Marta Miroslava Lempart (; ) — polyak qadın hüquqları müdafiəçisi və "Ümumvahid Polşa Qadın Tətili" hərəkatının təsisçisi.
Mühafizəkar Hüquq və Ədalət Partiyasının hakimiyyəti dövründə abort qanunlarının sərtləşdirilməsinə qarşı 2016-cı ildən bəri keçirilən genişmiqyaslı etiraz aksiyalarında aktiv iştirak edən Lempart, hökumət tərəfindən həbslər və hüquqi ittihamlarla hədəf alınmış, həmçinin rəqibləri tərəfindən ölüm təhdidləri ilə üzləşib.
Onun fəaliyyətinə Polşanın LGBT icmasının üzvləri və əlilliyi olan şəxslər üçün bərabər hüquqların müdafiəsi də daxildir. O, dünyəviliyin, eləcə də dinin dövlətdən ayrılmasının tərəfdarıdır.
Erkən həyatı və fəaliyyəti Marta Lempart 1979-cu ildə Polşanın Lvovek Şlyonski şəhərində anadan olub. İxtisasca hüquqşünasdır.
Vətəndaş Platforması Partiyasının hakimiyyəti dövründə Polşanın Əmək və Sosial Siyasət Nazirliyində kiçik vəzifə tutan Lempart, bu müddət ərzində ölkədə əlilliyi olan şəxslərin hüquqlarının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərib. Daha sonra isə daşınmaz əmlakın idarə edilməsi (tikinti) sahəsində çalışıb.
Mühafizəkar Hüquq və Ədalət Partiyası 2015-ci ildə hakimiyyətə gəldikdən sonra Lempart, avropapərəst qeyri-hökumət təşkilatı olan Demokratiyanın Müdafiəsi Komitəsi ilə əməkdaşlıq etməyə başlayıb.
Aktivist fəaliyyəti Lempartın aktivist fəaliyyəti feminizm və sekulyarizm üzərində qurulub.
O, 2016-cı ildə, abort hüququnu müdafiə edən "Qara Etirazlar"a hazırlıq dövründə qadın hüquqlarını dəstəkləyən ictimai hərəkat — "Ümumvahid Polşa Qadın Tətili"nin həmtəsisçisi olub. O, qrupun məqsədlərinə aborta daha rahat çıxışın təmin edilməsi, qadın və LGBT hüquqlarının gücləndirilməsi, kilsənin dövlətdən ayrılması və daha yaxşı səhiyyə xidmətinin təşkil edilməsi kimi məsələlərini daxil edib.
Lempart 2018-ci ildə Vrotslavda yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə namizədliyini irəli sürsə də, yer qazana bilməyib. O, növbəti il Avropa Parlamentinə keçirilən seçkilərdə də uğursuzluqla üzləşib.
Onun rəhbərlik etdiyi "Ümumvahid Polşa Qadınlarının Tətili" hərəkatı, Polşada abort qanunlarının sərtləşdirilməsinə cavab olaraq başlayan və hökumət əleyhinə yönələn 2020–2021-ci illər qadın tətillərinin əsas hərəkətverici qüvvələrindən biri olub. Lempart etirazlar zamanı katolikləri öz kilsələrinə qarşı mövqe nümayiş etdirməyə çağırıb və bu çağırışı ciddi etirazlara səbəb olub.
Aktivist fəaliyyəti ərzində dəfələrlə həbs olunan Lempart onlarla qanun pozuntusunda ittiham edilib. 2021-ci ilin fevralında Polşa hökuməti qadın tətillərindəki rolu və Katolik kilsəsini tənqid etdiyinə görə ona qarşı cinayət işi qaldırıb; Lempart isə bunu öz hərəkatına qarşı siyasi təzyiq kimi qiymətləndirib. Dəfələrlə ölümlə təhdid olunduğundan, Marta Lempart evini tərk edərək gizlənmək məcburiyyətində qalıb.
İstinadlar