəfat edib.

Əsərləri Müəllifi olduğu əsərlərdən bəziləri bunlardır:

Grammatica teorico-pratica della lingua araba (Roma: 1937–1941).

Islām (Neapol: 1946).

Muṭāla‘āt ‘arabiyyah (Neapol: 1951). Grammatica elementare di arabo (Roma: 1951). Apologia dell’islamismo (Roma: 1925)

Onun müxtəlif elmi jurnallarda 35 məqaləsi və 33 kitab təqdimatı-tənqidi yazısı, "The Encyclopaedia of Islam"ın ikinci nəşrində isə 29 məqaləsi dərc edilmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İslamşünaslar Kateqoriya:İtaliya şərqşünasları Kateqoriya:Qadın tarixçilər Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:İslam tarixçiləri