Soma (, ) — vedizm dinində və Hinduizmdə bir neçə ipostasa sahib mühüm anlayış və ilah: Daşlarla sıxılaraq şirəsi çıxarılan və nəticədə amritaya (ölümsüzlük içkisinə) çevrilən ritual bitkisi; Həmin bitkidən hazırlanan müqəddəs ayin içkisi; İlham və vəhy allahı, Günəşin qızı Suryanın bəy-adaxlısı sayılan panteon allahı.

Soma içkisinin ana xüsusiyyətləri sevinc, həzz, saflaşdırma və Ay ilə eyniləşdirilməsidir. Vedik mifologiyada Ay allahların içdiyi və Günəş tərəfindən daim doldurulan göy piyaləsi hesab olunur.

Soma içkisi nadir dağ bitkisindən xüsusi ayin keçmiş brahmanlar tərəfindən hazırlanır. Onu içən şəxsin ruhən yüksələrək "Bradxna"ya (işıq və nur məkanına, səmaya) çatdığına inanılır. Bu ritual içkisi və allah "Riqveda" və "Samaveda" mətnlərində tez-tez xatırlanır

"Riqveda"da Somaya həsr olunmuş yüzlərlə keçid vardır. Əsərin "Soma Mandala" adı ilə tanınan 9-cu mandalası bütövlüklə Somaya həsr olunmuşdur; burada Somanın enerjisini, hazırlanma prosesini və mistik xüsusiyyətlərini təsvir edən 114 sukta (himn) və 1097 mantra yer alır.

Zərdüştilikdə analoqu Soma anlayışı hind-iran müştərək dini irsinə dayanır. Zərdüştiliyin müqəddəs kitabı olan "Avesta"da Somanın tam etimoloji və ritual analoqu Haoma () hesab olunur. Hər iki ənənədə bitkinin sıxılaraq müqəddəs içki hazırlanması və onun ilahiləşdirilməsi paralellik təşkil edir.

Botanik identifikasiya cəhdləri Soma bitkisinin dəqiq hansı növə aid olması müasir hindşünaslıq və botanikada hələ də mübahisəli mövzulardan biridir. Tədqiqatçılar tərəfindən müxtəlif fərziyyələr irəli sürülmüşdür: Efedra (Ephedra): Mərkəzi Asiya və Himalay dağlarında bitən, tərkibində psixoaktiv epedrin maddəsi olan bitki (ən çox qəbul edilən nəzəriyyələrdən biridir). Milçəkqıran göbələyi (Amanita muscaria): Robert Qordon Uosson (R. Gordon Wasson) tərəfindən irəli sürülmüş halüsinogen göbələk fərziyyəsi. Sarmaşıq və ya digər dağ otları: Sarcostemma acidum və ya Peganum harmala (üzərlik) kimi müxtəlif Asiya bitkiləri.

Tarixi və hazırlanması Vedik mətnlərdə Soma bitkisi adətən uzun gövdəli, sarımtıl rəngli, dağlıq ərazilərdə bitən və əsasən qadınlar tərəfindən yığılan bir bitki kimi təsvir edilir. Bitkinin gövdəsindən şirə iki daş arasında sıxılaraq və ya dibəkdə döyülərək çıxarılırdı. Əldə edilən şirə qoyun yunundan hazırlanmış süzgəclərdən süzülür və ağacdan düzəldilmiş çəlləklərdə və ya saxsı qablarda saxlanılırdı.

Qədim hindilərin "Soma Rasa" (Soma şirəsi) adlandırdıqları bu içki qəhvəyi və ya tünd-qəhvəyi rəngdə olurdu. İstehlak edilməzdən əvvəl məhlul mütləq süd və ya qatıqla qarışdırılırdı. Rituallar zamanı Soma Rasa öncə ilahlara qurbanlıq bəxşiş (libasiya) olaraq təqdim edilir, daha sonra isə kahinlər və dindarlar tərəfindən içilirdi.

Unudulması və əvəzləyici bitkilər Müxtəlif tarixi mənbələrdən məlum olur ki, zaman keçdikcə orijinal Soma bitkisini tapmaq getdikcə çətinləşmişdir. Vedik duaların birində hətta ritual zamanı orijinal bitki əvəzinə başqa bir əvəzləyici bitkidən istifadə edildiyi üçün ilahlardan üzr istənilməsi faktı öz əksini tapmışdır. E.ə. 800-cü ildən sonra isə yazılı mənbələrdə Soma içkisinin hazırlanması və ya bitkinin canlı istifadəsinə dair heç bir birbaşa məlumata rast gəlinmir.

Bundan sonra ritual ənənəsində Somadan istifadə dayandırılmış, onun yerinə ephedra, Epilobium angustifolium və ya müxtəlif digər yerli dağ otları kimi əvəzləyici mənşəli bitkilərə keçilmişdir.

Mifologiya Biz Somadan içdik, biz ölümsüz olduq, biz işığa qovuşduq, biz allahları tapdıq

Hinduizmdə Vedaların təfsiri üçün istifadə olunan "Nirukta" əsərində Somanın iki əsas mənası təsvir olunur: birincisi, insana sevinc və fərəh gətirən möcüzəvi ritual içkisi, ikincisi isə Ay.

Müqəddəs bitkinin və ölümsüzlük eliksirinin ilahisi olan Somaya həsr olunmuş ilk vedik beytlərin birində allahların hökmdarı İndranı öz şirin və oyandırıcı ekstraktı (esensiyası) ilə saflaşdırmaq və gücləndirmək xahiş olunur: स्वादिष्ठया मदिष्ठया पवस्व सोम धारया। इन्द्राय पातवे सुतः॥Svādishṭhayā madiṣhṭhayā pavasva soma dhārayā, Indrāya pātave sutaḥ

İkinci beytdə isə Somanın ilahi təbiətindən bəhs edilir. Buradan məlum olur ki, Soma əzilmiş otlardan hazırlanan və yalnız ilahlar tərəfindən istehlak olunan bir içkidir; ona allahlardan başqa heç kim toxuna bilməz: सोमं मन्यते पपिवान्यत्सम्पिषन्त्योषधिम्। सोमं यं ब्रह्माणो विदुर्न तस्याश्नाति कश्चन॥Somaṁ manyate papivān yat sampiṣanty oṣadhim, Somaṁ yaṁ brahmāṇo vidur na tasyāśnāti kaścana

Vedalarda ən azı üç müxtəlif Soma anlayışı xatırlanır: Soma Pavamana (Saman yolu), Soma-Ay və şirəsindən içki hazırlanan Soma bitkisi. Soma-Ay öz növbəsində üç ipostasa malikdir: Soma — göy cismi (səma işıqlısı), Soma — göy cisminin sahibi olan panteon allahı və Soma — Ay tərəfindən şüalandırılan və bitkilərdə şirə şəklində təzahür edən nektar (amrita).

"Riqveda"nın "Somaya və Puşana" məhnəsində (II, 40) Soma və Puşan "sərvətlərin valideynləri" və "kainatın çobanları" adlandırılır; onların birinin "bütün varlıqları yaratdığı", digərinin isə "hər şeyə nəzarət edərək hərəkət etdiyi" qeyd olunur.

"Riqveda"nın "Nikah himni"ndə (X, 85) Soma (Ay ilə eyniləşdirilir) və günəş ilahı Savitarın qızı Suryanın toy mərasimi təsvir edilir.

Həmçinin Somaya digər ilahlarla cütlükdə və ya birgə ad kimi də rast gəlinir: İndra-Soma (VII, 104), Soma-Rudra (VI, 74). "Riqveda"nın bütövlüklə doqquzuncu mandalası Somaya həsr edilmişdir.

Soma adı ("Şah Soma") hind panteonunda aparıcı mövqeyə malikdir. Soma həmçinin Ay allahı olan Çandranın ikinci adıdır.

"Atharvaveda"dakı bir çox mətnlər Somanın şəfalı xüsusiyyətlərini vəsf edir. Bütün otların və müalicəvi bitkilərin ən mühümü sayılan Soma "bitkilərin şahı" hesab olunur. O, "Vanaspati" ("meşənin hökmdarı") epitetini daşıyır və bütün bitki aləminin onun tərəfindən yaradıldığına inanılır. Günahlardan azad olmaq və səadətə qovuşmaq üçün dindarlar digər bitkilərlə yanaşı Somaya da dua edirlər.

Müqayisəli mifologiya və analoqları Soma/Haoma kultunun Hind-Avropa və yaxın qonşu mədəniyyətlərdə də paralelləri mövcud olmuşdur. Frakiyalılar, Frigiyalılar və Qədim Yunanlarda buna oxşar ritual içki kultu Sabazi ilahı ilə əlaqələndirilirdi. Daha sonrakı dövrlərdə bu kult Dionis kultu ilə əvəzlənmiş və ilahların xüsusiyyətləri qovuşmuşdur.

Tərkibi haqqında fərziyyələr Soma içkisinin dəqiq resepti və tərkib hissələri naməlum olaraq qalır. Somanın hansı bitki və ya göbələkdən hazırlanması ilə bağlı çoxlu sayda elmi və nəzəri fərziyyələr irəli sürülmüşdür.

1968-ci ildə Qordon Uosson özünün tez-tez istinad edilən "Soma: Divine Mushroom of Immortality" ("Soma: Ölümsüzlüyün İlahi Göbələyi") kitabında Soma adlanan bu "bitkinin" məhz qırmızı milçəkqıran göbələyi () olduğunu iddia edən nəzəriyyəsini təqdim etmişdir. Uosson hesab edirdi ki, Soma 4000 ildən çox əvvəl, xristianlıq erasından əvvəl özlərini arilər adlandıran xalqlar tərəfindən dini seremoniyalarda istifadə olunan psixoaktiv göbələk idi.

Devid Stoflet Flatter və Martin Şvarts isə "Avesta" mətnlərinin tədqiqinə əsaslanaraq 1989-cu ildə nəşr etdirdikləri "Haoma və Harmalin" adlı tədqiqatda Somanın üzərlik bitkisi () olduğunu irəli sürmüşdürlər.

Tədqiqatçıların fikrincə, Somanın ehtimal olunan tərkib hissələrinə aşağıdakı bitki və göbələk növləri daxil ola bilər: Somanın yarpağı və ya budağı mənasını verən "Somalata" () çılpaq kol bitkisi; Tərkibində təbii stimullaşdırıcı epedrin olan efedra (); Çətənə (dişi çətənənin yarpaq və çiçəklərindən hazırlanan bhanq süd ilə qarışdırılaraq yazda qeyd olunan Holi bayramında içilir); Xaşxaş (); Qalyusinogen təsirə malik olan və Sibir şamanları tərəfindən ritual məqsədlərlə istifadə edilən milçəkqıran göbələyi; Üzərlik (); kol bitkisi.

İstinadlar

Biblioqrafiya

Bakels, C.C. 2003. “The contents of ceramic vessels in the Bactria-Margiana Archaeological Complex, Turkmenistan.” in Electronic Journal of Vedic Studies, Vol. 9. Issue 1c (May 2003)

Jay, Mike. Blue Tide: The Search for Soma. Autonomedia, 1999.

Lamborn Wilson, Peter. Ploughing the clouds:The search for Irish Soma, City Lights,1999.

McDonald, A. "A botanical perspective on the identity of soma (Nelumbo nucifera Gaertn.) based on scriptural and iconographic records" in Economic Botany 2004;58

Kateqoriya:Libasiya Kateqoriya:Sanskrit dilində sözlər və ifadələr Kateqoriya:Soma (içki) Kateqoriya:Mifoloji qida və içkilər Kateqoriya:Tarixi içkilər Kateqoriya:Veda adətləri Kateqoriya:Enteogenlər