Xürrəmşəhr döyüşü, İranda Xürrəmşəhrin azad edilməsi () kimi tanınır — İran-İraq müharibəsi zamanı 24 may 1982-ci ildə Xürrəmşəhr şəhərinin İran tərəfindən geri alması. Şəhər müharibənin əvvəlində, 26 oktyabr 1980-ci ildə, İraqın İrana hücumundan qısa müddət sonra iraqlılar tərəfindən ələ keçirilmişdi. Şəhərin uğurla geri alınması İranın Beytül-Müqəddəs əməliyyatının bir hissəsi idi. Bu hadisə müharibədə dönüş nöqtəsi sayılır və şəhərin azad edilməsi hər il 24 mayda İranda qeyd olunur.

Döyüş İranın Xürrəmşəhr şəhəri ələ keçirildikdən sonra, 1982-ci ilin aprel ayına qədər İraqın nəzarəti altında qaldı. Həmin il iranlılar Xuzistan ostanının işğal olunmuş hissələrini geri almaq üçün Beyt əl-Müqəddəs əməliyyatını başladılar. Əməliyyatın ilkin mərhələsi 24 aprel - 12 may 1982-ci il tarixləri arasında baş tutdu və təxminən 70.000 quru qoşun əsgəri və inqilab keşikçilərindən ibarət idi. Onlar İraq qüvvələrini Əhvaz-Süsəngird ərazisindən sıxışdırıb çıxardılar və çoxlu itki verdilər. İraqlılar Xürrəmşəhrə geri çəkildilər və 20 mayda iranlılara qarşı qüvvətli əks-hücuma başladılar, lakin bu hücum uğursuz oldu. İran daha sonra Xürrəmşəhrə tammiqyaslı hücuma keçdi və Pol-e-Nou və Şalamçe bölgələrindəki iki İraq müdafiə xəttini yardı. İranlılar Şəttül-Ərəb (İranda Ərvəndrud kimi tanınır) su yolunun yaxınlığında cəmləşərək Xürrəmşəhri mühasirəyə aldılar və iki gün davam edən gərgin və qanlı döyüşlərdən sonra 24 may 1982-ci ildə şəhəri geri aldılar.

İraq ordusu tərəfindən inşa edilən və Bovarin və Umm Rasas adalarını Ərvənd çayının cənub sahili ilə birləşdirən səyyar körpü İran İslam Respublikasının döyüşçüləri tərəfindən istifadəyə yararsız hala gətirildi və İraq qüvvələri ondan daha istifadə edə bilmədilər. Şalamçe yolundakı maneə ilə qarşılaşan İraq əsgərləri zehni sarsıntı keçirdilər və bu da onları təslim olmağa məcbur etdi.The untold story of the liberation of Khorramshahr Retrieved 29 April 2024

Nəticəsi və mirası XürrəmşəhrI geri alarkən iranlılar artıq ruhdan düşmüş İraq ordusunun təxminən 19.000 əsgərini əsir götürdülər. Səddam Hüseyn məğlubiyyətdən və iranlıların ağır itkilərə baxmayaraq irəliləməsindən şoka düşmüş və qəzəblənmişdi. İranlılar iraqlıları geri qovmaq üçün hətta ehtiyatda olan hərbiçiləri də səfərbər etmişdilər. Məğlubiyyətdən sonra Səddam Hüseyn 9-cu Zirehli Diviziyanın komandiri kimi bir neçə yüksək vəzifəli generalını edam etdi.

Xürrəmşəhrin azad edilməsindən üç gün sonra İran-İraq müharibəsində BMT-nin tələbi ilə atəşkəs elan edilməsinə çağırışlar edildi və hər iki ölkənin rəsmiləri belə bir ehtimalı müzakirə etməyə başladılar.

İranda hər il 24 mayda Xürrəmşəhrin azad edilməsinin ildönümü qeyd olunur.

İranın hava hücumundan müdafiə sistemi olan "Sevom Xordad" döyüşün şərəfinə adlandırılmışdır.

Populyar mediada Xürrəmşəhrin azad edilməsi bir sıra müharibə dövrü filmlərinin, o cümlədən Homayun Purmandın "Başqa bir böyümə" (1982), İİKK Televiziya Bölməsinin "Xürrəmşəhrin geri alınması" (1983) sənədli filminin və Kiyumərt Monazzanın "Qırx şahid - İkinci hekayə: Xürrəmşəhrin azad edilməsi" (1983) filminin mövzusu olmuşdur.

Qulam Koveytipurun məşhur kədərli fars mahnısı olan "Məmməd Nəbudi" (ممد نبودی, mənası "Məmməd, sən orada deyildin [şəhərin azad edilməsini görmək üçün]"), Xürrəmşəhr iraqlıların əlinə keçdikdə onu tərk edən sonuncu iranlılardan biri olan İnqilab Keşikçiləri komandiri Məhəmməd Cahanara haqqındadır. O, sonradan Abadan mühasirəsində döyüşmüş və Xürrəmşəhri geri almaq üçün İran qüvvələrinə rəhbərlik etmişdir, lakin şəhərin azad edilməsindən əvvəl 24 mayda təyyarə qəzasında həlak olmuşdur.

İstinadlar

Kateqoriya:Xürrəmşəhr şəhristanı Kateqoriya:İran-İraq müharibəsi Kateqoriya:İrandakı döyüşlər