Əbu Məhəmməd Abdullah ibn Səid ibn Küllab əl-Qəttan əl-Bəsri (; ) — Sünni kəlam hərəkatının başlamasına təkan vermiş Sünni kəlamçısı; Küllabilik (və ya Sifətilik) kəlam məzhəbinin banisi.
Həyatı Hicri II (VIII) əsrin sonunda dünyaya gəldiyi ehtimal olunur. Onun bəsrəli olduğu nisbəsindən məlum olsa da, həyatı və fəaliyyəti haqqında ətraflı məlumat mövcud deyildir.
Fəxrəddin ər-Razinin atası Ziyəddin əl-Xətibə nisbət edilən "Qayətül-məram fi elmil-kəlam" adlı əsərdə İbn Küllabın mühəddis Yəhya ibn Səid əl-Qəttanın qardaşı olduğunu bildirmiş, lakin Tacəddin əs-Subki bu məlumatın doğruluğunu təsdiqləyə bilmədiyini bildirmişdir. İbn Həcər isə bu məlumatın yanlış olduğunu qeyd etmişdir.
İbn Küllab, "xəlqul-Quran" müzakirələrinin davam etdiyi dövrdə yaşamış və Mötəzilə alimlərinə qarşı ilk dəfə olaraq Quranın qədim olduğu fikrini səsləndirmişdir. Abbasi xəlifəsi Məmunun hüzurunda Əbül-Hüzeyl əl-Əllaf və Əbbad ibn Süleyman əl-Səyməri ilə debatlar etmişdir.
İlahi kəlamın zatdan ayrı olmadığını söylədiyinə görə, xristianlarla həmfikir olmaqda ittiham edilmişdir. Hətta İbn ən-Nədim onu Həşviyyətinin Natibə qoluna nisbət edərək, İbn Küllabın Fesyun ən-Nəsrani ilə birlikdən müsəlmanları xristianlaşdırmağa çalışdığını irəli sürən rəvayətləri (Prof. Yusif Ş. Yavuza görə, bu rəvayətlər əsassızdır) qeyd etmişdir.
İbn Teymiyyə görə, İbn Küllab ilahi sifətləri isbatladığından ona qarşı Cəhmiyyə və Mötəziləyə mənsub olan şəxslərdən tərəfindən xristian olmaq və müsəlmanları xristianlaşdırmağa çalışmaq iddiası ilə böhtan atılmışdır.
İbn Küllab, Əhməd ibn Hənbəl, əl-Haris əl-Mühasibi və Əbül-Abbas əl-Qəlanisi kimi alimlərin mənsub olduğu Sələfi çevrədə yer alsa da, Quranın məxluq olub-olmaması (xəlqül-Quran) məsələsi və Allahın kəlam sifəti ilə bağlı fikirlərinə görə Əhməd ibn Hənbəlin tənqidlərinə məruz qalmışdır.
Əl-Həris əl-Mühasibi isə ondan kəlam (nəzər və cədəl) elmini öyrənmişdir.
Onun tələbələri arasında Hüseyn ibn Fəzl əl-Bəcəli, Əbdüləziz əl-Kəttani və Cüneyd Bağdadi kimi tanınmış şəxslərin olduğu nəql edilir.
Hərçənd Zəhəbi kimi bəzi müəlliflər Cüneyd Bağdadinin onun tələbəsi olmasını mümkün hesab etməmişlər. Tarix baxımından bunun mümkün olduğu deyilə bilər. Həqiqətən də, Cüneyd Bağdadinin kəlam metoduna əsasən yazdığı tövhid risaləsinin mövcudluğu bunu təsdiqləyir.
Daha sonra Əbül-Həsən əl-Əşari də Mötəzilə məzhəbindən ayrılaraq İbn Küllabın yolunu izləmişdir. Əl-Əşarinin İbn Küllabı Süleyman ibn Cərirlə birlikdə xatırlamasına görə, onların bəzi məsələlərdə fikir yaxınlığına malik olduqları qəbul edilir.
İbn Küllab çox güman ki, hicri 240-cı ildən (miladi 854-cü ildən) sonra vəfat etmişdir.
Əsərləri İbn Küllabın əsərlərin yalnız adları məlumdur. Əsərlərin özləri isə isə dövrümüzə qədər gəlib çata bilmişdir. Həmin əsərlər bunlardır:
Kitabus-Sifət, Kitabu Xəlqil-Əfəl, Kitabur-Rəddi-aləl-Mötəzilə, Kitabus-Sünnəti-vəl-Camaat, Kitabur-Rəddi-aləl-Həşəviyyə.
Görüşləri İbn Küllabın görüşlərindən bəziləri bunlardır:
Cisimlər maddə və surətdən və ya bölünə bilməyən atomlardan təşkil edilmiş mürəkkəb bir varlıq deyillər, "sifət" yaxud "əraz" olaraq adlandırılan mənalarına sahib hədis əşyalarıdır. Zehni varlıqların xarici reallıqları mövcud deyildir.
Ərazlar hislərlə idrak edilə bilməz, çünki görülə bilmənin şərti özlüyündə var olmaqdır, halbuki ərazlar özlüyündə mövcud deyildirlər.
Allah maddədən uca bir varlıq olmaqla bərabər, zatı ilə ərşin fövqündədir (üstündədir) və ərşə bitişmiş və ya ona təmas etmiş deyildir. İstiva, Allahın ərşlə bağlı bir feili olub, onu özünə yaxınlaşdırması mənasına gəlir. Onun "üluv" (ucalıq) sifətı ağılla idrak edilə biləcək bir xüsusiyyət daşısa da, istiva sifəti yalnız nəqllə (ayə və hədislərlə) bilinir.
Mömin, ömrünün çox hissəsini kafir olaraq keçirmiş olsa belə, Allahın onun iman üzrə öləcəyini bilib (özündən) razı olduğu şəxsdir; kafir isə ömrünün böyük bir hissəsini mömin olaraq keçirsə belə, Allahın onun kafir olaraq öləcəyini bilib qəzəb etdiyi şəxsədir. Allahın mömindən razı olması onun itaətkar olmasını istəməsi və onu mükafatlandırması, kafirə qəzəb etməsi isə onun azğınlığa (haqq yoldan çıxmağa) yönəlməsini istəyib cəzalandırması deməkdir.
İman məxluq olub bilik ilə başlayar, ardınca bu bilik qəlbin təsdiqi və dilin iqrarı ilə iman halına gələr.
Tənqidlər İbn Küllab Mötəzilə və Sələfi alimləri tərəfindən tənqid edilmişdir. Bəzi Əşari alimləri də onun bəzi fikirlərini tənqid etmişlər.
Mötəzilə alimlərindən Qazı Əbdülcəbbar sifətül-məani nəzəriyyəsini tənqid edərkən Küllabiliyi və dolayısı ilə İbn Küllabı da tənqid etmişdir.
Davud əz-Zahiri, İbn Xuzeymə və xüsusi ilə İbn Teymiyyə İbn Küllabı tənqid etmiş şəxslərin bəziləridir. İbn Teymiyyə Möziləyə və şiəliyə qarşı İbn Küllabı müdafiə etməklə yanaşı, onun Allahın qüdrət və iradəsi ilə istədiyi vaxt danışan bir varlıq olduğunu rədd edib, kəlam sifətini zatı ilə qaim əzəli bir məna olaraq mənimsədiyi üçün tənqid etmişdir. Lakin İbn Teymiyyə, "istiva" və "üluv" mövzusunda İbn Küllabı digər kəlamçılardan ayıraraq, Sələfi fikirlərinə uyğun gəldiyi üçün onu Sələfi görüşünə ən yaxın kəlamçı hesab etmişdir.
Əşarilərdən İbn Əsakir bidətçilikdə ittiham edilən İbn Küllabı müdafiə etmiş, Tacəddin əs-Subki isə əmr, nəhy və xəbərlə bağlı ilahi kəlamın hədis olduğunu iddia etdiyi üçün onun Əşarilər tərəfindən tənqid edildiyini qeyd etmişdir. Buna görə ilahi kəlamın hamısı qədim olmadığı təqdirdə növü olmayan qədim bir kəlam cinsindən danışmaq lazımdır ki, bunun da məqbul olmadığı barizdir. Bununla yanaşı, Seyfəddin əl-Amidi İbn Küllabın kəlam sifətinə dair baxışını bu mövzuda irəli sürülə biləcək etirazları aradan qaldıran mahiyyətdə hesab edir.
İstinadlar
Xarici keçidlər İbn Küllabın qədərlə bağlı görüşləri (türk) Kateqoriya:IX əsr ərəbləri