Əl-Haris ibn Süreyc ibn Yezid ət-Təmimi (; ) — Xorasanda Əməvilərə qarşı üsyan qaldırmış Murciə lideri, Təmim qəbiləsinə mənsub Əməvi sərkərdəsi.
Həyatı Həyatı haqqındakı məlumatlar 728-ci ildən başlayır. Bu tarixdə üsyan qaldırmış xalqların çıxışlarını yatırmaq üçün Xorasana göndərilmiş Əməvi qüvvələrinə komandanlıq etmiş, Ceyhun çayı sahildə Əməvi ordusunun susuz qalmasının qarşısını almışdır. Həmçinin Buxaraya və Xarəzmə göndərilmiş Əməvi qüvvələrinə də komandanlıq etmişdir.
Daha sonra Əməvilərin İslamı qəbul etmiş yerli xalqlardan cizyə almasına və ərəb olmayanlara qarşı pis münasibətin göstərilməsinə qarşı çıxaraq insanların haqlarını qorumaq məqsədilə hərəkətə keçmiş, Murciəliyin Xorasandakı ən güclü liderlərindən birinə çevrilmişdir. İlk dəfə Mərvdə üsyan qaldıran əl-Haris ibn Süreyc, yerli xalqların da dəstəyi ilə Əməvilərin Bəlx, Mərvər-Ruz və Heratdakı valilərini məğlub edərək bütün Toxaristanı nəzarətə götürmüşdür. O, bölgədəki Əzd, Təmim, Bəkr qəbilələrinin, türklərin və eləcə də Cövzcan, Fəryab və Taliqan əhalisinin də dəstəyini qazanaraq Əməvilərin Mərv valisi Asim ibn Abdullah əl-Hilalinin üzərinə hücuma keçmiş, lakin ondan gözlənilməz məğlubiyyət almışdır. Bu məğlubiyyət nəticəsində Bərk qəbiləsi tərəf dəyişdirərək Asim ibn Abdullah əl-Hilalinin tərəfinə keçmişdir. Sonra yenidən Asim ibn Abdullah əl-Hilalinin üzərinə hücuma keçən əl-Haris ibn Süreyc yenə məğlubiyyətlə üzləşmiş, lakin bir müddətdən sonra Tirmiz şəhərini mühasirəyə almışdır. Bu müddətdə də Asim ibn Abdullah əl-Hilali vəzifədən azad edilərək yerinə Əsəd ibn Abdullah əl-Qəsri təyin edilmişdir.
Əsəd ibn Abdullah əl-Qəsri vali təyin edilməsindən sonra əl-Haris ibn Süreycin üzərinə yürüş etmiş, Mavəraünnəhrə keçərək onu məğlub etmiş və əlindəki şəhərləri geri qaytarmışdır. Bu da onun ordusundakı əsgərlərin üsyan qaldırmasına səbəb olmuş, əl-Haris ibn Süreyc azsaylı tərəfdarları ilə birlikdə Toxaristandakı Təbuşkan qalasına sığınmışdır. Əsəd ibn Abdullah əl-Qəsri, Əzd qəbiləsinə mənsub olan Cüdey ibn Əli əl-Kirmanini onun üzərinə göndərmiş, adamları əl-Haris ibn Süreycə təslim olması üçün təzyiq göstərsələr də, o bunu qəbul etməmişdir. Sığındığı Təbuşkan qalasından qovulan əl-Haris ibn Süreyc Şərqi Toxaristana gedərək Türgiş xaqanı Su-lu ilə görüşmüşdür. Hələ İslamı qəbul etməmiş türklərlə əməkdaşlıq edərək onların dəstəyi ilə Mərvərruz bölgəsini hakimiyyəti altına almışdır. O, həmçinin Amul hakimi Xalid ibn Abdullah əl-Hucrini də öz tərəfinə çəkməyi bacarmışdır.
Bu vaxt vəfat edən Əsəd ibn Abdullah əl-Qəsrinin yerinə Nəsr ibn Səyyar Xorasan valisi təyin edilmişdir (120/738). Bölgədə Cüdey ibn Əli əl-Kirmani təhlükəsi yaranmağa başlayınca vali Nəsr ibn Səyyar onun bu gücünü qırmaq məqsədilə (III Yezidin də icazəsi ilə) uzun müddətdir Samirrada yaşayan əl-Haris ibn Süreycə aman vermiş və onu Mərvə dəvət etmişdir. Əl-Haris ibn Süreyc Nəsr ibn Səyyarın dəvətini müəyyən şərtlərlə qəbul edərək Mərvə qayıtmış (127/745), lakin bir müddətdən sonra onların münasibətləri pozulmuşdur. Baş verən döyüşdə məğlub olan əl-Haris ibn Süreyc, Cüdey ibn Əli əl-Kirmani ilə razılaşaraq Nəsr ibn Səyyarın üzərinə hücuma keçmişdir. Nəticə də məğlub olan Nəsr ibn Səyyar Mərvi tərk etmək məcburiyyətində qalmışdır.
Mərv şəhərini ələ keçirən əl-Haris ibn Süreyc ilə Cüdey ibn Əli əl-Kirmaninin ittifaqı uzun çəkməmiş, əl-Haris ibn Süreycin ordusundakı əzdlilərlə ilə Cüdey ibn Əli əl-Kirmaninin ordusundakı təmimlilər, Nəsr ibn Səyyarın əmri altındakı soydaşları ilə vuruşduqlarına peşman olaraq ordudan ayrılmışlar. Bu iki ordudan ayrılanlar Bişr ibn Cürmuzun rəhbərliyi altında toplanmışlar. Bu hadisədən sonra əl-Haris ibn Süreyc, Cüdey ibn Əli əl-Kirmani ilə etdiyi ittifaqı pozaraq Bişr ibn Cürmuzun tərəfinə keçmiş və münaqişə döyüşlə nəticələnmişdi. Bu döyüşdə əl-Haris ibn Süreyc, Cüdey ibn Əli əl-Kirmaniyə qarşı məğlub olaraq öldürülmüşdür (128/746).
Həmçinin bax
Cəhm ibn Səfvan
İstinadlar
Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:Ərəblərin Mavəraünnəhrə yürüşü Kateqoriya:Əməvilər xilafətinə qarşı üsyanlar Kateqoriya:İslam tarixi Kateqoriya:Üsyan rəhbərləri