Əbu Məhəmməd Təqiyyəddin Əhməd ibn Əli ibn Əbdülqadir ibn Məhəmməd əl-Məqrizi (; ) — Məmlük dövrü tarixçisi.
Həyatı
Mənşəyi Əl-Məqrizi Qahirədə anadan olmuşdur. Ailəsi əslən Məqarizədən (Livan) olduğu üçün nisbəsi "Məqrizi"dir.
Təhsili və fəaliyyəti Əvvəl hənəfi məzhəbini mənimsəmiş və ilk təhsilini bu məzhəbə uyğun almışdır. Daha sonra şafiiliyə yönəlmişdir.
Səxavi onun fiqh, hədis, qiraət, dil, ədəbiyyat və tarix sahələrində 600-dən çox müəllimdən təhsil aldığını bildirmişdir. Əl-Məqrizi İbn Xəldun ilə bir neçə dəfə görüşmüş və ondan təsirlənmişdir.
Əl-Məqrizin təhsil aldığı müəllimləri arasında babası İbn əs-Səiğ, İbn Kəsir, İbn əl-Müləqqin, Zeynəddin əl-İraqi, Heysəmi, Firuzabadi və başqaları vardır.
Tələbələri arasında isə İbn Qutlubuğa, İbn Tağrıbərdi və başqaları vardır.
Əl-Məqrizi bir alim kimi Misirin siyasi, ictimai və iqtisadi həyatını elmi araşdırmaya predmeti etmiş, doğulduğu şəhər olan Qahirənin az tanınan cəhətlərini üzə çıxarmış, onun əsas abidələrini və əsərlərini qeydə alıb tanıtmışdır. Beləliklə o, Qahirəni sanki yenidən canlandırmış, həmçinin məşhur şəxsiyyətlərinin bioqrafiyalarını qələmə almışdır.
O, kiçik yaşlarından ictimai həyatla maraqlanmış, gənclik illərindən etibarən bir çox mühüm dövlət vəzifələrində çalışmışdır. 1388-ci ilə qədər davam etdirdiyi divan xidmətlərindən biri olan təvqi (rəsmi sənədlərin təsdiqi və yazışmaları ilə bağlı vəzifə) işini Qahirə qalasındakı İnşa divanında Qazı Bədrəddin Məhəmməd ibn Fəzlullah əl-Ömərinin yanında icra etmişdir.
19 mart 1399-cu ildə Şəmsəddin Məhəmməd əl-Məhasininin yerinə Qahirə və Vəchül-Bəhri (Aşağı Misir) bölgələrinin mühtəsibi təyin olunmuşdur. Sultan Fərəc ibn Bərququn taxta çıxmasından sonra, həmin ilin 21 iyul (1399) tarixində sultanın etimadını qazanmış və Qahirənin mühtəsibliyi vəzifəsinə təyin edilmişdir.
Əl-Məqrizi hisbə vəzifəsində işlədiyi dövrdə iqtisadiyyatın həm nəzəri, həm də praktiki tərəflərinə dərindən bələd olmuş, xüsusilə "İğasətül-ümmə" adlı əsərini yazarkən bu biliklərindən geniş istifadə etmişdir. Təvqi və İnşa divanlarındakı vəzifələri ona bir çox alim və dövlət xadimi ilə tanış olmaq imkanı yaratmış, dövlət işlərini yaxından öyrənməsinə şərait yaratmış və qazandığı bilik və təcrübədən sonralar tarixçi kimi böyük ölçüdə faydalanmışdır.
Müxtəlif vaxtlarda Sultan Həsən mədrəsəsində və Əmr ibn Əs məscidində qazı müavini və xətib, həmçinin Hakim məscidində imam vəzifələrində çalışmışdır. Ehtimal olunur ki, bu vəzifələri İbn Xəldun vasitəsilə tanış olduğu və himayəsini qazandığı Sultan əl-Məliküz-Zahir Bərququn hakimiyyəti dövründə icra etmişdir.
Əslində əl-Məqrizi həmin dövrdə tanış olduğu və Sultan Fərəc ibn Bərququn dövründə baş verən qarışıqlıqları yatırdan əmir Yeşbəg ibn Abdullah əl-Atabəyi ilə çox yaxın münasibətlər qurmuşdu. Bu əlaqələr sayəsində o, böyük siyasi qarışıqlığın yaşandığı Dəməşqə Sultan əl-Məlikün-Nasir Fərəclə birlikdə daxil olmuşdur.
1412-ci ilə qədər bir neçə dəfə Dəməşqə səfər etmiş, burada Qalanisi vəqfinin və Nuri Bimaristanının nəzarətçisi, həmçinin Darül-Hədis əl-Əşrəfiyyə və Mədrəsətül-İqbaliyyədə müəllim vəzifələrində çalışmışdır. Suriyada olduğu zaman Sultan Fərəc ona Şam bölgəsinin şafii baş qazısı vəzifəsini təklif etsə də, bəzi narahatlıqlarına görə o, bu təklifi rədd etmişdir. Nəhayət, Bəhri-Məmlük dövlətinin əsl banisi hesab olunan Sultan əl-Məlikül-Müəyyəd Şeyx əl-Mahmudinin hakimiyyəti dövründə yenidən Misirə qayıtmışdır.
Yeni sultana böyük ümidlər bəsləyən əl-Məqrizi 1420-ci ildə tamamlanan və Qahirənin Babüzüveylə qapısı yanında yerləşən əl-Mədrəsətül-Müəyyədiyyədə hədis müəllimi işləməyə başlamışdır. Bu mədrəsədə nə qədər fəaliyyət göstərdiyi məlum deyil. Ehtimal olunur ki, Sultan əl-Məlikül-Müəyyədin 1421-ci ildə vəfatından sonra onun bu vəzifəsi də başa çatmışdır.
Bundan sonra sultanlar onu dövlət vəzifələrindən uzaqlaşdırmış, özü də buna meyilli olmadığından təxminən iyirmi il dövlət işlərindən kənarda qalmışdır. Evinə çəkilərək tarix araşdırmaları ilə məşğul olmuş və bu sahədə böyük şöhrət qazanmışdır.
1430–1435-ci illərdə Məkkədə yaşayan əl-Məqrizi, 1431-ci ilin may ayından etibarən Məscidül-Hərəmdə "İmtəül-əsmə" də daxil olmaqla bir çox əsərlərini tələbələrə tədris etmişdir. Bu müddətdə Kəbəni ziyarətə gələn hacılardan Cənubi Ərəbistan və Həbəşistan haqqında məlumatlar toplamış, həmin əsərlərinin ilkin versiyalarını 1435-ci ildə Məkkədə yazmış, 1437-ci ildə Qahirəyə qayıtdıqdan sonra isə onlara son redaktələri etmişdir.
Ölümü 1437-ci il tarixdən sonra Burcuvan məhəlləsindəki evinə çəkilərək ibadətlə və elmi fəaliyyətlə məşğul olmuş, 200 cilddən artıq əsər qələmə almışdır. Uzun sürən xəstəlikdən sonra 845-ci ilin Ramazan ayının 16-sında (və ya 27-də), yəni 28 yanvar (və ya 8 fevral) 1442-ci ildə vəfat etmiş, Qahirədə Babün-Nəsr məhəlləsinin kənarında yerləşən Baybars sufilərinə məxsus qəbiristanlıqda dəfn olunmuşdur.
Əsərləri Əl-Məqrizinin müəllifi olduğu əsərlərdən bəziləri bunlardır:
Əl-Məvaiz vəl-itibar fi zikril-xitat vəl-əsar. Əs-Süluk li-mərifəti-düvəlil-müluk. İttiəzül-hünəfə bi-əxbəril-əimmətil-Fatimiyyin əl-xuləfa. İğasətül-ümmə bi-kəşfil-ğummə. İmtəul-əsma bimə lir-rəsul minəl-əbnəi (ənbəi) vəl-əhval vəl-həfədə vəl-məta. Əl-Muqəffəl-kəbir.
İstinadlar
Xarici keçidlər