Qübbətül-İmam əş-Şafei () — əş-Şafeinin məzarı üzərində inşa edilmiş türbə.
Əhəmiyyəti Qahirədəki Qarafə qəbiristanlığında yerləşən bu türbə, Səlahəddin Əyyubinin şiə Fatimi hakimiyyətini devirərək Misirdə sünni təfəkkürü yenidən bərpa etməsinin rəmzi hesab olunur.
İnşası Səlahəddin Əyyubi əş-Şafeinin qəbrinin yaxınlığında bir mədrəsə inşa etmiş (1176–1179) və onun qəbri taxtadan bir sandıqça hazırlatmışdır (1178–79).
Əl-Məlikül-Kamil Məhəmmədin də əş-Şafeinin qəbrinin üzərində bir günbəz inşa etdirdiyi (1211) kitabədə qeyd edilsə də, onun həmin vaxt hökmdar olmaması günbəzin onun anası tərəfindən inşa etdirildiyi ehtimalını gücləndirmişdir.
Xüsusiyyətləri Türbə daxildən 15 metr enində kvadrat formalıdır. Daşdan inşa edilmiş binanın üstü qurğuşun örtüklü taxta günbəzlə örtülmüşdür.
Türbənin daxili hissəsində zaman-zaman bəzi dəyişiklik və təmir işləri görülsə də, binanın xarici fasadı ilkin görünüşünü nisbətən qoruyub saxlamışdır. Günbəz, yalnız iri həcmi ilə deyil, həm də günbəzinin forması ilə Fatimi türbələrindən fərqlənir. Fatimi günbəzləri paralel divarlar üzərində başlayaraq yuxarıya doğru əyildiyi halda, bu türbənin günbəzi keçid zonasının dərhal üstündən etibarən əyilməyə başlayır.
Həmçinin kvadrat əsas ilə günbəz arasındakı keçid hissəsi səkkizguşəli və çöldən görünən formada deyil; əksinə, küncləri maili kəsilmiş ikinci bir kvadratın içərisində gizlədilmişdir. Buna görə də bina kənardan baxıldıqda iki mərtəbəli təsiri bağışlayır.
Yuxarı mərtəbə qabırğalı tağlarla tamamlanan və yivli başlıqlara malik nişlərlə bəzədilmişdir. Nişlər arasındakı boşluqların doldurulmasında və oyma kiçik sütunların işlənməsində Əndəlüs üslubuna xas gips bəzək elementləri istifadə olunmuşdur.
Aşağı mərtəbənin yuxarı hissəsi isə Hakim məscidinin cənub-qərb minarəsində və Fatimi dövrünün mehrablarının üzərində rast gəlinən naxışlara bənzər, bir-birinə keçən həndəsi motivlərdən ibarət bir zolaqla bəzədilmişdir.
Qübbətül-İmam əş-Şafeinin günbəzinin zirvəsində misdən hazırlanmış kiçik bir qayıq yerləşir. Keçmişdə bu qayığın quşlar üçün taxılla doldurulduğu söylənilir.
Türbələrin üzərinə kiçik qayıq modellərinin qoyulması Misirə məxsus bir ənənədir. Bu ənənənin ən məşhur nümunəsi övliyaların doğum günü mərasimlərində istifadə olunmaq üçün hazırlanmış Luksordakı Əbül-Həccac türbəsindəki qayıqdır.
Türbənin daxili hissəsi müxtəlif memarlıq üslublarının bir araya gəlməsi nəticəsində olduqca mürəkkəb görünüş almışdır. Tikilidə əvvəlki üç orijinal mehrabın yanlış qiblə istiqamətlərini düzəltmək məqsədilə küncdə açılmış yeni mehrab və divarların aşağı hissəsini örtən rəngli mərmər lövhələr, ehtimal ki, hicri 885-ci (1480) ildə Qayıtbayın həyata keçirdiyi təmir işlərinə aiddir.
Günbəz və ona keçid hissəsindəki naxışlar isə XVIII əsrin ikinci yarısında Əmir Əli bəy əl-Kəbir tərəfindən vurulmuşdur.
Tikilinin orijinal bəzəkləri isə divarlar boyunca uzanan, çıraqları daşıyan taxta tirlərdə və onları birləşdirən taxta bəzək zolaqlarında qorunub saxlanılmışdır.
Günbəzə keçid hissəsində təmir izləri görünür. Kvadrat tamburun hər tərəfində, ilkin pəncərələrin bir hissəsini örtən sivri tağlı bir pəncərənin əlavə edilməsi nəticəsində tromplarla eyni formaya malik pəncərələrin nizamı pozulmuşdur. Bu dəyişiklik də, ehtimal ki, Qayıtbayın həyata keçirdiyi bərpa işlərinin bir hissəsi olmuşdur.
Keppel Arçibald Cresvell çoxpilləli trompların həddindən artıq bəzəkli görünüşünə əsaslanaraq bütün keçid hissəsini Qayıtbaya aid edir. Lakin Qayıtbay dövründə bu cür keçid formaları artıq dəbdən düşmüş və istifadə olunmurdu.
Bununla belə, günbəzin profili yenə də Əyyubilər dövründə əl-Məliküs-Salehin türbəsinin günbəzini xatırladır və onun oxşarına gec Məmlük dövründə rast gəlinmir. Trompların quruluşu hər nə qədər Əyyubilər dövrü üçün həddindən artıq inkişaf etmiş görünsə də, bu vəziyyət günbəzin qeyri-adi böyüklüyünün tələb etdiyi yeni bir keçid formasına ehtiyacla izah oluna bilər.
Fatimilər dövründə günbəzin hündürlüyü artdıqca, tromplar da sadə formadan daha mürəkkəb və birləşmiş quruluşa doğru inkişaf etmişdir.
Dəfn olunmuş şəxslər Qübbətül-İmam əş-Şafeidə əş-Şafei ilə yanaşı Səlahəddin Əyyubinin həyat yoldaşı Şəmsə və oğlu əl-Məlikül-Əziz Osman da dəfn edilmişdir.
Həmçinin bax Əbu Hənifə məscidi
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər