Əbül-Qasım İshaq ibn Məhəmməd ibn İsmayıl əl-Qazı əl-Hakim əs-Səmərqəndi (; ) — maturidi alimi.

Həyatı Hicri 260-cı (874) illərdə dünyaya gəldiyi güman edilir. Hakim əs-Səmərqəndi doğulduğu yerə nisbətlə Səmərqəndi nisbəsi ilə tanınmış, hikmətli nəsihətləri və uzun illər Səmərqənd qazısı vəzifəsində işləyərkən verdiyi hökmlərə görə "Hakim" (müdrik) ləqəbini almışdır. Bu ləqəb zaman keçdikcə onu digər Səmərqənd alimlərindən fərqləndirən xüsusi bir ad halına gəlmişdir.

Biblioqrafik mənbələrdə qeyd olunur ki, Hakimin təhsil həyatı əsasən Bəlx şəhərində keçmiş, burada hənəfi alimi Məhəmməd ibn Xüzeymə əl-Kəllasdan dərs almışdır. Təsəvvüf mənbələrində isə onun ən çox faydalandığı müəlliminin Əbu Bəkr əl-Vərraq olduğu bildirilir. Əbül-Muin ən-Nəsəfinin ona aid etdiyi bəzi ifadələrdən aydın olur ki, Hakim əs-Səmərqəndi ilk dövr maturidiyyə alimlərindən Əbu Əhməd əl-İyadi ilə görüşmüş və ondan da elm öyrənmişdir. Əbdülkərim ibn Məhəmməd əs-Səmani isə Hakimin müəllimləri arasında Abdullah ibn Səhl əz-Zahid adlı bir şəxsin də adını çəkir. Haqqında çox az məlumat olan bu şəxs, ehtimal ki, məşhur sufi Hətim əl-Əsəmmin (v. 851) rəvayətçilərindən olan Abdullah ibn Səhl ər-Razidir.

Bəzi müasir tədqiqatçıların verdiyi məlumata görə, Hakim əs-Səmərqəndi İbrahim əl-Qəssar və Əbu Abdullah əl-Cəlla kimi Dəməşq və ətrafında yaşamış sufilərin də tələbəsi olmuşdur. Klassik mənbələrdə təsdiqlənməyən bu məlumat onun həcc səfəri zamanı bir müddət qaldığı Bağdaddan sonra həmin bölgəyə də gedərək müəyyən elmi fəaliyyət göstərdiyini düşündürür.

Bəzi alimlər Səmərqəndinin kəlam və fiqh sahəsində müəlliminin Əbu Mənsur əl-Maturidi olduğunu iddia etsələr də, başqaları bu fikrin yalnız eyni dövrdə yaşamış iki alimin görüşləri arasındakı oxşarlığa əsaslanan bir ehtimal olduğunu bildirirlər. Əslində isə bu iki alim arasında müəllim–şagird münasibətindən daha çox, eyni dövrdə və eyni elmi mühitdə yetişməyin yaratdığı yaxınlıq və fikir oxşarlığından danışmaq daha doğru görünür.

İlk dövrlərdə ayrıca bir maturidiyyə kəlam məktəbinin formalaşmadığını qəbul edən bəzi Qərb tədqiqatçıları erkən dövr müəlliflərini sadəcə "hənəfi alimləri", onların əsərlərini isə "hənəfi əqidəsi" nümunələri kimi təqdim edirlər. Buna görə də onlar Hakim əs-Səmərqəndini yalnız "hənəfi alimi, Səmərqənd qazısı və sufi" kimi tanıdır, məşhur "əs-Səvadül-əzəm" əsərini də hənəfi əqidəsinə aid bir əsər hesab edirlər.

Halbuki maturidi alimi Əbül-Muin ən-Nəsəfinin "Təbsirətül-ədillə" əsərində bu yanaşmanın doğru olmadığını göstərən mühüm məlumatlar vardır. Nəsəfi öz məktəbinin ilk kəlamçılarını sadalayarkən Hakim əs-Səmərqəndini Şeyx Əbül-Qasım adı ilə xatırlayır, ondan böyük hörmətlə bəhs edir və onun müasiri olan Əbu Mənsur əl-Maturidiyə böyük heyranlıq bəslədiyini bildirir. Nəsəfi qeyd edir ki, Hakim əs-Səmərqəndi Əbu Mənsur əl-Maturidinin Səmərqənddəki Çokardiza qəbiristanlığında yerləşən məzarı üzərinə aşağıdakı sözlərin yazılmasını istəmişdi:

Bu ifadələr onun Əbu Mənsur əl-Maturidiyə duyduğu böyük ehtiramı açıq şəkildə göstərir.

Hakim əs-Səmərqəndi haqqında bəzi sufi təbəqat kitablarında məlumat verilməsi, Kəlabazinin onu davranış və mənəvi tərbiyə (müaməlat) sahəsində əsər yazan sufilər sırasında göstərməsi, eləcə də ona aid təsəvvüfi hikmət və irşad sözlərinin mövcud olması göstərir ki, o, kəlam, fiqh və təfsirlə yanaşı təsəvvüflə də məşğul olmuş, zahidcəsinə bir həyat sürmüşdür.

Hakim əs-Səmərqəndi uzun illər qazılıq etdiyi Səmərqənddə hicri 342-ci ilin Məhərrəm ayının 10-da (27 may 953-cü il) vəfat etmiş və Çokardiza qəbiristanlığında, Əbu Mənsur əl-Maturidinin qəbrinin yaxınlığında dəfn edilmişdir.

Əsərləri Hakim əs-Səmərqəndinin qələmə aldığı əsərlərdən bəziləri bunlardır:

Əs-Səvadül-əzəm. Risalə fi bəyani-ənnəl-iman cüzün minəl-əməl əm lə (və mürəkkəbün əm lə). Ər-Risalə.

Həmçinin bax Hənəfilərin siyahısı

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Matüridilər