Klara Anna Luiza Kalniņa (Veylande) (; ) — Latviyalı sufrajist və feminist. O, Latviya Sosial-Demokrat Fəhlə Partiyasının aktivisti və onun Mərkəzi Komitəsinin üzvü olub. 1920–1922-ci illərdə Latviya Müəssislər Məclisinin deputatı, 1923-cü ildən isə Qadın Sosialist İnternasionalının üzvü idi. Həyatı Klara Anna Luiza Kalniņa 24 fevral 1874-cü ildə Kurlandiya quberniyasının Doblen qəzasındakı Vinçi kəndində kəndli ailəsində anadan olub. 1887–1890-cı illər arasında Yelqavadakı dördillik qadın məktəbində təhsil alıb və artıq erkən yaşlarından emansipasiya və qadın hüquqları məsələləri ilə maraqlanmağa başlayıb. Məktəbdə tədris alman dilində aparılıb. Baltik almanlarından olan müəllimlər latışların təhsil almasını dəstəkləməmiş, daha çox "almanlığı" təbliğ etməyə çalışıblar. Klara Veylande sonralar bu barədə belə yazıb: "Mən isə əksinə, latış olduğumu vurğulamağa can atırdım". Qadınların təhsilinə gəldikdə, nəinki alman müəllimlər, hətta latış ziyalıları da qadınların ali təhsil almasının və kişilərlə bərabər hüquqlara sahib olmasının ailə dəyərlərinə zərər vurduğunu düşünüblər.

XX əsrin əvvəllərində qadınların bərabər hüquqlar uğrunda mübarizəsi tələbələr arasında populyarlıq qazanmağa başlayıb. Veylande digər latış tələbələrlə birlikdə "Austra" (Səhər şəfəqi) adlı ədəbi qrup təşkil edib. Bu qrupun məqsədi qadınlara qarşı hökm sürən ayrı-seçkilik baxışlarına, həmçinin alman burjua modelinin "4 K" prinsipinə — "Kinder, Küche, Kirche, Kleider" (Uşaqlar, mətbəx, kilsə, paltar) — qarşı mübarizə aparmaq olub. 1894-cü ildə Klara Veylande yeni açılmış Yelqava qadın gimnaziyasının altıncı sinfinə qəbul edilib və 1897-ci ildə oradan məzun olub. Eyni zamanda o, gənc latışların "Jaunā Strāva" (Yeni axın) hərəkatında və fəhlə təhsil qruplarının toplantılarında fəal iştirak edib. Xatirələrində qeyd etdiyi kimi, qadınları bu qruplara cəlb etmək çətin olub, çünki onlar həm işdə, həm də evdə daşıdıqları "ikiqat yük" səbəbindən buna vaxt tapa bilməyiblər.

Şəxsi həyatı 1895-ci ildə Veylande Tartu Universitetinin tibb fakültəsinin tələbəsi Pauls Kalnınyış ilə tanış olub. Pauls onun həyatının məhəbbətinə çevrilmiş və onlar 1898-ci ildə ailə qurublar. Siyasi fəaliyyəti və mühacirət illəri 1890-cı illərin sonları bütün Rusiya imperiyasında gənclər hərəkatına və ziyalılara təsir edən yeni ideoloji cərəyanların ortaya çıxdığı bir dövr olub. Latviyada bu yeni ideyalar Almaniyadan gətirilən qeyri-qanuni sosialist ədəbiyyatından, eləcə də rəsmi Almaniya və Rusiya dövri nəşrlərindən mənimsənilib. Klara Kalniņa həyat yoldaşı ilə birlikdə ilk sosial-demokrat qruplarının görüşlərində iştirak edib. Daha sonra, bir çox gənc latış qadınları kimi, o da təhsilini davam etdirmək üçün Sankt-Peterburqa yollanıb. Xatirələrində qeyd etdiyi kimi, stomatologiya sahəsində onun fəlsəfə və sosial elmlərə olan marağı ilə uzlaşan heç nə olmayıb. Kalniņa Sankt-Peterburqda sosial-demokratların fəaliyyətində yaxından iştirak edib, lakin 1896-cı ildə maddi çətinliklər üzündən paytaxtdakı təhsilindən imtina etmək və evə qayıtmaq məcburiyyətində qalıb.

1901–1903-cü illər arasında Kalniņa Kurlandiya quberniyasında sosial-demokrat qrupunun təşkilində fəal iştirak edib. 1903-cü ildə cütlük Rusiyadan Almaniyaya, daha sonra isə İsveçrəyə mühacirət edib. Rusiyada 1905–1907-ci illər inqilabı zamanı onlar dərhal Latviyaya qayıdıb və burada inqilabın, repressiyaların və sonrakı əks-inqilabın şahidi olublar. 1906-cı ildə yenidən mühacirət ediblər, lakin sonradan Latviya Sosial-Demokrat Fəhlə Partiyası (LSDSP) tərəfindən inqilabi fəaliyyətdə iştirak etmək üçün geri dəvət olunublar. 1907-ci ildə Klara Kalniņa "Cīņa" (Mübarizə) qəzetinin redaksiya heyətinə qoşulub, 1911–1914-cü illərdə isə digər sosial-demokrat qəzetlərində hüquq məsləhətçisi kimi çalışıb.

Parlament fəaliyyəti 1917-ci ildə o, Riqa Şəhər Dumasında LSDSP-ni təms edib. 1918–1922-ci illər arasında partiyanın Mərkəzi Komitəsinin üzvü olub. 18 noyabr 1918-ci ildə Riqadakı Rus Teatrında Latviyanın müstəqilliyinin elan edildiyi tarixi iclasda iştirak edib. 1920-ci ildə Latviya Müəssislər Məclisinin deputatı seçilib. Bununla da o, ölkənin ilk parlamentinin beş qadın üzvündən biri (Aspaziya, Apoloniya Laurinoviça, Valerija Seile və Berta Vesmane ilə birlikdə) kimi tarixə düşüb. 1922-ci ildə Latviya Respublikasının Konstitusiyası qəbul edildikdən və yeni qanunverici orqan olan Seym formalaşdıqdan sonra Müəssislər Məclisi buraxılıb. Kalniņa öz xatirələrində parlament və partiyanın ali eşelonlarındakı siyasi işinin bununla başa çatdığını qeyd edib. Partiya rəhbərliyi eyni ailədən üç nəfərin (Pauls, oğlu Bruno və Klara) namizədliyinin irəli sürülməsini düzgün hesab etməyib. Bu səbəbdən onun namizədliyi geri götürülüb. Seçkilər zamanı seçicilər siyahılardakı qadın namizədlərin, o cümlədən Aspaziyanın adını qaralayıblar.

1920-ci illərdə Klara Kalninanın fəaliyyəti bir qədər arxa plana keçsə də, o, uzun müddət LSDSP-nin Riqa Komitəsinin üzvü olaraq qalıb. Partiyanın qadınlar bölməsini təsis edib və ona rəhbərlik edib, həmçinin Riqa Dumasının Səhiyyə Komitəsində çalışıb. Bir çox illər ərzində Həmkarlar İttifaqlarının Birləşmiş Şurasının üzvü olub və sosialist internasiyonalının müxtəlif konqreslərində (Hamburq, Marsel, Brüssel) partiyasını təmsil edib. 1923-cü ildə Beynəlxalq Sosialist Qadınlar Təşkilatına seçilib, 1930-cu ildə isə onun rəyasət heyətinə daxil olub.

1923–1930-cu illərdə "Darba Sieviete" (İşçi qadın) jurnalının baş redaktoru kimi fəaliyyət göstərib. O, bir neçə mühüm sosialist mətnini latış dilinə tərcümə edib: Karl Kautskinin "Sosializm və müstəmləkə siyasəti"; Karl Marksın "Fransada vətəndaş müharibəsi"; Avqust Bebelin "Qadın və sosializm".

Bundan əlavə, "Jaunais Laiks" (Yeni zaman) jurnalında mütəmadi olaraq məqalələri dərc olunub. 1934-cü ildə Karlis Ulmanisin diktatura rejimi elan edildikdən sonra Klaranın həyat yoldaşı və oğlu həbs edilib. Daha sonra həyat yoldaşı Avstriyaya, oğlu Bruno isə Finlandiyaya mühacirət edib. Latviyanın alman işğalı dövründə o, gizli fəaliyyət göstərən Latviya Mərkəzi Şurasının işində iştirak edib. 1945-ci ildə həyat yoldaşının vəfatından sonra İsveçrəyə mühacirət edib və 1964-cü ildə dünyasını dəyişənə qədər orada latış mühacir icmasında sosial-demokratik siyasi fəaliyyətini davam etdirib.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər