Milliyyətçilər Partiyası (, ) — Pəhləvilər dövründə İranda fəaliyyət göstərmiş monarxist, milliyyətçi və mühafizəkar siyasi partiya, həmçinin 1957–1960-cı illərdə hökumətin hakim əksəriyyət partiyası. Partiyanın əsası ABŞ-ni nümunə götürərək ölkədə ikipartiyalı sistem yaratmaq qərarına gələn şahın göstərişi ilə 1957-ci ildə qoyulmuşdur.
Tarixi 1957-ci ildə, İqbalın baş nazirliyinin ilk ilində İranda iki yeni partiyanın yaradılmasını nəzərdə tutan siyasi sistem islahatına başlanılmışdır. Hər iki struktur şahın göstərişi ilə yaradılmış və yuxarıdan müəyyən edilmiş siyasi xətt çərçivəsində fəaliyyət göstərmişdir. Hökumətdə mühüm vəzifələr tutan doktor İqbal və Əsədulla Ələmin bu birliklərə rəhbərlik etməsi onların hakim rejimə tam loyallığını təmin edirdi.
İlk olaraq Əsədulla Ələmin rəhbərliyi ilə Xalq Partiyası ("Mərdom") formalaşdırılmışdır. Bu partiya torpaq islahatının keçirilməsini və fəhlələrin sənaye müəssisələrinin mənfəətində iştirakını nəzərdə tutan mütərəqqi proqram bəyan etmişdir.
Doktor İqbal parlamentdə siyasi partiya yaratmaq niyyətinin olmadığı barədə ilkin bəyanatlarına baxmayaraq, 1957-ci ilin may ayında "Milliyun" partiyasını təsis etmişdir. Bu partiya hakim siyasi qüvvəyə çevrilmiş və onun baş nazirliyinin sonuna qədər siyasi sistemdə dominant mövqe tutmuşdur.
Mənuçöhr İqbal həmin dövrdə şah rejiminin və hökumətin dayağına çevrilməli olan yeni partiyanın yaradılması istiqamətində ilk addımları atmışdır. Təşkil olunan iclasda senatorlar, məclis deputatları, habelə ziyalıların nümayəndələri — universitet professorları, həkimlər və mühəndislər daxil olmaqla iki yüzə yaxın şəxs iştirak etmişdir. Yeni partiyanın proqramı şah hakimiyyətinə sadiqlik və cəmiyyətin yenidən qurulması zərurəti prinsipləri üzərində qurulmuş, həmçinin sənayeləşməyə və iqtisadi inkişafın sürətləndirilməsinə xüsusi önəm verilmişdir. Yaradılmaqda olan sistem çərçivəsində "Milliyun" partiyasının əsas rəqibi elə həmin il təsis edilmiş liberal təmayüllü Xalq Partiyası ("Mərdom") olmuşdur.
Partiyanın adı ictimaiyyəti çaşdırmaq məqsədilə qəsdən bu cür seçilmişdir, çünki "Milliyun" () termini artıq müxalif İran Milli Cəbhəsinin üzvlərini və 1953-cü ildə devrilmiş baş nazir Məhəmməd Müsəddiqin digər tərəfdarlarını ifadə etmək üçün istifadə olunurdu.
Partiyanın lideri Mənuçöhr İqbal, baş katibi isə həkim, şair, yazıçı, natiq və siyasətçi Nüsrətulla Kazimi (həyatı: 1908–1996-cı illər) olmuşdur.
Hər iki partiya sarayın direktivlərinə uyğun fəaliyyət göstərmiş, lakin siyasi plüralizm görüntüsünü qorumaq üçün onlardan biri iqtidar, digəri isə formal müxalifət funksiyasını yerinə yetirirdi. Bu siyasi strukturların institusionallaşması o dərəcədə formal xarakter daşıyırdı ki, hətta onların rəhbərləri və fəal üzvləri təşkilatlar arasındakı proqram fərqlərini müəyyən etməkdə çətinlik çəkirdilər. Belə bir təəssürat yaranırdı ki, hər iki siyasi xadim partiyaları əsasən monarxın iradəsini yerinə yetirmək üçün formalaşdırmış, tərəfdarları isə onlara başlıca olaraq karyera maraqları — vəzifə, imtiyaz və inzibati resurslara çıxış əldə etmək üçün qoşulmuşdular. Bu zaman partiyalar arasında seçim, bir qayda olaraq, şüurlu siyasi mövqeyin nəticəsi deyildi.
İqbalın rəhbərlik etdiyi "Milliyun" və Ələmin rəhbərlik etdiyi "Mərdom" partiyaları formalaşmaqda olan partiya sisteminin əsas elementlərinə çevrilmiş, müəyyən edilmiş siyasi çərçivələr daxilində fəaliyyət göstərmişdilər. Hər iki təşkilat iqtidaryönlü qüvvələr spektrində fərqli mövqelər tutmuş, lakin dövlətin inzibati strukturuna inteqrasiya olunmuşdular. Onların fəaliyyəti siyasi prosesin institusionallaşmasına xidmət etmiş, dövlət aparatındakı vəzifələrin tutulması üçün kadr ehtiyatını təmin etmişdir. Bu partiyalarda, xüsusilə də hakim "Milliyun" partiyasında üzvlük karyera yüksəlişi və ölkənin idarə edilməsində iştirak üçün imkanlar açırdı. Bu, dövlət qulluqçularının və elita nümayəndələrinin kütləvi şəkildə onların sıralarına axınına səbəb olmuşdu. Bu proses dövlət siyasətinin icrası ilə bağlı olan idarəçilər təbəqəsinin formalaşmasına şərait yaratmışdır.
"Milliyun" Partiyasının qarşısında duran əsas vəzifə şah tərəfindən planlaşdırılan və "Ağ inqilab" adı ilə tanınan bir sıra islahatların həyata keçirilməsi idi. Bu islahatlardan ilki aqrar sahəni əhatə etməli idi, lakin 1960-cı ildə Məclisdə aparılan müzakirələr zamanı aqrar islahat layihəsi, o cümlədən "Milliyun" partiyasından olan deputatlar tərəfindən o dərəcədə dəyişdirilmişdir. 1961-ci ildə Əli Əmini hökuməti məclisi buraxmışdır. İdarə olunan ikipartiyalı sistemdən məyus olan şah nəzərdə tutduğu islahatları referendum vasitəsilə həyata keçirmişdir.
Doktor İqbal öz partiyasının məqsədlərinin ictimai təbliği məsuliyyətini müavini vəzifəsini tutan doktor Nəsrulla Qasımiyə tapşırmışdır. Yazıçı və şair kimi tanınan doktor Qasımi əvvəllər şahzadə Əşrəf Pəhləvinin yanında İmperiya təşkilatına və sosial xidmətlərə rəhbərlik etmişdi. Bu vəzifədə o, "Milliyun" partiyasının ideoloji mövqeyinə və ictimai fəaliyyətinə cavabdeh olan əsas fiqura çevrilmişdir.
Eyni zamanda həm baş nazir, həm də hakim "Milliyun" partiyasının lideri vəzifələrini tutan İqbal müsahibələrinin birində bu vəzifələrin birgə icrası və seçkilərin neytrallığının təmin edilməsi barədə suala yayğın cavab vermiş, qərəzsizlik prinsiplərinə sadiqliyi haqqında ümumi vədlərlə kifayətlənmişdir, lakin təcrübədə onun rəhbərliyi altında Tehranda keçirilən seçkilər ciddi qanun pozuntuları ilə müşayiət olunmuşdur. Müasirlərinin qiymətləndirməsinə görə, bu pozuntuların miqyası hətta Səid və Qəvamın baş nazirliyi dövründəki qalmaqallı XV və XVI çağırış Məclis seçkilərini də geridə qoymuşdur. Vəziyyət o dərəcədə ciddi xarakter almışdı ki, şah Senatın iclasının açılışında ölkə üzrə seçki nəticələrinin etibarsız sayıldığını elan etməyə məcbur olmuşdur.
İnstitusional islahatlar siyasətini davam etdirən İqbal hökuməti baş nazirliyinin ikinci ilində parlamentə korrupsiyanın məhdudlaşdırılmasına yönəlmiş bir sıra qanunvericilik təşəbbüsləri təqdim etmişdir. Parlamentin hər iki palatası tərəfindən formal olaraq təsdiqlənməsinə baxmayaraq, bu tədbirlər sistemli dəyişikliklərə səbəb olmamışdır. Həmin dövrün analitikləri bu addımları sistemi real islah etmədən sosial gərginliyi azaltmağa hesablanmış rəmzi güzəştlər kimi qiymətləndirirdilər.
Bu qanunvericilik proqramının əsas elementi deputatların və dövlət məmurlarının dövlət sövdələşmələrində iştirakını qadağan edən qanun olmuşdur. Qanun qəbul edildikdən sonra bir neçə yüksəkrütbəli şəxs istefa vermiş, lakin təcrübədə məmurların dövlət sifarişlərinin bölüşdürülməsinə təsiri onların qohumları və etibarlı şəxsləri vasitəsilə qorunub saxlanılmışdır.
Digər mühüm təşəbbüs icrasına doktor Səccadinin nəzarət etdiyi "gəlir mənbələri haqqında" qanun olmuşdur. Nazirlərdən tutmuş texniki heyətə qədər dövlət qulluqçuları arasında yüz minlərlə bəyannamənin paylanmasına baxmayaraq, yoxlama və sanksiya tətbiqi mexanizmləri heç vaxt yaradılmadı. Mülkiyyətin və gəlirlərin mənşəyi barədə sualların yer aldığı doldurulmuş anketlər real yoxlamadan keçirilmirdi, qanun layihəsinin özü isə tədricən ictimai məsxərə obyektinə çevrilmişdir. Arxiv sənədlərinə görə, hətta doktor İqbalın özü də şəxsi sərvətinin mənbələri barədə inandırıcı izahat təqdim etməmişdir.
"Melliyun" partiyası rəsmi olaraq 1963-cü ilə qədər fəaliyyət göstərmiş və həmin il şahın göstərişi ilə yaradılmış yeni "İrani-Novin" partiyası ilə əvəz olunmuşdur.
Milliyuni-İran
"Milliyuni-İran" () 1940-cı illərdə İranda fəaliyyət göstərmiş və Almaniya kəşfiyyatı ilə əlaqəli olmuş təşkilatdır. Bu qurum "Rusiya bolşevizmi" və "Britaniya imperializmi" ilə mübarizə naminə almanpərəst mövqeyə malik "İran və Almaniya milliyyətçilərini" öz ətrafında birləşdirmişdir. Təşkilatın rəhbər komitəsinin tərkibinə Məhəmməd Vəziri, generallar Seyid Nağıbzadə, Hüseyn Neyvəndi, Seyid Əbülqasim Kaşani və general Fəzlulla Zahidini təmsil edən Əhməd Namdar kimi tanınmış xadimlər, Həbibullah Novbəxtin başçılıq etdiyi bir sıra Məclis deputatları, həmçinin cənub köçəri tayfalarının bir neçə iri mülkədarı və xanı daxil olmuşdur.
Qeydlər
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Milli mühafizəkar partiyalar