şəkil|thumb|300px|Sənətlər körpüsü tərəfdən Fransa İnstitutunun binasına mənzərə
Fransa İnstitutu () — Fransanın beş milli akademiyasını birləşdirən əsas rəsmi elmi müəssisəsidir. İnstitutun tərkibinə aşağıdakı akademiyalar daxildir: Fransa Akademiyası () — 1635-ci ildə kardinal Rişelyenin təşəbbüsü ilə fransız dili və ədəbiyyatını təkmilləşdirmək məqsədilə təsis edilmişdir. Akademiyanın 40 üzvü var və onlar "ölməzlər" () adlanırlar. Yazılar və Bədii Ədəbiyyat Akademiyası () — 1663-cü ilin fevralında Jan Batist Kolber tərəfindən ilkin olaraq XIV Lüdovikin şərəfinə abidələr və medallar üzərində yazılar hazırlamaq üçün yaradılmışdır. Sonradan tarix, arxeologiya və dilçilik sahəsində çalışan humanitar alimləri birləşdirmişdir. Akademiya rəsmi statusunu 1701-ci ildə almışdır.Jean Leclant. Histoire de l'Académie des Inscriptions et Belles-Lettres . Hazırda akademiyanın 55 fransız, 40 xarici üzvü, həmçinin 50 fransız və 50 xarici müxbir üzvü var.Membres de l'Académie des Inscriptions et Belles-Lettres . Fransa Elmlər Akademiyası () — 1666-cı ildə Jan Batist Kolberin təklifi ilə XIV Lüdovik tərəfindən riyaziyyat, təbiət elmləri və tibb sahələri üzrə tədqiqatlar üçün təsis edilmişdir. Fransa İncəsənət Akademiyası () — 1803-cü ildə Fransa Boyakarlıq və Heykəltəraşlıq Akademiyası (1648), Fransa Musiqi Akademiyası (1669) və Fransa Memarlıq Akademiyasının (1671) birləşməsi nəticəsində yaradılmışdır. Rəsmi statusunu 1816-cı ildə almışdır. Hazırda akademiyada kinematoqrafiya və fotoqrafiya bölmələri də fəaliyyət göstərir. Akademiyanın 57 yerindən (kreslosundan) 2010-cu il yanvarın 1-nə olan məlumata görə 48-i doludur. Fransa Mənəvi və Siyasi Elmlər Akademiyası () — 1795-ci ildə yaradılmış, 1803-cü ildə fəaliyyəti dayandırılmış və 1832-ci ildə bərpa edilmişdir. Hazırda aşağıdakı bölmələri var: fəlsəfə; mənəvi elmlər və sosiologiya; qanunvericilik, ictimai hüquq və yurisprudensiya; siyasi iqtisad, statistika və maliyyə; tarix və coğrafiya; ümumi bölmə.
Tarixi
Kardinal və nazir Xulio Mazarini 6 mart 1661-ci il tarixli vəsiyyətnaməsində gənc kral XIV Lüdovikə Vesfaliya (1648) və Pireney sülhü (1659) müqavilələri nəticəsində krallığa birləşdirilmiş əyalətlərdən (bunlar Artua, Elzas, Pyemont və Rusilyon idi) olan altmış zadəgan nəsli nümayəndəsi üçün kollec tikilməsinə böyük vəsait (iki milyon livr) vəsiyyət etmişdi. Məhz bu dörd əyalətin şərəfinə təhsil müəssisəsi "Dörd Millət Kolleci" adını almışdı. Mazarini kollecin kapellasında dəfn olunmasını istəmiş (sələfi kardinal Rişelyenin Sorbonnada dəfn olunduğu kimi), həmçinin şəxsi kitabxanasını gələcək kollecə vəsiyyət etmişdi.
Fransanın birinci naziri Jan Batist Kolber binanın planlarını hazırlamağı kral memarı Lui Levoya tapşırmış və binanın Senanın digər sahilində, Luvr sarayı ilə üzbəüz yerləşdirilməsini təklif etmişdi. Tikinti işləri 1661–1668-ci illər arasında həyata keçirilmişdi. Mazarini kitabxanası 1691-ci ildə kollec binasının şərq qanadında ictimaiyyət üçün açılmışdır.
Böyük Fransa inqilabı zamanı, 1791-ci ildə kral kolleci bağlandı. 1796-cı ildən etibarən binada ardıcıl olaraq Parisin üç ali "Birləşmiş məktəb"indən biri (), sonra həbsxana, İctimai Təhlükəsizlik Komitəsinin iqamətgahı, daha sonra Ali Mərkəzi Məktəb () və nəhayət İncəsənət Məktəbi yerləşmişdi. 1805-ci ildə imperator Napoleon Bonapartın qərarı ilə Fransa İnstitutu yeni yaradılmış imperator muzeyinə verilən Luvru tərk edərək keçmiş Dörd Millət Kollecinin binasına köçmüşdür. Napoleon binada beş akademiyanın (elmlər, ədəbiyyat, incəsənət, humanitar və siyasi elmlər) birləşməsi nəticəsində yaranan Fransa İnstitutunu yerləşdirmişdir. 1862-ci ildən bina rəsmi olaraq Fransa tarixinin abidəsi hesab olunur.
İnstitut
Böyük Fransa inqilabına qədər ölkədə beş müstəqil akademiya mövcud idi: Fransa Akademiyası, Yazılar və Medallar Akademiyası, Təbiət Elmləri Akademiyası, Rəngkarlıq və Heykəltəraşlıq Akademiyası və Memarlıq Akademiyası. Onlar Milli Konvent tərəfindən 1793-cü ildə ləğv edilmişdir.
Milli Elm və İncəsənət İnstitutu 22 avqust 1795-ci il tarixli Fransa Konstitusiyasının 298-ci maddəsinə müvafiq olaraq "kəşflərin yığılması və incəsənət və elmlərin təkmilləşdirilməsi" üçün təsis edilmişdir. 25 oktyabr 1795-ci il tarixli qanunvericilik aktı (Fransa İnstitutunun əsasının qoyulduğu tarix hesab olunur) ilə üç sinif (bölmə) yaradılmışdır: fizika və riyaziyyat, mənəvi və siyasi elmlər, ədəbiyyat və incəsənət.
Konsulluq dövründə Napoleon Bonapartın 1803-cü il dekreti ilə mənəvi və siyasi elmlər sinfi bağlanmış, ədəbiyyat və incəsənət sinfinin əvəzinə isə üç yeni sinif təsis edilmişdir: fransız dili və ədəbiyyatı, qədim tarix və ədəbiyyat, incəsənət. 1806-cı ildə Milli Elm və İncəsənət İnstitutu Fransa İnstitutu adlandırılmışdır. 1816-cı ildə siniflər yenidən akademiya adını almışdır. 1832-ci ildə kral I Lui-Filippin qərarı ilə Fransa İnstitutunun tərkibində Mənəvi və Siyasi Elmlər Akademiyası bərpa edilmiş və İnstitutun strukturu bu günə qədər mövcud olan beş akademiya formasını almışdır.
Fəaliyyəti
Fransa İnstitutunun əsas fəaliyyət sahələrinə elmi materialların nəşri, kitabxanaların, muzeylərin, tarixi binaların və abidələrin mühafizə edilib saxlanılması, həmçinin 1000-ə yaxın müxtəlif fondun idarə edilməsi və milli təhsil sistemi ilə qarşılıqlı əlaqə daxildir. İnstitut tərəfindən müxtəlif mükafatlar və qrantlar təqdim olunur ki, onların ümumi məbləği 2006-cı il üçün təxminən 12 milyon avro təşkil etmişdir. İnstitutun nəzdində "Canal Académie" adlı internet radio kanalı yaradılmışdır.
Ümumi məsələlərin müzakirəsi üçün rübdə bir dəfə bütün akademiyaların ümumi iclası keçirilir. Hər bir akademiyanın öz iclasında qəbul etdiyi yeni üzvlərin seçilməsi ilə bağlı qərarlar Fransa Prezidenti tərəfindən təsdiq edilir.
İstinadlar
Kateqoriya:Fransa İnstitutu Kateqoriya:Paris təşkilatları