Andres Mariya de Qusman i Ruis de Kastro t'Serkles de Tilli (, ;André de Guzman, Mémoire et consultation sur la légitimité de la princesse Albertine de T'Serclaes-Tilly, 1784 ) — ispaniyamənşəli Fransa inqilabçısı.
Həyatı 1762–1769-cu illərdə Sores Hərbi Məktəbində təhsil almış, ardınca əvvəlcə İspaniyada, daha sonra isə Fransada hərbi xidmət keçmişdir. 1778-ci ildə Parisdə məskunlaşmış və burada özünün dəbdəbəli həyat tərzi ilə diqqət çəkmişdir. 1781-ci ildə Fransa vətəndaşlığını qəbul etmişdir. Yüksək xərclərlə müşayiət olunan həyat tərzi, qumar aludəçiliyi və borcları ucbatından daimi maddi sıxıntı içində yaşamışdır. Bu səbəbdən o, Belçika qrafı Bertold de Proli və 1785–1787-ci illərdə ona böyük məbləğdə borc verən bankir Jan-Frederik Perreqo kimi maliyyəçilərlə əlaqələr qurmuşdur. Növ-de-Maturən küçəsindəki malikanəsində ehtişamlı həyat sürən de Quzman, məşhur Luiza Kosm-Deskuaqn da daxil olmaqla, dövrün tanınmış qadınları ilə münasibətdə olmuşdur. Jak-Rene Eberin də öz gələcək həyat yoldaşı — Luiza Deskuaqnın rəfiqəsi ilə məhz onun evində tanış olduğu ehtimal edilir.
Pale-Ruyaldakı bir neçə qumarxananın səhmdarı olan de Qusman, Labord, Pestr de Seneff və Perreqo kimi siyasi nüfuzlu bankirlərlə əlaqədə olmaqla yanaşı, həm də Jan-Nikolya Paş və Jak-Rene Eberin ətrafında cəmləşən montanyar deputatları, Paris Kommunası və Kordelyerlər klubunun üzvləri ilə yaxınlıq etmişdir. 1793-cü ilin baharındakı üsyançı komitələri maliyyələşdirmək üçün Perreqo tərəfindən idarə olunan de Quzman; Bertold Proli, Fransua Desfyö və Yakob Pereyra ilə birlikdə kütlələri radikal inqilabi hərəkətlərə sövq edən rəhbərlərdən birinə çevrilmiş və 1791–1793-cü illərdə Paris Kommunasının ən fəal pul paylayan şəxslərindən biri olmuşdur. Keçmiş polis məmuru Senar Ümumi Təhlükəsizlik Komitəsinin arxiv sənədlərinə əsaslanan xatirələrində yepiskopluqda toplaşan komitə üzvlərinin (Varle, Dobsan və başqaları) hər birinə o dövr üçün bir həkimin illik məvacibinə bərabər olan 2300 livr məbləğində vəsait ödənildiyini qeyd etmişdir. 31 may 1793-cü ildə kütləni səfərbər etmək məqsədilə Paris Notr-Dam kilsəsinin həyəcan zəngini çaldırdığı üçün ona "Don Toksinos" (həyəcan zəngi çalan) ləqəbi verilmişdir.
Onun Sen-Jyust ilə təmasda olduğu, həmçinin Jan-Frederik Perreqo ilə birlikdə Jan-Pol Maratı maliyyələşdirdiyi ehtimal edilir.
Həbs olunduqdan sonra ölüm cəzasına məhkum edilən de Qusman 5 aprel 1794-cü ildə (II ilin 16 jerminal günü) özü kimi bir neçə "əcnəbi qəsdçi" ilə, eləcə də prosesə qəsdən daxil edilən Jorj Jak Danton və "mülayimlər" qrupunun üzvləri (Kamil Demulen, Filiber Simon, Filippo və başqaları) ilə birlikdə edam edilmişdir.
İstinadlar
Kateqoriya:Fransa inqilabçıları