Suvalki Sazişi (, ) — Polşa və Litva arasında 7 oktyabr 1920-ci ildə Suvalkidə imzalanmış və 19 yanvar 1922-ci ildə Millətlər Liqasının müqavilələr siyahısına daxil edilmiş bir sazişdir. Saziş, bu yaxınlarda müstəqilliklərini bərpa etmiş və hələ dəqiq müəyyən edilmiş sərhədləri olmayan iki ölkə arasında Suvalki və Vilnüs bölgələrinə nəzarət uğrunda Polşa-Litva müharibəsinə de-yure son qoydu. Saziş cənub-şərqi Litvanın Litva Respublikasının ərazisi kimi tanınmasını, atəşkəsi və Polşa ilə Litva arasında demarkasiya xəttinin müəyyən edilməsini nəzərdə tuturdu.

İlkin şərtlər Həm Polşa, həm də Litva Birinci Dünya müharibəsi başa çatdıqdan sonra müstəqilliyini bərpa etdi və aydın ortaq sərhədləri yox idi. Hər iki ölkə Suvalki və Vilnüs bölgələrinə iddia edirdi və bu da onlar arasında hərbi münaqişəyə səbəb oldu.

1920-ci ilin iyul ayında Litva ilə RSFSR arasında imzalanan Sovet-Litva Sülh Müqaviləsinə əsasən, Rusiya, digər məsələlərlə yanaşı, Suvalki və Vilnüs də daxil olmaqla, Litvanın nəzarəti altında olan böyük bir ərazini tanıdı. Sovet-Polşa müharibəsi zamanı Qızıl Ordu Polşa bölmələrini bu bölgələrdən qovdu. Litva bölmələri Polşa ordusu tərəfindən tərk edilmiş əraziləri geri ala bildi.

1920-ci ilin sentyabrında Polşa ordusu Neman döyüşündə Qızıl Ordunu məğlub etdi. Bu, polyaklara Suvalkidəki bölmələrinə hərbi dəstəyi artırmağa imkan verdi və Vilnüsə hücum üçün yol açdı. 20 sentyabrda Litva nümayəndəsi Avqustinas Voldemaras və Polşa səfiri İqnatsi Yan Paderevskinin hesabatlarından sonra Millətlər Liqası hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və Kerzon Xəttinə riayət etməyə çağıran qətnamə qəbul etdi. Polşa Rusiyanın da eyni şeyi etməsi şərti ilə Litvanın neytrallığına hörmət etməyə razı oldu. Lakin, bu razılaşmalara baxmayaraq, 22 sentyabr 1920-ci ildə Polşa qoşunları RSFSR ilə Neman döyüşündəki uğurlarını davam etdirərək Suvalki bölgəsindəki Litva bölmələrinə hücum etdilər.

Danışıqlar thumb|1919–1939-cu illərdə Polşa ilə Litva arasında demarkasiya xətləri. Narıncı rənglə Suvalki sazişinə əsasən müəyyən edilmiş demarkasiya xətti göstərilmişdir. Millətlər Liqasının təzyiqi altında Polşa danışıqlara razılıq verdi. O, bununla həm vaxt qazanmağa, həm də Jeliqovskinin qiyamından diqqəti yayındırmağa ümid edirdi. Eyni zamanda litvalılar Vilnüsün müdafiəsi üçün mümkün qədər çox qüvvə toplamağa çalışır, lakin Millətlər Liqasının köməyinə ümid edərək Polşanın hücumunun qarşısını almağa çalışırdılar.

Tərəflər arasında danışıqlar 29 sentyabr 1920-ci ildə Suvalkidə başladı. Polşa nümayəndə heyətinə Litva əsilli polkovnik Meçislav Matskeviç, Litva nümayəndə heyətinə isə general Maks Katxe rəhbərlik edirdi. Litva tərəfi dərhal atəşkəs elan edilməsini təklif etsə də, Polşa nümayəndələri bu təklifi rədd etdilər. Yalnız Litva tərəfinin danışıqları dayandırmaq hədəsindən sonra polyaklar silahlı qarşıdurmanın dayandırılmasına razılaşdılar, lakin bu razılıq yalnız Suvalki bölgəsinə aid idi. Vilen diyarında isə qarşıdurma davam edirdi.

Polşa tərəfi Litvadan Sankt-Peterburq–Varşava dəmir yolu xəttinin bir hissəsindən, o cümlədən Varena stansiyasından istifadə etməyə icazə verməsini tələb edirdi. Litva tərəfi bu tələbi rədd etdi. Çünki Polşanın əsas hərbi qüvvələri Suvalki bölgəsində cəmləşmişdi və dəmir yolundan istifadə etmədən onların Vilnüs uğrunda döyüşlərə göndərilməsi son dərəcə çətin idi. Litva nümayəndə heyəti isə polyakların Litvanın Vilnüs üzərindəki iddialarını tanıması müqabilində Suvalki bölgəsindən imtina etməyə hazır olduğunu bildirirdi.

1920-ci il oktyabrın 3-də Kaunasda keçirilən məsləhətləşmələrdən sonra Litva nümayəndə heyəti demarkasiya xəttinin müəyyən edilməsini təklif etdi. Bu xətt Sovet–Litva sülh müqaviləsi ilə müəyyən edilmiş sərhəddən 50–80 km aralıda keçməli idi. Oktyabrın 4-də Polşa tərəfi Yuzef Pilsudski ilə məsləhətləşmələrdən sonra əks təklif irəli sürdü. Əslində, litvalılar Vilnüsün müdafiəsini daha etibarlı təmin etmək üçün demarkasiya xəttinin şəhərdən mümkün qədər uzaqda yerləşməsini istəyirdilər. Buna uyğun olaraq, polyaklar xəttin Vilnüsə daha yaxın keçirilməsində israr edirdilər. Vilnüsün özü danışıqların rəsmi mövzusu olmasa da, hamı söhbətin məhz bu şəhərdən getdiyini başa düşürdü.

1920-ci il oktyabrın 5-də Millətlər Liqasının komissiyası demarkasiya xəttinin keçirilməsi ilə bağlı öz təklifini təqdim etdi. Oktyabrın 6-da danışıqların iştirakçıları xəttin daha da uzadılması məsələsini müzakirə etməyə davam etdilər. Polyaklar demarkasiya xəttinin Bastunı kəndinədək uzadılmasına razılıq vermədilər. Onlar bunu Polşa ordusunun sovet qoşunlarına qarşı manevr sərbəstliyinə ehtiyacı olması ilə əsaslandırırdılar. Halbuki Sovet Rusiyası ilə atəşin dayandırılması barədə razılıq artıq oktyabrın 5-də əldə edilmişdi. Polyaklar yeni demarkasiya xəttinin sonradan Riqada müzakirə olunmasını təklif etdilər. Elə həmin gün Polşa qoşunları Varena dəmir yolu vağzalını ələ keçirdilər və Neman çayının qərbində döyüşlər dayandırıldı. 1920-ci il oktyabrın 7-si gecə yarısı Suvalkidə yekun saziş imzalandı. Oktyabrın 8-də Millətlər Liqasının komissiyası Bastunıdan sonra demarkasiya xəttinin niyə davam etdirilməsinin mümkün olmadığını anlamadığını bildirdi və tərəfləri danışıqların yeni mərhələsinə başlamağa çağırdı.

İstinadlar

Ədəbiyyat Wiesław B. Łach: «Bunt Żeligowskiego». Kulisy połączenia Wileńszczyzny do Polski 1920—1922. Warszawa: Wydawnictwo Bellona, 2014. ISBN 978-83-11-13198-9. Łossowski, Piotr. Konflikt polsko-litewski 1918—1920. Warsaw: Książka i Wiedza, 1995. Str. 166—175. ISBN 83-05-12769-9. Suvalkų sutartis: faktai ir interpretacijos. Umowa Suwalska: Fakty i interpretacje. Redaktor naukowy Česlovas Laurinavičius. Versus ureus. Vilnius, 2012. Str. 447, ISBN 978-9955-34353-0.

Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Suvalki Kateqoriya:Litvanın müqavilələri Kateqoriya:Polşa Respublikası (1918-1939) Kateqoriya:1920-ci ildə beynəlxalq münasibətlər