thumb|2025-ci ilin oktyabrında populyarlıq qazanan, süni intellekt şirkətləri arasında dövri investisiyaları təsvir edən qrafika. Bəzi bazar analitikləri əsas süni intellekt şirkətlərinin mənfəətlilik və pul axını ilə bağlı problemlərini nəzərə alaraq, bu sahədəki investisiya modelinin dayanıqlılığına şübhə ilə yanaşmışlar.

Süni intellekt köpüyü — Süni intellekt bumu dövründə, 2025-ci ildən etibarən formalaşdığı irəli sürülən və süni intellektə (AI) qoyulan investisiyaların sürətlə artmasının daha geniş iqtisadiyyata təsir göstərməsi ilə əlaqələndirilən nəzəri birja köpüyüdür.

Köpüklə bağlı ehtimallar əsasən aparıcı süni intellekt şirkətlərinin səhmlərinin dəyərini süni şəkildə artıran qarşılıqlı və dövri investisiya axınlarında iştirak etmələri ilə bağlı narahatlıqlardan qaynaqlanır. Bəzi analitiklər, o cümlədən Rey Dalio, bu vəziyyətlə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində baş vermiş Dot-kom köpüyü arasında oxşarlıqlar görürlər.

Tarixi thumb|Google-da "AI" termini üzrə axtarışların sayı sürətlə artmışdır.

2025-ci ilin yanvarında Çində hazırlanmış DeepSeek çatbotu daha yüksək xərclərlə hazırlanmış süni intellekt modelləri ilə müqayisə edilə biləcək performans nümayiş etdirdi. Bunun nəticəsində bir çox süni intellekt şirkətinin səhmləri dəyər itirdi. Məsələn, Nvidia şirkətinin səhmləri bir gün ərzində 17% və ya təxminən 600 milyard ABŞ dolları həcmində bazar dəyəri itirsə də, növbəti gün 8,8% bərpa olundu.

2025-ci ilin sonlarında ABŞ-ın iri texnologiya şirkətlərinin (megacap) 2026–2029-cu illər ərzində süni intellektə 1,1 trilyon ABŞ dolları sərmayə qoyacağı, ümumi AI investisiyalarının isə 1,6 trilyon ABŞ dollarını keçəcəyi proqnozlaşdırılmışdır.

Süni intellekt texnologiyalarını dəstəkləmək üçün yarımkeçiricilərə artan tələbat nəticəsində Nvidia 2025-ci ilin iyulunda bazar dəyəri 4 trilyon ABŞ dollarına çatan dünyada ilk şirkət olmuşdur. Bu göstərici şirkətin 2023-cü ildə 1 trilyon ABŞ dollarını keçməsindən sonra dörd dəfə artmışdır. Həmin dövrdə Nvidia-nın bazar dəyəri S&P 500 indeksinin təxminən 7,3%-ni təşkil etmiş və indeks tarixi maksimumuna çatmışdır.

2025-ci ilin oktyabrında Nvidia-nın bazar dəyəri 5 trilyon ABŞ dollarını da keçmiş, bu göstərici Dünya Bankının məlumatlarına görə ABŞ və Çindən başqa bütün ölkələrin ÜDM-indən yüksək olmuşdur. 2025-ci il ərzində ABŞ fond bazarındakı artımın təxminən 80%-i süni intellektlə əlaqəli şirkətlərin payına düşmüşdür. Bəzi skeptiklər bu sürətli yüksəlişin həddindən artıq maliyyə mühəndisliyi nəticəsində baş verdiyini irəli sürmüşlər.

Microsoft 2025-ci ilin sentyabr ayının sonuna qədər olan üç ay ərzində süni intellekt infrastrukturu üçün təxminən 35 milyard ABŞ dolları xərclədiyini açıqlamışdır. Oktyabr ayında şirkət, əsasən OpenAI-dəki 27%-lik payı hesabına dünyanın ikinci ən dəyərli şirkətinə çevrilmişdir. Gəlirlər 18%, xalis mənfəət isə 12% artsa da, investorların süni intellekt bumunun davamlı maliyyələşdirilməsi ilə bağlı narahatlıqları səbəbindən şirkətin səhmləri ticarət sessiyasından sonra 4% ucuzlaşmışdır.

2025-ci ilin sonlarında ABŞ-ın S&P 500 indeksinin təxminən 30%-i və MSCI World indeksinin 20%-i yalnız beş ən böyük şirkətin payına düşürdü ki, bu da son yarım əsrdə müşahidə olunan ən yüksək bazar konsentrasiyası idi. Eyni zamanda, səhmlərin qiymətləndirilməsi dot-kom köpüyü dövründən bəri ən yüksək səviyyəyə çatmışdı. Mütəxəssislər AI şirkətlərinin həddindən artıq qiymətləndirildiyini bildirirdilər. Belə ki, S&P 500 indeksində proqnozlaşdırılan mənfəətə görə qiymət əmsalı (forward P/E) 23, FTSE indeksində isə 14 idi ki, bu da ABŞ fond bazarının nə qədər bahalı olduğunu göstərirdi. ABŞ bazarı üzrə Şiller qiymət/mənfəət əmsalı da dot-kom köpüyü partladıqdan sonra ilk dəfə 40 həddini aşmışdı.

Spekulyasiya

2025-ci ilin əvvəlində Bridgewater Associates şirkətinin həmsərmayə direktoru (chief investment officer) Ray Dalio AI sahəsinə yönələn investisiyaların həcminin "dot-kom köpüyü dövrünə çox bənzədiyini" bildirmişdi. 2025-ci ilin avqustunda OpenAI şirkətinin baş direktoru və ChatGPT-nin yaradıcısı Sam Altman da AI bazarında köpüyün mövcud olduğuna inandığını söyləmişdi. 2025-ci ilin sentyabrında Australian Financial Review yazırdı: "Əgər həqiqətən də yeni bir birja köpüyü yaranıbsa, bu, yəqin ki, tarixdə ən çox gözlənilən köpük nümunəsidir."

2025-ci ilin oktyabrında ABŞ-ın ən böyük bankı olan JP Morgan-ın rəhbəri Jamie Dimon AI texnologiyasının real olduğunu, lakin hazırda bu sahəyə yatırılan vəsaitlərin bir hissəsinin boşa gedəcəyini düşündüyünü bildirdi. O, həmçinin növbəti iki il ərzində fond bazarında ciddi eniş ehtimalının investorların düşündüyündən daha yüksək olduğunu qeyd etdi. Dimon xəbərdarlıq etmişdi ki, AI səbəbindən baş verə biləcək birja çöküşü nəticəsində böyük həcmdə investisiya itirilə bilər. Bununla yanaşı, o, AI texnologiyasının uzunmüddətli perspektivdə avtomobillər və televizorlar kimi ümumi iqtisadi fayda verəcəyini, lakin bu sahədə fəaliyyət göstərən şirkətlərin əksəriyyətinin uğur qazanmayacağını bildirmişdi. Onun sözlərinə görə, "AI ilə bağlı qeyri-müəyyənlik insanların düşündüyündən daha yüksəkdir."

Gəlirliliyin olmaması

Tənqidçilərin fikrincə, texnologiya şirkətlərinin səhmləri AI ətrafında yaranmış böyük maraq səbəbindən bazarın fundamental göstəricilərindən və AI məhsullarının kommersiya baxımından gəlir gətirmə potensialından asılı olmayaraq həddindən artıq qiymətləndirilib. National Bureau of Economic Research tərəfindən 2026-cı ilin fevralında dərc edilən araşdırma göstərdi ki, şirkətlərin 90%-i AI-nin məşğulluğa və məhsuldarlığa heç bir təsir göstərmədiyini bildirsə də, rəhbərlər AI-nin məhsuldarlığı 1,4%, istehsalı isə 0,8% artıracağını proqnozlaşdırırdılar. Bu vəziyyət məhsuldarlıq paradoksu ilə müqayisə olunurdu.

OpenAI yeni məlumat mərkəzlərinin tikintisinə 8 il ərzində trilyon ABŞ dolları xərcləməyi öhdəsinə götürmüş və Nvidia ilə birlikdə 10 giqavat gücündə məlumat mərkəzi hesablama infrastrukturu yaratmaq barədə əməkdaşlığa başlamışdı. Halbuki şirkətin illik gəliri cəmi milyard ABŞ dolları idi. Bu uzunmüddətli investisiyalar əsasən borc hesabına maliyyələşdirilirdi. Morgan Stanley analitiklərinin hesablamalarına görə, 2025–2028-ci illərdə məlumat mərkəzlərinə qlobal xərclər trilyon ABŞ dollarına çatacaq və bunun yarısı özəl kreditlər hesabına maliyyələşdiriləcək.

OpenAI bu investisiyaların gələcəkdə necə gəlir gətirəcəyini və onların necə maliyyələşdiriləcəyini göstərən inandırıcı gəlirlilik planını təqdim etməmişdir. 2025-ci ilin noyabrında OpenAI 2028-ci ilə qədər hər il zərərlə işləyəcəyini, təkcə 2028-ci ildə əməliyyat zərərinin milyard ABŞ dollarına çatacağını açıqlamışdı. The Wall Street Journal tərəfindən əldə edilən maliyyə sənədlərində OpenAI-nin əvvəlki illərdə böyük zərərlər verməsinə baxmayaraq, 2030-cu ildə əhəmiyyətli mənfəət əldə etməyi proqnozlaşdırdığı göstərilirdi. Deutsche Bank analitiki Cim Reid isə OpenAI-nin 2024–2029-cu illər arasında ümumi zərərlərinin milyard ABŞ dollarına çatacağını hesablamışdı.

İstinadlar

Kateqoriya:Süni intellekt