"Hamurabi" – torpaq və resursların idarə olunmasını nəzərdə tutan mətn əsaslı strategiya videooyunu. Oyun ilk dəfə 1968-ci ildə "Digital Equipment Corporation" şirkətində Daq Dayment tərəfindən həmkarı Riçard Merrillin yeni kəşf etdiyi FOCAL proqramlaşdırma dili üçün kompüter oyunu kimi "King of Sumeria" və ya "The Sumer Game" adı altında hazırlanmışdır.

Oyun on raunddan ibarətdir və bu zaman oyunçu qədim Babil hökmdarı Hammurapi rolunda növbəti raund üçün əkinə ayrılacaq taxıl miqdarını, əhalinin qidalanması və əlavə torpaq sahələrinin alınması prosesini idarə edir, eyni zamanda məhsuldarlıqdakı təsadüfi tərəddüdlər və taun epidemiyaları ilə mübarizə aparır. "The Sumer Game" oyunu dizayner və ibtidai sinif müəllimi Meybel Addis ilə IBM proqramçısı Vilyam Makkey tərəfindən 1964–1966-cı illərdə uşaqlar üçün hazırlanmış və daha dərin mətn əsaslı iqtisadi simulyasiya olan "The Sumerian Game" oyunundan təsirlənərək yaradılmışdır.

FOCAL dili üçün oyunun müxtəlif versiyaları yaradılmışdır, lakin 1971-ci il civarında Devid Al oyunu DEC BASIC dilinə portlaşdırmış və 1973-cü ildə "101 BASIC Computer Games" proqramında yayımlamışdır. Bu versiya daha sonra 1978-ci ildə "BASIC Computer Games" proqramında "Microsoft BASIC" formatında yenidən işıq üzü görmüşdür. Müəllifin "Hamurabi" adlandırılmış genişləndirilmiş versiyası həm proqram təminatının, həm də proqramlaşdırma dilinin populyarlığı sayəsində sürətlə daha tanınan variantına çevrilmişdir. "Hamurabi" oyunu sonrakı bir çox strategiya və simulyasiya oyunlarına təsir göstərmiş, həmçinin şəhərsalma janrının sələfi olmuşdur.

Geympley "Hamurabi" torpaq və resursların idarə olunmasını nəzərdə tutan mətn əsaslı strategiya videooyunudur. Burada mətn boyunca qədim Babil hökmdarı Hammurapi kimi təqdim olunan oyunçu oyun tərəfindən verilən suallara cavab olaraq ədədlər daxil edir. Oyunçunun idarə etməli olduğu resurslar əhali, torpaq sahələri və taxıl ehtiyatından ibarətdir. Bu resurslar hər biri bir ili təmsil edən on raund ərzində idarə olunur. Hər bir nəfər taxıl istehsal edən müəyyən miqdarda torpaq sahəsində təsərrüfatla məşğul ola bilər. Taxıl öz növbəsində əhalini qidalandırmaq üçün istifadə olunur, əks halda onlar növbəti raundda aclıqdan tələf olurlar. Alternativ olaraq, taxıl növbəti ilin məhsulu üçün əkilir. Oyunçu həmçinin, hər gedişdə taxıl müqabilində qonşularından torpaq ala və ya onlara torpaq sata bilər. Hər raund məsləhətçinin şəhərin mövcud vəziyyəti, o cümlədən ötən ilin məhsulu və əhalinin dəyişməsi barədə hesabat təqdim etməsi ilə başlayır, daha sonra torpaq, toxum və əhalinin bəslənməsinə nə qədər taxıl xərclənəcəyi ilə bağlı bir sıra suallarla davam edir.

Oyunun gedişatındakı fərqliliklər təsadüfi ədədlər vasitəsilə tənzimlənir. Torpağın qiyməti hər raund bir akr üçün 17 ilə 26 buşel arasında təsadüfi olaraq müəyyən edilir, hər raund toplanan məhsulun miqdarı təsadüfi seçilir, taxılın bir hissəsi siçovullar tərəfindən məhv edilir və hər il şəhərə təsadüfi sayda yeni sakin gəlir. Həmçinin, hər il epidemiyanın baş verməsi və əhalinin yarısının tələf olması ehtimalı mövcuddur. Oyun on raunddan sonra və ya şəhər əhalisinin tamamı tələf olduqda, yaxud bir raundda əhalinin ən azı 45 faizi aclıqdan öldükdə daha tez başa çatır. Oyunun 1973-cü il versiyasına əlavə edilmiş yekun qiymətləndirmə hissəsində oyunçunun idarəçiliyi tarixi hökmdarların fəaliyyəti ilə müqayisə olunur. Nümunə kimi, göstərilən sərt idarəçiliyin Neron və IV İvanın hakimiyyət üsulunu xatırlatdığı qeyd edilir.

İstehsalı 1962-ci ildə Nyu-York ştatının Vestçester dairəsi və IBM şirkəti ABŞ Təhsil Ofisinin qrantı hesabına altıncı sinif şagirdləri üçün "iqtisadi oyunlar" hazırlamaq məqsədilə kompüterlərin təhsildə tətbiq edilməsini araşdırmağa başlamışdır. Bu layihə çərçivəsində ibtidai sinif müəllimi Meybel Addis tərəfindən yazılmış və dizayn edilmiş, IBM proqramçısı Vilyam Makkey tərəfindən proqramlaşdırılmış, müvafiq diaproektor təsvirləri ilə müşayiət olunan "The Sumerian Game" (1964-cü il) oyunu qədim Şumer sivilizasiyasının modelini əks etdirirdi. E.ə. 3500-cü ili əhatə edən bu ilkin meynfreym oyununda oyunçular Laqaş şəhərinin hökmdarları kimi çıxış edirdilər. 1966-cı ildə Addis oyuna düzəlişlər etmiş, onu yenilənmiş diaproektor təsvirləri və lentə yazılmış audio mühazirələrdən ibarət epizodlarla zənginləşdirmişdir.

1968-ci ildə "Digital Equipment Corporation" (DEC) şirkətinin əməkdaşı Riçard Merril FOCAL proqramlaşdırma dilini yaratmışdır. Şirkətin digər əməkdaşı Daq Dayment Alberta Universitetindəki məruzədən sonra "The Sumerian Game" haqqında məlumat əldə etmiş və bu dil üçün ilk proqramlardan biri kimi DEC PDP-8 minikompüteri üçün "King of Sumeria" oyununu proqramlaşdırmışdır. Oyun bəzən yanlış olaraq 1969-cu ildə Merril tərəfindən yazılmış kimi göstərilsə də, "Digital Equipment Computer Users Society" (DECUS) təşkilatının 1969-cu və 1973-cü illərə ait proqram kataloqlarında ilkin tərtibatçı kimi Daymentin adı qeyd olunmuş, lakin oyunun adı "The Sumer Game" olaraq dəyişdirilmişdir.

Oyun ilk dəfə belə təsvil edilmişdir: "Bu, minimal PDP-8 sistemində işləyən simulyasiya proqramı/oyunudur. E.ə. 3000-ci ildə Şumer şəhərinin iqtisadiyyatı müasir 'biznes oyunu' üslubunda simulyasiya edilir". "Biznes oyunları" mətn əsaslı biznes idarəçiliyi simulyasiyaları idi. Məsələn, "The Management Game" azı 1958-ci ildən bəri Karnegi Mellon Universiteti kimi ali biznes məktəblərində istifadə olunurdu. 1961-ci ilə qədər müxtəlif qrafik imkanlara malik 89-dan çox müxtəlif biznes və iqtisadi simulyasiya oyunu istifadə edilməkdə idi. Daymentin sözlərinə görə, yekun oyun "4K yaddaşa malik maşına sığışdırıla bilən ən böyük FOCAL-8 kodu idi və burada faktiki olaraq tək bir əlavə simvol üçün də yer yox idi". Nəticədə, mətndəki bir çox sözün qısaldılmış formalarından istifadə olunmuş, o cümlədən oyunçunun idarə etdiyi hökmdarın adı "Luduqa"dan Babil hökmdarı Hammaurapiyə dəyişdirilərək "Hamurabi" şəklində yazılmışdır.

"The Sumer Game" oyununun müxtəlif versiyaları yaradılmışdır. Ceri Purnell 1989-cu ildə xatırlayırdı ki, 1970-ci illərdə tanıdığı insanların yarısı "Hammurabi" proqramı yazmışdı və bir çoxları üçün bu, həyatlarında yazdıqları ilk proqram idi. DECUS-un 1973-cü il kataloqunda FOCAL-69 versiyası üçün belçikalı J. F. Şamparno və F. H. Boste tərəfindən hazırlanmış fransızdilli versiya da yer almışdır. 1978-ci il kataloquna Ceyms R. B. Hovard II və Cimmi B. Fleçer tərəfindən əlavə funksiyalarla zənginləşdirilmiş "King of Sumeria" oyununun modifikasiyası olan "Ruben" oyunu daxil edilmişdir. Fransızdilli versiya "Sumer (French)" adı altında siyahıya alınsa da, artıq başqa bir versiyanın işıq üzü görməsi səbəbindən özünü orijinal oyunun yox, "Hamurabi (The Sumer Game)" versiyasının tərcüməsi kimi təqdim edirdi.

1970-ci ildə DEC şirkətinin təhsil satışı şöbəsində çalışan Devid Al Boston ərazisindən kənarda olan müştərilərin FOCAL dilindən istifadəyə maraq göstərmədiyini müşahidə etmişdir. O, PDP-8 üçün BASIC versiyasını yazmaq məqsədilə Bruklindən olan bir proqramçı ilə anlaşmışdır. 1971-ci il civarında Al "The Sumer Game" oyununu BASIC dilinə uyğunlaşdırmış və DEC-in "Edu" təhsil bülletenində nəşr etdirmişdir. "Hamurabi" adlandırılmış yeni versiyaya Ceyms A. Storerin "The Pollution Game" (1970-ci il) oyunundakı oxşar konsepsiyaya əsaslanan yekun qiymətləndirmə hissəsi əlavə edilmişdir. FOCAL-dan fərqli olaraq, BASIC bir çox platformalarda geniş yayılmışdı və oyunun yeni versiyası tezliklə onların əksəriyyətində mövcud olmuşdur. 1973-cü ildə Al bu oyunu, eləcə də "King" adı altında "The Pollution Game" oyununu 10.000-dən çox nüsxəsi satılaraq çox satanlar siyahısına düşən "101 BASIC Computer Games" toplusunun tərkibində təkrar yayımlamışdır.

1975-ci ildə "Altair 8800" və az sonra "Altair BASIC" təqdim olunmuşdur. Bununla da mikrokompüter inqilabı başlamış və BASIC bu maşınlarda standart dilə çevrilmişdir. Al öz kitabını bu dəfə "BASIC Computer Games" adı altında təkrar nəşr etdirmiş və nəşr bir milyondan çox nüsxə satılaraq dövrün ən çox satan kompüter kitabı olmuşdur. Həm onun, həm də proqramlaşdırma dilinin populyarlığı Alın versiyasının nisbətən az tanınan orijinalı üstələyərək daha geniş şöhrət qazanmasına səbəb olmuşdur. 1973-cü il fransızdilli FOCAL versiyasında "Hamurabi" adının daha ön plana çəkilməsi də bunu sübut edir.

"BASIC Computer Games" kitabında oyunun DEC-də FOCAL dilində yazılmış oyunun modifikasiyası olduğu qeyd edilsə də, müəllif "naməlum" kimi gösterilmişdir. Bir milyon nüsxədən çox satılan ilk kompüter kitabı olan 1978-ci il nəşrində oyunun adının "Hammurabi" nəzərdə tutulduğu, lakin səkkiz simvolluq məhdudiyyətə sığışmaq üçün fayl adından bir "m" hərfinin çıxarıldığı, həmçinin Alın Daymentin orfoqrafiyasına riayət edərək adı oyun daxilində ardıcıl olaraq səhv yazdığı bildirilir. Bu da oyunun ümumi qəbul edilmiş adının "Hamurabi" olmasına gətirib çıxarmışdır.

Mirası "Hamurabi" oyununun çoxsaylı versiyaları ilə yanaşı, onun əsas mexanikası genişləndirilərək bir neçə simulyasiya oyunu da hazırlanmışdır. Bunların sırasına Ceyms A. Storer tərəfindən yaradılmış "King" (digər adı "The Pollution Game", 1970-ci il), eləcə də Li Şnayder və Todd Voros tərəfindən meynfreym kompüterləri üçün 1972-ci ildə, BASIC dilində isə 1975-ci ildə yazılmış, daha sonra genişləndirilərək "Dukedom" (1976-cı il) adlandırılmış "Kingdom" oyunu daxildir. Digər törəmə oyunlar arasında Corc Blenk tərəfindən hazırlanan "Santa Paravia en Fiumaccio" (1978-ci il) xüsusi yer tutur. Bu oyun "Hamurabi"nin baza strukturuna şəhər idarəçiliyi konsepsiyasını əlavə edərək onu ilk strategiya oyunlarından biri olmaqla yanaşı, şəhərsalma janrının da sələfinə çevirmişdir. Bu oyunun yenidən işlənmiş versiyası "BBC Micro" sisteminin "Welcome Tape" və "Welcome Disc" daşıyıcılarına "Yellow River Kingdom" (1981-ci il) adı altında daxil edilmişdir. "Hamurabi" daha mürəkkəb iqtisadi simulyasiya oyunlarının yaranmasına təkan vermişdir. Tənqidçilər "M.U.L.E." (1983-cü il) və "Anacreon" (1987-ci il) oyunlarını "Hamurabi" ilə bənzərliyi olan nümunələr kimi dəyərləndirmişdirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Strategiya videooyunları Kateqoriya:1968-ci ilin videooyunları Kateqoriya:İctimai mülkiyyət olan proqram təminatı Kateqoriya:CP/M oyunları Kateqoriya:Hadisələrin antik dövrdə cərəyan etdiyi videooyunlar Kateqoriya:Tekstual qrafikalı videooyunlar