"Sudden Lights" – 2012-ci ildə Riqada təsis edilmiş Latviya indi-rok qrupu. Qrup "Aijā" adlı sinqlı ilə 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində Latviyanı təmsil etmişdir.
Tarixi Qrup 2012-ci ildə, hər ikisi Riqa Musiqi Məktəbində təhsil alan Andreys Reinis Zitmanis və Martinş Matis Zemitis tərəfindən yaradılmışdır. Karlis Matis Zitmanis və Karlis Vartinş isə qrupa 2014-cü ildə qoşulmuşdur. 2015-ci ildə kollektiv "First Record" (latışca: Pirmā plate) adlı musiqi müsabiqəsinin qalibi olmuşdur. Sözügedən yarışmanın baş mükafatı mahnı yazdırmaq imkanından ibarət idi. Qrup bu fürsətdən yararlanaraq "Tik Savādi" sinqlını lentə almış və bu kompozisiya onların rəsmi şəkildə işıq üzü görən ilk mahnısı olmuşdur.
22 sentyabr 2017-ci il tarixində qrup Latviya və ingilis dillərində 10 mahnının daxil edildiyi "Priekšpilsētas" adlı ilk albomunu buraxmışdır. Albomda yer alan kompozisiyaların ifa olunduğu və qrupun öz qüvvəsi ilə təşkil etdiyi ilk müstəqil konsert 12 aprel 2018-ci il tarixində Riqada yerləşən "Dayle" musiqi evində baş tutmuşdur.
2018-ci ilin əvvəlində "Sudden Lights" qrupu 2023-cü il Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil edilən Latviya milli seçim turlarında iştirak etmişdir. Onlar ilk albomlarının yekun treki olan "Just Fine" mahnısı ilə çıxış edərək yarışmanı ikinci sırada başa vurmuşdular.
2018-ci ildə Latviyanın "Brainstorm" pop-rok qrupu "About the Boy Who Plays the Tin Drum" adlı albomunu təqdim edərək konsert turnesi elan etmiş və "Sudden Lights" bu turne çərçivəsindəki bütün konsertlərdə xüsusi qonaq qismində ön qrup olaraq səhnəyə çıxmışdır. Turnenin Riqada yerləşən Meşaparks açıq səma altındakı premyerasında təxminən 60.000 tamaşaçı iştirak etmişdir.
11 oktyabr 2019-ci il tarixində qrupun "Vislabāk ir tur, kur manis nav" adlı ikinci albomu işıq üzü görmüşdür. 2020-ci ilin fevral ayının sonunda kollektiv Latviya üzrə ilk konsert turnesinə başlamışdır. Onlar Valmiera, Liepaya və Aluksnedə çıxış etmişdilər, lakin COVID-19 pandemiyası səbəbindən 20 mart 2020-ci il tarixində Riqada keçirilməsi planlaşdırılan yekun konserti ləğv etmək məcburiyyətində qalmışdılar.
Qrupun üçüncü albomu olan "Miljards vasaru" 2022-ci ilin may ayında buraxılmış, albomun təbliği məqsədilə təşkil edilən konsert turnesi isə həmin ilin payızında Latviyanın dörd şəhərində reallaşmışdır. "Miljards vasaru" albomu Latviyanın musiqi sahəsindəki "Zelta Mikrofons 2023" mükafatının "Ən yaxşı pop albomu" nominasiyasına namizəd göstərilmişdir. Konsertin videoçəkilişi, eləcə də albomun tərtibatı da müvafiq nominasiyalarda yer almış, albomdakı iki mahnı isə ilin ən yaxşı mahnılarının müəyyənləşdirilməsi üçün keçirilən xalq səsverməsinin namizədləri siyahısına daxil edilmişdir.
2023-cü ilin yanvarında "Sudden Lights" qrupu "Aijā" mahnısı ilə milli seçim turlarında iştirak etmişdir. Yarışmada qalib gələn qrup 2023-cü il Avroviziya Mahnı Müsabiqəsində Latviyanı təmsil etmək hüququ qazanmışdır.
İstinadlar