"Dancing on the Ice" () — Belçika müğənnisi Essilanın ifa etdiyi mahnıdır. Mahnı Belçikanı 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və finalda 21-ci sırada qərarlaşmışdır.

Tarixi və yaradılması "Dancing on the Ice" kompozisiyasının musiqisi Emil Ştengelen, Nikola d’Avel və Alis Van Esbek (Esila) tərəfindən bəstələnmiş, sözləri isə Barbara Ptitjan və Van Esbek tərəfindən qələmə alınmışdır. "Eurovoix" nəşrindən Nil Farenə verdiyi müsahibədə Esila "Avroviziya"da iştirak etməyin onun uşaqlıq arzusu olduğunu bildirmişdir.

Mahnı "Avroviziya" müsabiqəsindən əvvəl Malmedidəki "DAFT Studios" studiyasında, SABAM tərəfindən təşkil olunmuş bəstəkarlıq düşərgəsində yazılmışdır.

"NRJ Belgique" radiosuna verdiyi digər bir müsahibədə Esila müsabiqədə iştirak etmək imkanı qazandığını öyrəndiyi günü xatırlatmışdır. O, stomatoloji klinikada işləyərkən ona zəng gəldiyini və Belçikanı məhz onun təmsil edə biləcəyi xəbərini aldıqdan sonra bu hadisəni qeyd etməyə başladığını söyləmişdir. Müsabiqəyə hazırlaşarkən ifaçı nəfəs texnikasına və fiziki dözümlülüyünə xüsusi diqqət yetirmiş, qaçış cığırında sürətlə qaçaraq mahnı oxumaq məşqləri etmişdir.

Esilanın sözlərinə görə, mahnı həyatda irəliyə doğru addımlamaq barəsindədir. O, insan həyatında mütləq şəkildə öhdəsindən gəlinməsi vacib olan çətin anların yaşandığını qeyd etmişdir. İfaçı mahnının əsas ideyasını insanın dizləri əssə belə, buz üzərində rəqs etməyə davam etməsi, yıxıldıqda yenidən ayağa qalxması və inanmağı dayandırmaması kimi izah etmişdir. RTBF yayımçısının əməkdaşı Alisiya Delre mahnının mənası barədə yazarkən onun Esilanın zərif elektropop dünyasına tamamilə uyğun gəldiyini vurğulamışdır. Onun fikrinə görə, kompozisiyanın mesajı qəsdən hamı üçün anlaşılan şəkildə qurulmuşdur. Hər şeyin ləngridiyi anlarda belə hərəkət etməyə və rəqs etməyə davam etmək lazımdır. Bu kontekstdə rəqs, dözümlülüyün və daxili gücün rəmzinə çevrilir. "VRT" kanalından Canni Payelink bu əsəri gəncliyin ümid və qətiyyət mesajı kimi xarakterizə etmişdir.

"VivaCité" radiosunda çıxış edən Esila bildirmişdir: "Ayaqlarınız əsdiyi və çoxlu problemlərlə qarşılaşdığınız zaman əsas məsələ buz üzərində rəqs etməyi bacarmaqdır". O, həmçinin əlavə etmişdir ki, mahnı bir çox insani duyğulara və həyat şəraitlərinə toxunur.

"Avroviziya 2026" mahnı müsabiqəsi Daxili seçim

4 dekabr 2025-ci il tarixində "RTBF" yayımçısı Belçikanın 2026 Avroviziya Mahnı Müsabiqəsindəki iştirakını təsdiqləmişdir. Daha sonra telekanal ölkə təmsilçisini və mahnını 19 fevral 2026-cı il tarixində təqdim edəcəyini elan etmişdir. 19 fevral 2026-cı il tarixində Belçikanı "Dancing on the Ice" mahnısı ilə Esilanın təmsil edəcəyi rəsmən açıqlanmışdır.

Müsabiqədə

2026 Avroviziya Mahnı Müsabiqəsi Vyana şəhərində baş tutmuşdur. Müsabiqə 12 may 2026-cı il və 14 may 2026-cı il tarixlərində keçirilən iki yarımfinal mərhələsindən ibarət olmuş, final isə 16 may 2026-cı il tarixində təşkil edilmişdir. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma nəticəsində Belçika birinci yarımfinalda yer almışdır.

Birinci yarımfinalda Esila 11-ci nömrə altında səhnəyə çıxmış və final mərhələsinə vəsiqə qazanmışdır. Finalda o, Noam Betanın çıxışından sonra və Alisin ifasından əvvəl 4-cü nömrə altında çıxış etmişdir. Mahnı ümumilikdə 36 xal toplayaraq müsabiqədə 21-ci yeri tutmuşdur.

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar