Əbu Osman Səid ibn Osman ibn Əffan əl-Qureyşi əl-Üməvi (; ) — Osman ibn Əffanın oğlu, Əməvilərin Xorasan valisi, tabiin nəslinə mənsub natiq və şair.
Həyatı Səid ibn Osmanın anası Bənu Məxzum qəbiləsindən Vəlid ibn Əbdüşəmsin qızı Fatimədir. İbn Səd Fatimənin nəsəbini Fatimə bint əl-Vəlid ibn Əbdüşəms ibn əl-Muğirə ibn Abdullah ibn Ömər ibn Məxzum şəklində qeyd etmişdir.
Səid ibn Osmanın Mədinədə böyümüş, Mədinənin nüfuzlu şəxslərindən biri olmuşdur. Belə ki, I Yezid vəliəhd təyin edildiyi xəbəri Mədinədə eşildildikdən sonra əhali arasında xəlifəliyin Səid ibn Osmanın haqqı olduğu danışılmağa başlanmışdır. Bunun ardınca I Muaviyə onu yanına çağırıb sorğu-sual etmişdir. Rəvayətə görə, bu zaman Səid ibn Osman I Muaviyəyə onun xilafət məqamına atasının sayəsində gəldiyini xatırlatdıqdan sonra, vəliəhd olmağa özünün I Yeziddən daha layiq olduğunu söyləməkdən çəkinməmişdir. Digər mənbələrdə bildirilir ki, bu görüş Səid ibn Osmanın xəlifədən valilik istədiyi zaman baş vermişdir. Buna görə, hicri 56-cı (676) ildə Səid ibn Osman, I Muaviyənin hüzuruna çıxaraq atasının ona göstərdiyi xidmətləri xatırlatmış və Xorasan valiliyini istəmişdir. Təklifi qəbul edildikdən sonra Xorasana getmiş və elə həmin il Səmərqənd üzərinə yürüş təşkil etmişdir. Bu ordunun tərkibində sonralar Xorasan valisi olmuş əl-Mühəlləb ibn Əbu Sufrə və Məhəmmədin əmisi oğlu Qusəm ibn Abbas kimi mühüm şəxslər də olmuşdur.
Səid ibn Osman əvvəlcə özündən əvvəlki vali Ubeydullah ibn Ziyadın hicri 53-cü (673) ildə xəraca bağladığı Buxaraya yönəlmişdir. Burada şəhərin idarəsini öz üzərinə götürmüş Biduna əvvəllər bağlanmış sülh müqaviləsinə sadiq olduğunu bildirmiş və müqavilədə nəzərdə tutulan vergini ödəmişdir.
Bu zaman Biduna çoxsaylı qoşunların köməyə gələcəyi xəbəri çatmış və o, Səid ibn Osmana qarşı döyüşmək niyyətinə düşsə də, buna cəsarət etməmişdir. Tarixçi Yaqubi isə yazır ki, Səid ibn Osman köməyə gələn ordu ilə döyüşmüş və onları məğlub etmişdir.
Daha sonra Səmərqəndə yürüş etməyi planlaşdıran Səid ibn Osman müqaviləyə əsasən buxaralılardan hərbi qüvvə və bələdçi dəstəyi almışdır. Bundan əlavə, ordusuna arxadan hücum etmələrinin qarşısını almaq üçün hökmdar nəslinin üzvlərini, yüksəkvəzifəli şəxsləri və şəhərin tanınmış adamlarından ibarət bir qrupu girov kimi özü ilə aparmışdır.
Səmərqəndi mühasirəyə alan Səid ibn Osman üç gün davam edən şiddətli döyüşlərdən sonra şəhər əhalisinin sülh təklifini qəbul etmiş və şəhərə daxil olmuşdur. Döyüşlər zamanı həlak olanlar arasında Qusəm ibn Abbas da olmuş, Səid ibn Osman, əl-Mühəlləb ibn Əbu Sufrə və Əhnəf ibn Qeys isə hərəsi bir gözünü itirmişdir.
Səid ibn Osman ordusu ilə Səmərqənddən ayrıldıqdan sonra Tirmiz şəhərini ələ keçirmiş və burada da müqavilə bağlamışdır. Sonra Hüttəl bölgəsini tabe erdikdən sonra Buxaraya qayıtmışdır.
Səid ibn Osman bu uğurlarına baxmayaraq, bir il sonra valilikdən uzaqlaşdırılmışdır (57/677). Onun vəzifədən uzaqlaşdırılmasının səbəblərindən biri kimi I Muaviyənin Səid ibn Osmanın xilafət iddiası ilə üsyan edə biləcəyindən narahat olması göstərilir. Bununla yanaşı, bəzi rəvayətlərdə Səid ibn Osmanın öz istəyi ilə vəzifədən ayrıldığı da qeyd olunur.
Səid ibn Osman I Muaviyənin ölümünə qədər Dəməşqdə qalmağı üstün tutmuş, orada ona iqta torpağı verilmiş və I Muaviyənin ona 100 min dirhəm bağışladığı bildirilmişdir.
Səid ibn Osman sonra Buxara və Səmərqənddən gətirdiyi, azad edəcəyinə söz verdiyi halda buraxmadığı girovlarla birlikdə Mədinəyə getmişdir. Mədinədə girovların silahlarını, paltarlarını, qızıl və gümüşlərini alaraq azad edilmiş qullarına paylamış, girovları isə xurma bağlarında və əkinçilik işlərində işləməyə məcbur etmişdir.
Rəvayətə görə, hamısı nüfuzlu ailələrin övladları olan bu girovlar özlərinə göstərilən bu rəftarı qəbul edə bilməmiş və Səid ibn Osmanın üzərinə hücum edib öldürmüşlər. Sonra isə özləri də intihar etmişlər. Başqa bir rəvayətə görə isə Səid ibn Osmanı öldürən girovlar qaçaraq dağa sığınmış, onları mühasirəyə alan Mədinə əhalisinə təslim olmayaraq aclıq və susuzluqdan ölmüşlər.
Beləliklə, Səid ibn Osmanın hicri 61-ci (680–681) il ətrafında öldürüldüyü məlum olur.
İstinadlar
Kateqoriya:Mədinəlilər