1940-cı il Rumıniya dövlət çevrilişi — 1940-cı ilin sentyabrında "Dəmir Qvardiya" və Yon Antonesku tərəfindən Rumıniya kralı II Karola qarşı təşkil edilmiş dövlət çevrilişi. Dövlətin böyük ərazi itkilərinə məruz qalması (Bessarabiya, Bukovina, Şimali Transilvaniya və Cənubi Dobrucanın itirilməsi) və ölkənin xarici siyasətdə təklənməsi çevrilişə zəmin yaratmışdır.

"Dəmir Qvardiya"nın təşkil etdiyi küçə etirazları və nümayişlər nəticəsində II Karol 6 sentyabrda taxtdan imtina etmiş və dərhal qatarla Rumıniyanı tərk edərək Yuqoslaviyaya yola düşmüşdür. Yolüstü Timişoarada qatar silahlı legionerlər tərəfindən saxlanılsa da, hələ də II Karola sadiq qalan stansiya işçiləri onlara müqavimət göstərmişdilər. Qatar atışma ilə stansiyanı tərk edə bilmiş və Yuqoslaviya sərhədini keçmişdir. II Karolun taxtdan imtinasından sonra hakimiyyətə onun dövləti müstəqil idarə etmək iqtidarında olmayan 19 yaşlı oğlu I Mixay gəlmişdir.

Faktiki olaraq, Karolun gedişindən sonra ölkənin yeni rəhbəri Yon Antonesku olmuşdur. 15 sentyabrda tərkibində "Dəmir Qvardiya" nümayəndələrinin üstünlük təşkil etdiyi faşist hökuməti formalaşdırılmışdır. Təşkilatın lideri Horiya Sima Rumıniyanın baş nazirinin müavini təyin edilmişdir. Dövlət çevrilişindən sonra Rumıniya tam şəkildə Ox dövlətlərinin tərəfinə keçmiş və Berlin paktına qoşulmuşdur. Legionerlərin həyata keçirdiyi terror siyasətinə görə Rumıniyadakı daxili vəziyyət olduqca qeyri-sabit hal almış və bu, 1941-ci ildə yeni bir qiyama gətirib çıxarmışdır.

İstinadlar

Kateqoriya:İkinci dünya müharibəsində Rumıniya