İran Millətinin Dirçəliş Partiyası () və ya sadəcə Rastaxiz Partiyası (, , ) — 2 mart 1975-ci il tarixdən"Shah Decrees One Party State in Iran", Milwaukee Sentinel, March 3, 1975, p1 İran İslam inqilabı gedişatında 1 oktyabr 1978-ci il tarixdə buraxılana qədər İranda fəaliyyət göstərmiş yeganə qanuni və hakim siyasi partiya. Partiyanın əsası İranın sonuncu şahı və partiyanın de-fakto lideri olan Məhəmməd Rza Pəhləvi tərəfindən qoyulmuşdur. Partiyanın qərargahı Tehranın mərkəzində yerləşmişdir. Üzv sayı 1976-cı ildə təxminən 5 milyon nəfər olmuşdur.
Rastaxiz Partiyası ümummilli siyasi iştirak vasitəsi kimi təqdim olunsa da, dövlətlə sıx bağlı olan yüksək dərəcədə mərkəzləşdirilmiş bir siyasi struktur daxilində fəaliyyət göstərmişdir. Partiyaya üzvlük güclü şəkildə təşviq edilirdi və xüsusilə dövlət qulluqçuları ilə mütəxəssislər üçün bir çox hallarda məcburi xarakter daşıyırdı. Rəsmi dairələrin milyonlarla üzvün olması barədəki iddialarına baxmayaraq, tarixçilər bu təşkilatın müstəqil bir siyasi hərəkatdan ziyada, böyük ölçüdə dövlət aparatının bir qolu kimi fəaliyyət göstərdiyini qeyd etmişdilər.
İran İslam inqilabından əvvəlki siyasi iğtişaşlar dövründə partiya tez-tez tənqid və etirazların hədəfinə çevrilmişdir. 1978-ci ildə nümayişlərin kəskinləşməsi ilə şah siyasi gərginliyi azaltmaq yönündəki daha geniş cəhdlərinin bir hissəsi olaraq Rastaxiz Partiyasını buraxmışdır. 1979-cu ildə monarxiyanın devrilməsi monarxiya tərəfdarı olan siyasi təşkilatların sıxışdırılması ilə nəticələnmiş və İran İslam Respublikasının qurulması ilə partiyanın varlığına tamamilə son qoyulmuşdur. 1980-ci ildə Rastaxiz Partiyasının xələfi kimi İslam Respublikası Partiyası fəaliyyətə başlamışdır.
Zəmin Rastaxiz Partiyasının qurulmasından əvvəl İran şahı Məhəmməd Rza Pəhləvi İranda birpartiyalı sistemin yaradılması ideyasını açıq şəkildə rədd etmişdir. O, 1961-ci ildə işıq üzü görən "Vətənim üçün missiya" kitabında qeyd etmişdir ki, konstitusiyalı monarx yox, bir diktator olsaydı, Adolf Hitler kimi və ya hazırda sosialist-kommunist ölkələrində göründüyü kimi vahid, dominant partiyanın liderliyini ələ keçirməyə çalışardı. Şah konstitusiyalı bir ölkənin hökmdarı olaraq, siyasi partiyaların yaradılmasını təşviq etməmək və diktatorlar kimi oyuncaq bir partiyanı dəstəkləmək üçün heç bir səbəb görmədiyini vurğulamışdır.Pahlavi, M. R. (1961). Mission for my country. McGraw-Hill. pp. 173, 336. .
Bu ilkin bəyanatlara baxmayaraq, sonrakı onillik ərzində İrandakı siyasi mühit əhəmiyyətli dərəcədə dəyişmişdir. 1960-cı illərin sonu və 1970-cilərin əvvəllərində Pəhləvi dövləti, Ağ inqilabın inkişaf proqramları ilə bağlı sürətli iqtisadi yüksəliş dövrünə rəhbərlik etmişdir. 1973-cü il neft böhranından sonra qlobal neft qiymətlərinin kəskin artması İranın neft gəlirlərini xeyli artırmış və İran dövlətinin maliyyə resurslarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bu irəliləyişlər Şahlıq hökumətinə irimiqyaslı sənaye layihələrini, infrastruktur proqramlarını, həmçinin dövlət bürokratiyası və təhlükəsizlik aparatının genişləndirilməsini maliyyələşdirmək imkanı vermişdir.
Eyni zamanda, siyasi sistem monarxiya ətrafında yüksək dərəcədə mərkəzləşdirilmiş olaraq qalırdı. 1960-cı illərin əvvəllərindən bəri İran, hökumətyönümlü İran Novin Partiyası və Xalq Partiyasının dominantlıq etdiyi məhdud iki-partiyalı struktur çərçivəsində idarə olunurdu. Bu partiyalar böyük ölçüdə Pəhləvi dövlətinin siyasi strukturu daxilində fəaliyyət göstərirdi və geniş ictimaiyyət tərəfindən real siyasi rəqabətdən məhrum təşkilatlar kimi qəbul edilirdi. 1970-ci illərin ortalarına doğru Şah mövcud sistemin səmərəsiz olduğu və vahid bir siyasi təşkilatın monarxiyaya, eləcə də Ağ inqilabın islahat proqramına dəstəyi daha effektiv şəkildə səfərbər edə biləcəyi qənaətinə gəlmişdir. Siyasi strategiyadakı bu dönüş 1975-ci ilin mart ayında Rastaxiz Partiyasının yaradılması ilə nəticələnmiş, mövcud partiya strukturu dövlətlə həmrəy olan vahid milli siyasi təşkilatla əvəz edilmişdir.
Bəzi şərhçilər Şahın birpartiyalı sistem yaratmaq qərarının konstitusiya prinsipləri ilə ziddiyyət təşkil etdiyini idan etmişdirlər. "BBC Persian"ın təhlilinə əsasən, Rastaxiz Partiyasının qurulması siyasi birliyə rəsmi şəkildə zəmanət verən 1906-cı il Konstitusiyasının 21-ci maddəsinə zidd olmuşdur. Həmin təhlildə qeyd olunmuşdur ki, Şah qanunilik mənbəyi kimi tez-tez konstitusiyaya istinad etmişdir, lakin tənqidçilər onu siyasi hüquqlar və demokratik iştirakla bağlı müddəalara məhəl qoymamaqda ittiham etmişdilər.
İdeologiyası
Rastaxiz Partiyası Pəhləvi sülaləsinə olan dəstəyi möhkəmləndirmək və Ağ inqilab ilə bağlı modernləşmə siyasətini həyata keçirmək məqsədilə yaradılmış siyasi bir vasitə olmuşdur. Partiyanın rəsmi doktrinası İran konstitusiya sistemi çərçivəsində monarxiyaya sədaqəti, milli birliyi və sekulyar idarəçiliyi ön plana çıxarmışdır. Partiyanın əsas ideoloji mövzularına monarxizm, sekulyarizm, populizm və kəskin antikommunizm daxil idi. Bu mövqelər həm marksist, həm də islamçı müxalif hərəkatları sıxışdırmış, eyni zamanda sürətli iqtisadi modernləşməni təşviq etməyə çalışan Pəhləvi dövlətinin daha geniş siyasi xəttini əks etdirmişdir.
Bəzi tarixçilər partiyanın ideoloji çərçivəsini doktrinal baxımdan ardıcıl bir sistem yox, eklektik və böyük ölçüdə dövlət tərəfindən idarə olunan bir struktur kimi xarakterizə etmişdilər. Qulamrza Əfhaminin qeyd etdiyinə görə, partiyanın yaradılması ətrafındakı ilkin müzakirələrdə Avropanın bəzi avtoritar rejimləri tərəfindən istifadə olunan korporativ təşkilati modellərə istinadlar edilmişdir, lakin bu ideyalar yekunda tətbiq olunmamışdır.
Praktikada partiya siyasi xəttin rəhbərlikdən və nəticə etibarilə birbaşa Şahın özündən gəldiyi yüksək dərəcədə mərkəzləşdirilmiş bir siyasi struktur vasitəsilə fəaliyyət göstərmişdir. Tədqiqatçılar bu daxili strukturun müəyyən cəhətlərini demokratik mərkəziyyətçilik formaları ilə müqayisə etmiş, lakin bu termin partiya tərəfindən rəsmi olaraq qəbul edilməmişdir.
Fars milliyyətçiliyi Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti illərində (1941–1979-cu illər) dövlət millətçiliyi İran milli kimliyinin mərkəzi ünsürləri kimi fars dilini, ərazi bütövlüyünü və monarxiyaya sədaqəti ön plana çıxarmışdır. Fars dili idarəçilik, təhsil və ictimai həyatın dominant dili kimi təşviq edilmiş və dövlət tərəfindən milli birliyin rəmzi kimi geniş şəkildə təqdim olunmuşdur. Pəhləvi hökuməti öz millətçi diskursunda islamdan əvvəlki tarixi obrazlardan da böyük ölçüdə bəhrələnmişdir. Rəsmi mədəni təşəbbüslərdə qədim İran sivilizasiyası və Böyük Kir kimi tarixi şəxsiyyətlər tez-tez işıqlandırılmış, eyni zamanda müasir İran ilə onun islamdan əvvəlki keçmişi arasındakı varisliyi vurğulamaq üçün zərdüştilik ilə bağlı simvollara istinad edilmişdir.
Dövlətin vahid milli kimliyi təşviq etməsinə baxmayaraq, İran çoxmillətli bir cəmiyyət olaraq qalmışdır. Tədqiqatçılar fars dili və mədəniyyətinə verilən bu önəmin İran milli kimliyinin farsmərkəzli bir konsepsiyasının formalaşmasına rəvac verdiyini qeyd etmişdirlər. Aleks Şamsın fikrinə görə, Pəhləvi dövləti fars kimliyini İran milli dövlətinin mərkəzinə yerləşdirmək üçün ariçilik rəvayətlərindən və islamdan əvvəlki simvolizmdən istifadə etmişdir. Milli birlik, modernləşmə və monarxiyaya sədaqət mövzuları Rastaxiz Partiyasının siyasi ideologiyasında öz əksini tapmışdır. Şah bu partiyanı cəmiyyəti Ağ inqilabın hədəfləri ətrafında səfərbər etmək və Pəhləvi dövləti nəzdində milli birliyi gücləndirmək üçün bir vasitə kimi təqdim etmişdir.
Prinsipləri Rastaxiz Partiyası rəsmi olaraq üzvlərin rəhbər tutmalı olduğu üç əsas prinsip üzərində qurulmuşdur. Bunlar Pəhləvi monarxiyasına sədaqət, 1906-cı il İran Konstitusiyasına riayət edilməsi və tez-tez "Şah və Xalq İnqilabı" olaraq adlandırılan Ağ inqilab islahatlarının dəstəklənməsi olmuşdur. Bu prinsiplər hökumət tərəfindən monarxiya çərçivəsində milli birliyin və siyasi iştirakın ideoloji təməli kimi təqdim olunmuşdur.
Fraksiyaları Partiya rəsmi olaraq vahid milli hərəkat kimi təqdim edilmişdir, lakin onun daxilində hökumətyönümlü elitanın müxtəlif siyasi meyllərini təmsil edən bir neçə fraksiya mövcud olmuşdur. Təşkilat daxilində iki əsas fraksiya formalaşmışdır: Cəmşid Amuzegar ilə bağlı olan "Tərəqqipərvər" fraksiyası və Huşəng Ənsari ilə bağlı olan "Yaradıcı" fraksiyası. Bu fraksiyalar partiyanın əsas prinsiplərinə və Şahın nüfuzuna sadiq qalmaqla yanaşı, idarəçilikdə fərqli siyasi yanaşmaları təmsil etməli idilər. Qeyd olunmuşdur ki, 1978-ci ildə Huşəng Nəhavəndinin rəhbərliyi altında siyasi və iqtisadi kurs barədə məhdud daxili müzakirələr aparmağa çalışan liberal təmayüllü bir fraksiya da ortaya çıxmışdır. Təxminən eyni dövrdə Sirus Nəhavəndi ilə bağlı olan və "İran Problemlərini Öyrənmə Qrupu" kimi tanınan intellektual bir dərnəyin partiya daxilində əlavə fraksiya kimi tanınmağa çalışdığı, partiyanın siyasi fəaliyyətini və təşkilati zəifliklərini araşdıran daxili tədqiqatlar dərc etdiyi məlum olmuşdur.
Təşkilati strukturu Rastaxiz Partiyası İran dövləti ilə sıx bağlı olan iyerarxik bir təşkilati struktur vasitəsilə fəaliyyət göstərmişdir. Onun əsas təsisatlarına partiya qurultayı, milli komitə, mərkəzi şura və baş katiblik ofisi daxil idi. Partiyanın nizamnaməsinə görə, qurultay ən ali orqan hesab olunurdu və partiya şuralarının nümayəndələri ilə İran parlamenti üzvlərinin iştirakı ilə vaxtaşırı toplanmalı idi. Praktikada partiya rəhbərliyi hökumətin və Şahın nüfuzu ilə tamamilə həmrəy hərəkət edirdi. Partiya həmçinin cəmiyyətin müxtəlif təbəqələrini səfərbər etmək məqsədilə gənclər təşkilatları və "Fəhlə evi" (Xaneyi-Karqər) kimi əmək qurumları da daxil olmaqla, özünə tabe olan bir çox strukturlar saxlayırdı. Bu təsisatlar ictimai qrupları Pəhləvi dövləti tərəfindən müəyyən edilmiş siyasi strukturla bütünləşdirmək üçün layihələndirilmişdi.
Mərkəzi Şura Rastaxiz Partiyasının ilk Mərkəzi Şurası 23 may 1978-ci il tarixində Məhəmməd Rza Şahın müraciəti və həm baş nazir, həm də partiyanın baş katibi vəzifəsini icra edən Cəmşid Amuzegarın açılış nitqi ilə işə başlamışdır. İlk sessiyada şuranın təxminən 1900 iştirakçısı arasından icraiyyə komitəsinin 55 daimi üzvü seçilmişdir. Mərkəzi Şuranın ilkin vəzifəsi baş nazir statusu ilə quruma sədrlik edən baş katib tərəfindən ona yönləndirilən məsələlər barəsində qərarlar qəbul etməkdən ibarət idi. Şura, eyni zamanda, İran parlamentinin hər iki palatasına və yerli şuralara keçirilən seçkilərdə iştirak etmək istəyən namizədlərin uyğunluğunu nəzərdən keçirir və təsdiqləyirdi.
Mərkəzi Şura və icraiyyə komitəsi ilə yanaşı, partiya rəhbərliyinə partiyanın fəaliyyətini hökumətlə əlaqələndirmək məqsədi daşıyan daha kiçik bir siyasi büro da daxil idi. İcraiyyə komitəsinin üzvləri və kabinet nümayəndələrindən ibarət olan bu quruma baş nazir sədrlik edirdi ki, bu da partiyanın dövlətin icraedici qolu ilə sıx şəkildə qovuşduğunu nümayiş etdirirdi.
Mətbuat orqanları Partiya öz siyasi ismarışlarını təbliğ etmək və hökumətin xəttini ictimaiyyətə çatdırmaq məqsədilə bir neçə qəzet və nəşrin fəaliyyətini maliyyələşdirirdi. Bu nəşrlər arasında ən mühümü partiyanın rəsmi qəzeti olan "Rastaxiz" idi. Partiyaya bağlı olan digər mətbuat orqanları sırasına fərqli ictimai qrupları hədəf alan və partiya ilə dövlət üçün siyasi səfərbərlik və təbliğat vasitəsi rolu oynayan "Rastaxizi-Cavan" (Gənclərin Rastaxizi), "Rastaxizi-Rusta" (Kəndin Rastaxizi) və "Rastaxizi-Karqaran" (Fəhlələrin Rastaxizi) daxil idi.
Üzvlük Rəsmi məlumatlara görə, Rastaxiz Partiyasının 1976-cı ilə qədər bir neçə milyon üzvü var idi. Rastaxiz Partiyasının rəsmilərindən olan Möhsün Dehanın istinad etdiyi statistikaya əsasən, 1975-ci ilin sonuna qədər təxminən 2,4 milyon insan partiya mərkəzlərinə daxil olmuşdur. Məlumata görə, bu rəqəm 1976-cı ilə qədər təxminən 4,5 milyona çatmışdır.