Əlibəy Məmmədov- () Hokkaydo Universitetinin siyasi elmlər üzrə doktorantı, Yaponiya–Azərbaycan Əməkdaşlıq Assosasiyasının təsisçisi və sədri, konfliktoloq.
Həyatı Məmmədov Əlibəy Rahib oğlu 1988-ci ilin 30 oktyabrında Moskva şəhərində doğulub, Bakı şəhərində isə böyüyüb boya-başa çatıb. Valideynlərinin hər ikisi Moskva Dövlət Universitetinin Tarix fakültəsinin məzunlarıdırlar. 6-cı sinfə kimi Nəsimi rayonunda yerləşən 111 nömrəli məktəbdə, 7-ci sinifdən etibarən akademik Azad Mirzəcanzadənin adını daşıyan 147 saylı Texniki humanitar liseydə təhsilimi davam etdirib. 2005-ci ildə dövlət imtahanının nəticələrinə uyğun olaraq Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) fakültəsinin yapon dili və ədəbiyyatı bölməsinə daxil olub. 2009-cu ildə ali təhsilini Qırmızı diplomla başa vurub.
2009–2010-cu illərdə Füzuli rayonunda hərbi xidmətdə olub. 2010–2012-ci illərdə əsas etibarilə Bakıda dövlət qurumları, ayrı-ayrı şirkətlər tərəfindən bir çox sahələrdə tərcüməçilik fəaliyyətinə cəlb olunub. 2010-cu ilin noyabr ayında Yaponiyanın "Fuji Terebi" televiziya kanalı ilə birgə çalışıb. Bunun nəticəsi olaraq Yaponiyada Azərbaycanla bağlı 5 dəfə xüsusi veriliş yayımlanıb. 2012-ci ildən Yaponiyada yaşayır. Yaponiya hökuməti dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin magistr və doktorantı olub. İki il ardıcıl Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasının prezidenti, bir il isə fəxri prezidenti olub. Yapon, ingilis, rus, türk dillərini bilir. Ailəlidir, dörd övladı var.
Elmi və ictimai fəaliyyəti Əlibəy Məmmədov 2012-ci ilin aprel ayından Yaponiyanın hökumət təqaüdlərini qazanaraq Hokkaydo Universitetinə təhsil almaq üçün göndərilmişdir. 2013-cü ilin martında elmi tədqiqatçı tələbə olaraq hazırlığını bitirdikdən sonra eyni ilin aprel ayında Hokkaydo Universitetinin magistratura pilləsinə daxil olmuşdur. 2015-ci ilin mart ayında tarix elmləri üzrə magistr dərəcəsi almışdır. Mövzusu "Kuril adaları problemi və ictimai rəy" olub. 2015-ci ilin Aprel ayından Hokkaydo Universitetinin doktorantura pilləsinə qaldırılıb. Doktoranturada isə mövzusu "Dağlıq Qarabağ münaqişəsi və Cənubi Kuril adaları probleminin müqayisəli təhlili" olub. Əlibəy Məmmədov hal-hazırda universitetin Slavyan Avrasiya Araşdırmalar Mərkəzində professional olaraq konfliktologiya elmi sahəsində araşdırmalar aparır. Onun Qarabağ münaqişəsi, Cənubi Kuril adaları problemi, eyni zamanda Şrilanka milli vətəndaş müharibəsinin müqayisəli təhlili ilə bağlı Hindistanda, Şri-Lankada və Yaponiyada araşdırmaları, elmi çıxarışları və yazıları olub. 2018-ci ildə AzePro şirkətini təsis etmişdir.
Elmi məqalələri Elmi işi Qarabağla bağlı olduğundan həm Yaponiyada, həm də iki dəfə Amerikada, Reno və San-Fransisko şəhərlərində elm adamlarının diqqətini Qarabağa yönəldə bilib. Bu mövzularda Yaponiyanın tirajlarları milyonlarla ölçülən "Tokio", "Hokkaydo", "Mainiçi", "Yomiuri", "Hokuriku", "Nikkei", "Çuniçi" qəzetlərində, eyni zamanda "Yaponiya Mərkəzi Asiya Elmi Jurnalı", "Sərhəd Araşdırmaları", "Litterae Populi" elmi jurnallarında elmi yazıları, "Hokkaydo Mərkəzi Avrasiya Tədqiqat Toptantısı"nın 121-ci sessiyasında, "Yaponiya Mərkəzi Asiya Elmi Konfransı"nda, "Yaponiya Siyasət Elmləri Konfransı"nda, "Yaponiya Beynəlxalq Siyasət Elmləri Konfransı"nda, "Rusiya, Şərqi Avropa Elmi Konfransı"nda elmi çıxışları olub. Fikirləri, elmi nəticələri bir çox xarici dilli məqalə və kitablarda sitat olaraq gətirilib. "A Survey of Former Japanese Residents and Their Descendants Regarding the Northern Territories Issue". "A Series of Lectures on Azerbaijani Multiculturalism". Azerbaijani Multiculturalism continues to be successfully taught in Japan
Əsərləri "İndi Azərbaycanın maraqlı olmasının səbəbləri" 2018. Azərbaycan adlı strategiya (アゼルバイジャンという戦略). Tokio: Ryukeishosha nəşriyyatı, 2026. ISBN: 978–4845452088..
"Şərabla səfər edəcəyiniz Azərbaycan" 2026. ISBN-10: 4845425726..
İctimai fəaliyyəti 2015 və 2016-cı illərdə Azərbaycanın Sapporo şəhərində keçirilən Beynəlxalq Qar Fiqurları Festivalında təmsil olunmasında iştirak etmişdir. Onun təşəbbüsü ilə 2016-cı ildə Tokioda Yaponiya–Azərbaycan Əməkdaşlıq Assosiasiyası yaradılmışdır. Hazırda təşkilatın sədri vəzifəsini icra edir.
Yaponiyanın müxtəlif ali və orta təhsil müəssisələrində Azərbaycan tarixi, mədəniyyəti və multikulturalizmi ilə bağlı mühazirələr keçmişdir. 2017–2021-ci illərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Hokkaydo Universiteti arasında əməkdaşlıq çərçivəsində Hokkaydo Universitetində "Azərbaycan multikulturalizmi" fənni üzrə müəllim kimi fəaliyyət göstərmişdir. Yaponiya parlamentində Azərbaycanla bağlı keçirilən tədbirlərdə Azərbaycan–Yaponiya siyasi və iqtisadi əlaqələri barədə çıxışlar etmişdir.
2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə Yaponiyanın müxtəlif televiziya kanallarının canlı yayımlarına qatılaraq Azərbaycanın mövqeyi və münaqişə ilə bağlı məlumatlar təqdim etmişdir.
Müxtəlif illərdə Yaponiyanın media orqanlarında Azərbaycanla bağlı mövzularda çıxışlar etmiş, o cümlədən "World Investors TV" internet kanalında 20 Yanvar faciəsi, Konstitusiya Günü və Müstəqillik Günü ilə bağlı verilişlərdə iştirak etmişdir. 2017-ci ildə Yaponiyanın "Kansay" televiziyasının Bakı şəhərinə həsr olunmuş proqramının hazırlanmasına dəstək göstərmişdir.
İstinadlar