Helikobakter — spiral formasına malik olan qram-mənfi bakteriyalar cinsidir. Onlar ilkin olaraq Campylobakter cinsinin nümayəndələri hesab edilirdilər, lakin 1989-cu ildə Goodvin və əməkdaşları yeni Helicobakter cins adını əsaslandırmaq üçün kifayət qədər sübutlar təqdim etdilər. Helicobacter cinsi təxminən 35 növü özündə birləşdirir.

Bəzi növlərin məməlilərin və bəzi quşların yuxarı mədə-bağırsaq traktının selikli qişasında, həmçinin qaraciyərində yaşadığı müəyyən edilmişdir. Bu cinsin ən geniş tanınan növü H. pylori-dir və insan əhalisinin 50 faizinə qədərini yoluxdura bilir. O, həmçinin cinsin tip növü hesab olunur. Bu bakteriyanın bəzi ştammları insanlar üçün patogendir, çünki onlar peptik xoralar, xroniki qastrit, duodenit və mədə xərçəngi ilə güclü şəkildə əlaqələndirilir.

Helicobacter növləri çox turşulu məməli mədəsində yaşaya bilir, çünki onlar böyük miqdarda ureaza fermenti sintez edirlər. Bu ferment lokal olaraq pH səviyyəsini təxminən 2-dən bioloji uyğun 6–7 aralığına yüksəldir. Bu cinsə aid bakteriyalar adətən penisillin kimi antibiotiklərə həssas olurlar, mikroaerofil xüsusiyyət daşıyırlar, yəni optimal oksigen konsentrasiyası 5–14 faiz arasında olur, kapnofil hesab edilirlər və qamçıları vasitəsilə sürətli hərəkət edə bilirlər.

Molekulyar əlamətlər

Müqayisəli genomik analiz Helikobacteraceae ailəsinə məxsus olan və yalnız bu ailədə rast gəlinən 11 zülalın müəyyən edilməsinə səbəb olmuşdur. Bu zülallardan yeddisi ailənin bütün növlərində mövcuddur, qalan dördü isə heç bir Helicobacter ştammında aşkar edilməmiş və yalnız Vollinella üçün spesifik olmuşdur. Bundan əlavə, nadir genetik hadisə nəticəsində bu ailədə rpoB və rpoC genlərinin birləşməsi baş vermişdir ki, bu da ailə üçün xarakterik xüsusiyyət hesab edilir.

Son dövrlərdə yeni mədə növləri — H. suis və H. baculiformis, həmçinin enterohepatik növ olan H. equorum haqqında məlumat verilmişdir. Tibb üçün əsas əhəmiyyət daşıyan növ H. pylori olsa da, təbii olaraq məməlilərdə və quşlarda yaşayan H. pylori olmayan növlər də insanlardan götürülmüş klinik nümunələrdə aşkar edilmişdir. Bu növlər mədə və enterohepatik olmaqla iki qrupa bölünür və müxtəlif orqan spesifikliyi göstərirlər.

Vacib məqamlardan biri odur ki, H. hepaticus, H. mustelae və ehtimal ki H. bilis kimi bəzi növlər heyvanlarda kanserogen potensial nümayiş etdirirlər. Onlar çoxlu virulentlik genləri daşıyır və yalnız heyvanlarda deyil, insanlarda da xəstəliklər törədə bilirlər. H. suis, H. felis, H. bizzozeronii və H. salomonis kimi mədə növləri insanlarda xroniki qastrit və peptik xoralarla, həmçinin H. pylori ilə müqayisədə daha yüksək MALT limfoma riski ilə əlaqələndirilmişdir.

Enterohepatik növlər H. hepaticus, H. bilis və H. ganmani — PCR üsulu ilə aşkar edilmişdir, lakin hepatobiliar xəstəlikləri olan xəstələrin nümunələrindən hələ tam şəkildə izolə edilməmişdir. Bundan başqa, onların Kron xəstəliyi və xoralı kolitlə əlaqəli ola biləcəyi düşünülür. Quş mənşəli helicobakterlərin — H. pullorum, H. anseris və H. brantae — əhəmiyyəti də geniş şəkildə qiymətləndirilmişdir. H. cinaedi və H. canis xüsusilə immun sistemi zəifləmiş və heyvanlarla təmasda olan xəstələrdə ağır infeksiyalar yarada bilər.

Qısaca olaraq, bu növlərin baytarlıq və insan təbabətində rolu getdikcə daha çox tanınır. Hələ kultivasiya edilməmiş növlərin izolə olunması, antibiotik müqaviməti, infeksiyaların müalicə sxemləri, patogenez və insanlarda mümkün kanserogenez kimi bir sıra digər məsələlərin də araşdırılması vacib hesab olunur.

H. heilmannii sensu lato

Helicobacter heilmannii sensu lato, yəni H. heilmanni s.l., H. pylori olmayan Helicobacter növlərinin qrupudur və bu qrupun müəyyənedici xüsusiyyətlərindən biri onların H. pylori kimi mədə iltihabı, mədə xorası, onikibarmaq bağırsaq xorası, limfoma olmayan mədə xərçəngləri və mədənin ekstranodal marginal B-hüceyrəli limfomasının inkişafı ilə əlaqəli olmasıdır.

Əksər klinik tədqiqatlarda bu xəstəliklərlə əlaqəli olan konkret H. heilmannii növü müəyyən edilməmiş və buna görə həmin növlər ümumi şəkildə H. heilmanni s.l. kimi qeyd edilmişdir. Lakin daha ətraflı araşdırmalar göstərmişdir ki, bəzi xəstələrdə bu xəstəliklərlə əlaqəli olan növlər Helicobacter bizzozeronii, Helicobacter felis, Helicobacter salomonis, Helicobacter suis və Helicobacter heilmannii s.s. olmuşdur.

H. heilmannii sensu lato ilə əlaqəli yuxarı mədə-bağırsaq sistemi xəstəliklərinin, xüsusilə də mədənin ekstranodal marginal zona limfomasının əlaqəsini tanımaq vacibdir. Çünki bu xəstəliklərin bəziləri həmin H. heilmannii sensu lato növlərinə qarşı yönəlmiş antibiotik əsaslı müalicə rejimləri ilə uğurla müalicə edilmişdir.

H. heilmanni s.l. ilə əlaqəli insan xəstəliklərinin ev heyvanlarından və kənd təsərrüfatı heyvanlarından keçdiyi düşünülür və buna görə onlar zoonotik xəstəliklər hesab edilir.

İstinadlar

Kateqoriya:Nəcis testi ilə diaqnoz qoyulan şərtlər