"Love Shine a Light" — Böyük Britaniyanın "Katrina and the Waves" rok qrupu tərəfindən ifa olunmuş, Kimberli Ryu tərəfindən qələmə alınmış mahnı. Sözügedən musiqi kompozisiyası 1997-ci ildə Dublin şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmiş və ölkəyə bu yarışmadakı beşinci, həmçinin sonuncu qələbəsini qazandırmışdır. Mahnı 28 aprel 1997-ci il tarixində sinql kimi işıq üzü görmüş, daha sonra qrupun "Walk on Water" (1997) adlı doqquzuncu studiya albomuna daxil edilmiş və albomun əsas sinqlı olmuşdur. Bu əsər, qrupun 1985-ci ildə hitə çevrilmiş "Walking on Sunshine" mahnısından bəri qazandığı ən böyük uğur hesab olunur. Kompozisiya Avstriya, İrlandiya, Norveç, Niderland, İsveç və Böyük Britaniya hit-paradlarında ilk beşliyə daxil olmuşdur. 2022-ci ildə "The Daily Telegraph" qəzeti bu əsəri "Avroviziyada iştirak etmiş ən yaxşı Britaniya mahnısı" adlandırmışdır.
Kompozisiyası Mahnı qrupun təranəçisi və daimi mahnı müəllifi Kimberli Ryu tərəfindən bəstələnmişdir. Əsər qrupun təbilçisi Aleks Kuperin qardaşının xahişi ilə, xeyriyyə təşkilatı olan "Samaritans"ın Suindon şəhərindəki filialının otuz illik yubileyi şərəfinə bir himn kimi qələmə alınmışdır (Aleks Kuperin qardaşı həmin filialın üzvü olmuşdur). 1997-ci ildə verdiyi müsahibədə "Katrina and the Waves" qrupunun solisti Katrina Leskaniç məhz "Samaritans" təşkilatı üzvlərinin "Love Shine a Light" kompozisiyasının Avroviziya Mahnı Müsabiqəsində qalib gələ biləcək bir mahnı olduğunu düşündüklərini qeyd etmişdir.
7 fevral 1997-ci il tarixində "BBC Radio 2" radiosunda yayımlanan Böyük Britaniya mahnı müsabiqəsinin yarımfinalında səsləndirilən səkkiz mahnıdan biri olan "Love Shine a Light" tamaşaçı səsverməsi nəticəsində finala vəsiqə qazanan dörd kompozisiyadan biri olmuşdur. Final mərhələsi 9 mart 1997-ci il tarixində BBC telekanalında canlı yayımlanan şou formatında təşkil edilmiş və onun yekununda 69 834 səs toplayan "Love Shine a Light" mahnısı Böyük Britaniyanın Avroviziya təmsilçisi elan olunmuşdur. Bu göstərici ikinci yeri tutan mahnıdan 11 138 səs çox olmuşdur.
Avroviziya Müqayisəli statistik göstəricilərə əsasən, "Love Shine a Light" mahnısı səsvermədə orta hesabla 9,458 bal və ya ümumi mümkün səslərin 78,82%-ni qazanmışdır. Bu nəticə, mövcud səsvermə sistemi tarixində üçüncü ən yüksək göstəricidir və yalnız 1976-cı ildə "Brotherhood of Man" qrupunun "Save Your Kisses for Me" ifasından (münsiflər heyətindən 9,647 bal, mümkün xalların 80,39%-i) və 1982-ci ildə Nikolun "Ein bißchen Frieden" çıxışından (münsiflər heyətindən 9,470 bal, mümkün xalların 78,91%-i) geri qalır. Bundan əlavə, mahnı səsvermədə iştirak edən iyirmi dörd ölkədən onunda (41,7%) ən yüksək xalı (12 bal) almışdır ki, bu da müsabiqə tarixində dördüncü ən yaxşı göstəricidir. Sözügedən göstərici üzrə liderlər 2012-ci ildə Lorinin "Euphoria" (qırx bir ölkədən on səkkizində 12 bal və ya 43,9%), 1964-cü ildə Cilyola Çinkvettinin "Non ho l'età" (on beş ölkədən səkkizində o dövr üçün maksimal olan 5 bal və ya 53,3%) və 1982-ci ildə Nikolun "Ein bißchen Frieden" (on yeddi ölkədən doqquzunda 12 bal və ya 52,9%) mahnılarıdır.
İstinadlar
Kateqoriya:1977-ci ilin mahnıları Kateqoriya:1996-cı ilin mahnıları Kateqoriya:1997-ci ilin mahnıları Kateqoriya:İngilis dilində mahnılar