Kərramiyyə () — hicri III (IX) yüzilliyin sonlarında Xorasan və Mavəraünnəhrdə yaranmış etiqadi məzhəb.
Yaranması Məzhəbin banisi Məhəmməd ibn Kərramdır. Əvvəlcə murciənin alt qruplarından biri olan bu hərəkatın əsas mərkəzlərindən sayılan Nişapur bölgəsindəki üzvləri hənəfi məzhəbinə mənsub idilər. Sonralar Sind və Gur ətrafındakı kərramilər bəzi fərqli fiqhi görüşləri mənimsəmişlər. Sonrakı mənbələrin bir qismi onları fiqhi və etiqadi baxımdan müstəqil bir məktəb kimi, digər bir qismi isə yalnız etiqadi firqə kimi təqdim etmişdir. Bununla belə, kərramilər iman nəzəriyyələri baxımından murciənin alt qruplarından hesab edilmiş, Allah və Onun sifətləri haqqında antropomorfist fikirlərinə görə isə sifətiyyə, mücəssimə və ya müşəbbihənin alt qrupları sırasında göstərilmişlər.
Arealı Hicri III (IX) əsrin sonlarından etibarən başda Xorasan və Mavəraünnəhr olmaqla, İraq, Suriya, Hicaz və Yəmən kimi bölgələrdə böyük əks-səda doğuran kərramiyyə daxilində çoxlu alim yetişmiş və bu məzhəb xeyli sayda tərəfdar toplamışdır. Onların ən güclü olduqları bölgə Xorasan və Mavəraünnəhr idi. Məqdisinin verdiyi məlumata görə, Fərqanə, Xüttəl, Mərvərruz, Səmərqənd, Cürcan, Cüzcan, Biyar və Cibəli-Təbəristanda çoxlu xanəgahlar qurmuşdular. Hicri IV (X) əsrdə Nişapurun bir qəsəbəsi olan İranşəhrdə əhali ya şiə, ya da kərramiyyə məzhəbinə mənsub idi. Nişapur, Sicistan və Xarəzmdə şiələrlə, Cürcanda isə həsənilərlə kərramilər arasında ciddi qarşıdurmalar baş vermişdi.
Kərramiyyə hicri III (IX) əsrin sonlarından başlayaraq İbrahim ibn Mühacir, İshaq ibn Mahməşaz, onun oğlu Əbu Bəkr və Məhəmməd ibn Heysəmin fəaliyyəti sayəsində ən qüdrətli dövrünü yaşamışdır. Bu dövrdə onların əsas fəaliyyət mərkəzləri Nişapur və Gur idi. Hicri 370-ci (980–981) ildə Samanilər dövlətinin valilərindən Əbül-Həsən Məhəmməd ibn Simcurun hüzurunda, şafii alimi Əbdülqahir əl-Bağdadi ilə kərramiyyənin tanınmış alimlərindən İbrahim ibn Mühacir arasında Allaha "cisim" deyilib-deyilə bilməyəcəyi mövzusunda debat keçirilmişdir. Nişapurda baş verən bu qarşılaşmadan sonra şafiilərlə kərramilər arasındakı mübahisələr iki-üç əsr davam etmişdir.
Kərramilər Qəznəli Səbük Təkin və oğlu Mahmud tərəfindən himayə olunmağa başlayınca şafii-əşəri və şiə mühitlər qarşısında mühüm üstünlük əldə etdilər. Bu dəstəyin qazanılmasında ishaqiyyənin banisi İshaq ibn Mahməşazın böyük rolu olmuşdur. Nişapurda doğulub boya-başa çatan və kərrami mühitində təhsil alan İbn Mahməşaz, İbn Kərram kimi xalqın sevgisini qazanmış zahid və təqva sahibi bir şəxs idi. İbn Kərramın fikirlərini sistemləşdirən İbn Mahməşaz dövründə Nişapurdakı lərramilərin sayı 20 minə çatmışdı. Oğlu Əbu Bəkr də sultan üzərində nüfuz sahibi olmuş, onunla birlikdə bəzi yürüşlərdə iştirak etmişdir. Lakin Əbu Bəkrin təcsim (Allahı cisim hesab etmə) fikrini qəbul etdiyi barədə edilən şikayət səbəbindən Sultan Mahmudun hicri 402-ci (1011–1012) ildə dəstəyini geri çəkməsi ilə kərramiyyə əvvəlki gücünü itirmiş, buna baxmayaraq Nişapurda siyasi və dini tarazlıq amili olmağa davam etmişdir.
Mahmud Qəznəvinin hüzurunda kərramiyyə ilə əşərilər arasında bir çox elmi mübahisələr təşkil edilmişdir. Bunların ən mühümləri dövrün kərrami alimi, heysəmiyyə qolunun banisi Əbu Abdullah Məhəmməd ibn Heysəm ilə əşəri alimləri İbn Furək və Əbu İshaq əl-İsfərayini arasında baş vermişdir. Hicri 488 və ya 489-cu (1095 və ya 1096) ildə Nişapur və Beyhəqdə kərramilərlə hənəfilər və şafiilər arasında iğtişaşlar meydana gəldi. Mahməşaz nəslindən olan kərrami liderinin öldürülməsi və mədrəsələrinin dağıdılması nəticəsində onların bu bölgədəki hakimiyyəti sona çatdı. Bununla belə, kərramiyyə Nişapurun kənd və qəsəbələrdə fəaliyyətini davam etdirdi. Yaqut əl-Həməvi hicri VI (XII) əsrin əvvəllərində Bicistanda xalq arasında böyük nüfuz qazanmış Əbül-Qasım Müvəffəq əl-Bicistani əl-Meydani adlı bir kərrami aliminin yaşadığını qeyd edir.
Hicri VI (XII) əsrdə kərramiyyənin ən güclü olduğu yer Əfqanıstanın dağlıq Gur bölgəsi idi. Buranın sultanlarından Qiyasəddin Məhəmməd və qardaşı Müizzüddin Məhəmməd əvvəlcə bütün məsələlərdə kərrami məzhəbini qəbul etmiş, sonralar isə şafiiləri dəstəkləmişlər. Hətta Qiyasəddinin şafii alimi Fəxrəddin ər-Razini himayə etməsi bir sıra hadisələrin baş verməsinə səbəb olmuşdur. Ər-Razi ilə kərrami lideri Məcdüddin ibn Qudvə arasında keçirilən bir debatdan sonra qarşıdurma xalqa da sirayət etmiş və nəticədə ər-Razi Gurun paytaxtı Firuzkuhdan çıxarılmışdır. Bu hadisədən sonra ər-Razi onların kəlam sahəsindəki fikirlərini tənqid etmək məqsədilə "Əsasüt-təqdis" adlı əsərini qələmə almışdır. Monqol yürüşlərindən sonra isə məzhəb mənsublarının vəziyyəti haqqında hər hansı məlumata rast gəlinmir. Görüşləri Məhəmməd ibn Kərram "Əzabül-qəbr" adlı əsərində Allahı zatın (cövhərin) birliyi kimi xarakterizə etmiş, onun keyfiyyətinin isə özündən başqası tərəfindən bilinməsinin mümkün olmadığını bildirmişdir. Həmin əsərdə, "Rəhman ərşə istiva etmişdir" (Taha, 5) məalındakı ayəyə əsaslanaraq Allahın ərşə toxunduğunu (müməssə) və ərşin onun məkanı olduğunu irəli sürmüşdür. Bu görüş uzun müddət kəlam alimləri arasında müzakirə mövzusu olmuşdur. Lakin sonrakı dövrdə bəzi kərramilər bu anlayışı Allahın digər cisimlərə bənzəməyən bir cisim olması şəklində izah etmişlər. Onların fikrincə, zatı ilə qaim olan hər bir şeyə "cisim" deyildiyinə görə, Allah haqqında da bu mənada "cisim" ifadəsini işlətmək olar. Onlar "ərşə toxunma" (müməssə) ifadəsi əvəzinə "qarşılaşma" (mülaqat) terminini işlətmişlər.thumb|372x372px|Kərrami minarəsi
Allahın zatı ilə qaim olan sifətlərə malik olduğunu qəbul edən kərramiyyəyə görə, Allah elmi ilə alim, qüdrəti ilə qadir, həyatı ilə diri, məşiəti ilə diləyəndir. O, hələ feli şəkildə yaratma və ruzi vermə xüsusiyyəti təzahür etməmişkən belə, əzəldən (bil-qüvvə) yaradıcı və ruzi verəndir. Allahın sifətləri onun zatının eyni deyil, zatından başqa həqiqətlərdir. Yaratmaq (təkvin) ilə yaradılan (mükəvvən) bir-birindən fərqlidir. İlahi iradə ilə məşiət arasında da fərq vardır: birincisi hadis, ikincisi isə qədimdir. Danışan (mütəkəllim) ilə söyləyən (qail), həmçinin kəlam ilə söz (qəvl) arasında da fərq mövcuddur. Kəlam "Allahın əzəldən danışmağa qadir olması", qəvl isə danışma aktı və ya söz demə qüdrəti mənasını ifadə edir.
"Kəlami-qədim" dedikdə, özlüyündə hadis olan hərflərdən ibarət bir kəlam nəzərdə tutulur. Buna görə kərramiyyə Quranın kəlam baxımından məxluq olmadığını, lakin hərflər və səslər etibarilə yaradılmamış (muhdəs olmayan) hadislərdən ibarət olduğunu söyləmişdir. Bundan əlavə, onların fikrincə, Allah müəyyən cəhətlərdə (istiqamətlərdə) mövcud olmaqla vəsf edildiyi üçün həm bu dünyada, həm də axirətdə görüləcəkdir.
Kərramilərə görə, əvvəlcə ağıl sahibi bir varlıq olan insanın, daha sonra isə digər təbiət varlıqlarının yaradılması Allah üçün zəruridir. Əgər Allah əvvəlcə ağlı olmayan varlıqları yaratsaydı, hikmət sahibi (hakim) olmazdı. Təkvin Allahın zatında baş verir. Aləmdəki ərəzlər və cisimlər məbudun zatında çoxsaylı ərəzlərin meydana gəlməsi nəticəsində yaranır. Bütün hadis varlıqların və ərəzlərin məkanı Allahın zatıdır.
Bu fikir bəzi kərramiləri aləmin əbədiliyini, bəzilərini isə onun əzəliliyini inkar etməyə sövq etmiş, hətta onların bir qismi Allahın cisimləri yox etməyə qadir olmadığını iddia etmişdir. Digər tərəfdən, mədumun iadəsinin (yox olmuş şeyin yenidən eynilə qaytarılmasının) qeyri-mümkün olduğunu müdafiə etdiklərinə görə, sonralar sistemləşdirilən vəhdəti-vücud nəzəriyyəsinin meydana gəlməsində kərramilərin təsirli olduğu da irəli sürülmüşdür.
Lakin onların fikrincə, yaratmaq (xəlq) ilə yaradılan (məxluq), vücuda gətirmək (icad) ilə mövcud olan (mucəd), həmçinin yox etmək ilə yox edilən bir-birindən fərqli şeylərdir. Xəlq Allahın "Ol!" (kun) kəlamı və iradəsindən ibarətdir.
İmanı yalnız iqrar kimi tərif edən Məhəmməd ibn Kərram və onun tərəfdarlarına görə, qəlb ilə təsdiq iman olmadığı kimi, dil ilə iqrardan başqa heç bir şey də iman sayılmır. Eyni şəkildə küfr də Allahı dil ilə tanımamaq və onu inkar etməkdən ibarətdir.
Kərramilər, münafiqi imanla bağlı dünyəvi hökmlər baxımından həqiqi mömin hesab etsələr də, axirətdə qəlbən iman etmədiyi üçün onun əbədi olaraq cəhənnəmdə qalacağını söyləmişlər. Çünki onların fikrincə, bir insanın cənnətə daxil ola bilməsi üçün həm qəlbi ilə, həm də dili ilə iman etməsi zəruridir.
Kərramiyyəyə görə, bütün ruhlar "Bəli, Sən bizim Rəbbimizsən" (Əraf, 172) şəklindəki ilk əhddə (əzəli iqrarda) iqrar etmişlər. Bu iqrar insanlar İslamdan başqa bir dinə keçmədikləri müddətdə əbədi olaraq qüvvədə qalır. Dünyada bu iqrarı kəlimeyi-şəhadət vasitəsilə təkrar edən hər bir şəxs İslam ümmətinin bir fərdi sayılır.
Onların fikrincə, əməl ilə iman bir-birindən fərqli anlayışlardır. Yəni iman sözdən ibarətdir, əməllər isə onun prinsipləri və tələbləridir. İman yaxşı əməllərlə artmaz, günah işləməklə və ya vacib əməlləri tərk etməklə də azalmaz. Peyğəmbər belə olsa, bütün müsəlmanlar iman baxımından bir-birinə bərabərdirlər. Çünki hər bir mömin həqiqi mömindir, hər bir kafir də həqiqi kafirdir; bu iki hal arasında üçüncü bir mövqe yoxdur.
Bu səbəbdən bir möminin, xüsusilə keçmiş və ya indiki vəziyyətini nəzərdə tutaraq, "Allah diləsə, mən möminəm" (istisna) deməsi doğru hesab edilmir.
Kərramiyyəyə görə, nübüvvət və risalət nəbi və rəsulun fitrətən malik olduğu iki xüsusiyyətdir. Onların belə bir vəzifəyə seçilməsi vəhy, möcüzə və ya ismət sifəti ilə deyil, məhz doğuşdan sahib olduqları bu iki xüsusiyyətə görədir. Bu xüsusiyyətlərə malik şəxslərin nəbi və rəsul olaraq göndərilməsi Allah üçün vacibdir.
Rəsul ilə mürsəli bir-birindən fərqləndirən kərramiyyəyə görə, rəsul risalət xüsusiyyətinə fitrətən sahib olan şəxsdir. Mürsəl isə bu xüsusiyyətə fitrətən malik olmadığı halda Allah tərəfindən elçi seçilərək göndərilən şəxsdir. Allah mürsəli həm rəsul olaraq göndərir, həm də ona müəyyən bir vəzifə həvalə edir. Buna görə hər rəsul mürsəldir, lakin hər mürsəl rəsul deyildir.
Kərramilər peyğəmbərlərin mütləq məsumluğunu qəbul etməmişlər. Əl-Bağdadinin verdiyi məlumata görə, peyğəmbərlər ədaləti aradan qaldıran və ya cəzanı zəruri edən bütün günahlardan qorunsalar da, bunlardan aşağı dərəcədə olan günahlardan məsum deyildirlər. Bundan başqa, onların fikrincə peyğəmbərlərin möcüzəyə ehtiyacı yoxdur; bir peyğəmbərin "mən peyğəmbərəm" deməsi onun peyğəmbərliyinə dəlil sayılır. Buna görə də peyğəmbərliklərini elan etdikdən sonra insanlar onlardan doğruluqlarını sübut edəcək əlavə bir dəlil tələb etmədən onları qəbul etməyə borcludurlar. Allahın çoxlu peyğəmbər göndərməsi də onun hikmət və ədalətinin tələbidir.
Ağıl vəhy gəlməzdən əvvəl də əşya və əməllərin yaxşı və ya pis olduğunu müəyyən edə bilər. Allahı ağıl vasitəsilə tanımaq vacibdir. Kərramiyyə hüsn-qübh və səlah-əsləh məsələlərində mötəzilə ilə eyni mövqedə durur. Lakin qədər (tale) məsələsində fərqli bir yol tutaraq kainatdakı bütün xeyir və şərin Allahın iradəsi ilə baş verdiyini, yaxşı və pis olan bütün varlıqların Onun tərəfindən yaradıldığını qəbul edir. Onlar ixtiyari əməllərin kəsb adlanan və bəndədə sonradan yaranan bir qüvvə ilə gerçəkləşdiyini irəli sürmüşlər.
Kərramiyyənin imamət və ya xilafət məsələsinə dair görüşləri haqqında sünni və mötəzili mənbələrin verdiyi məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Qazı Əbdülcabbar kərramiyyəyə görə imamətin açıq bir nassa əsaslanmalı olduğunu qeyd edir və Əbu Bəkrin imamətinə dəlalət edən ayə və hədislərdən dəlillər gətirir. Şəhristani isə onların Əhli-sünnə kimi, nass və təyin olmadan ümmətin icmasını əsas götürdüklərini bildirir. Hər iki halda da kərramiyyənin ilk dörd xəlifənin tarixi ardıcıllığını fəzilət ardıcıllığı kimi qəbul etdiyi məlum olur.