Dominant partiyalı sistem, Dominant partiya sistemi, Hakim partiyalı sistem, Hakim partiya sistemi, (), yaxud Bir yarım partiyalı sistem () — bir ölkə daxilində bir siyasi partiyanın digər bütün partiyalardan daha güclü olması və geniş səlahiyyətlərə sahib olması vəziyyətidir. Bu sistem müasir dövrdə bir çox ölkədə mövcuddur.

Müəyyənedici xüsusiyyətləri

Hakim partiya sistemi çoxpartiyalı rejimlərə xas olan bir təcrübədir. Dəqiq bir zaman məhdudiyyəti olmasa da, bir ölkədə bir siyasi partiya təxminən on il və daha uzun müddət hakimiyyətdə qalarsa, həmin ölkədə dominant partiya rejiminin olduğu qəbul edilir.

Sistemin fəaliyyətində birdən çox partiya qanuni olaraq mövcuddur və qismən də olsa bərabər şərtlər daxilində fəaliyyət göstərirlər. Yəni əslində çoxpartiyalı və plüralist bir mühit vardır. Lakin partiyalardan biri yığdığı səs və parlamentdə qazandığı çoxluq baxımından digərlərindən qat-qat güclü və üstündür. Bu vəziyyət davamlı xarakter aldıqda "hakim (dominant) partiya" ortaya çıxır. Kiçik partiyalar da müxalifət vəzifələrini (hegemon sistemdən fərqli olaraq) sərbəst şəkildə yerinə yetirirlər. Lakin hakim partiyanın gücünə görə hakimiyyət uzun müddət dəyişmir. Buna nümunə olaraq Hindistanda uzun müddət hakimiyyətdə olan Hindistan Milli Konqres Partiyasını göstərmək mümkündür.

Bəzi hakim partiyalar xalqın səsini qazanaraq, hər hansı məcburiyyət və ya zorakılıq olmadan demokratik yollarla hakimiyyətdə qalırlar (Məsələn, bəzi Asiya ölkələri və nadir hallarda bir neçə Avropa ölkəsi). Digər tərəfdən isə bəzi ölkələrdəki hakim partiyalar avtoritar mövqe nümayiş etdirərək hakimiyyətlərini davam etdirirlər. Avtoritar dominant partiyalar öz mövqelərini hifz etmək üçün dövlət resurslarından partiya məqsədləri üçün istifadə etmək, müxalifləri sıxışdırmaq və ya seçki prosesinə müdaxilə etmək kimi metodlara əl ata bilərlər. Lakin bu, hər hakim partiyanın mütləq avtoritar olması demək deyil. Milli müstəqillik, iqtisadi yüksəliş və ya müasirləşmə kimi dəyərlər ətrafında xalqın dəstəyini qazanan nümunələr olduqca çoxdur. Ən maraqlı nümunələrdən biri, kiçik bir ada dövləti olan Samoada 1982-ci ildən bəri hakimiyyətdə olan İnsan Hüquqlarını Müdafiə Partiyasıdır.

İstinadlar

Kateqoriya:İdarəetmə formaları Kateqoriya:Siyasi sistemlər Kateqoriya:Siyasi fəlsəfə anlayışları Kateqoriya:Siyasi partiya sistemləri Kateqoriya:Seçkilər Kateqoriya:Avtoritarizm Kateqoriya:Unitar dövlətlər